BolgeXeber.Com » Xəbərlər » Bəzi seçki dairələrində şıdırğı “namizəd bazarlığı” – 10 min manatdan başlayan qiymətlər!

Bəzi seçki dairələrində şıdırğı “namizəd bazarlığı” – 10 min manatdan başlayan qiymətlər!

22-10-2015, 09:09
Oxunub: 3 119 Bəzi seçki dairələrində şıdırğı “namizəd bazarlığı” – 10 min manatdan başlayan qiymətlər!Bəzi namizədlərin isə yerli inzibati strukturların təzyiqi qarşısında davam gətirə bilməyib namizədlikdən əl çəkdikləri istisna edilmir

1 noyabr seçkiləri yaxınlaşdıqca ölkə boyu deputatlığa namizədlərin geri çəkilməsi prosesi də sürətlənir və kütləviləşir. Ən son məlumatlara görə, onların sayı 400-ü keçib.

Qaynar.info-nun məlumatına görə, bunun bir neçə səbəbi var. Səbəblərdən biri bəzi namizədlərin öz real potensialını düzgün qiymətləndirərək, əlavə xərcə çəkmək istəməmələridir, necə deyərlər, “ziyanın yarısından qayıtmaq da xeyirdir”.

Bundan başqa, əvvəlcədən namizədliyini sona doğru hansısa güclü namizədin xeyrinə geri götürərək, onun adı ətrafında ajiotaj, “dəstək şousu” yaratmağa hesablayanlar da var. Belələri əvvəlcədən öz namizədliyini “həllediici namizəd”lə razılaşdırır, daha doğrusu, məhz onun istəyi ilə prosesə qoşulurlar.

Bəzi namizədlərin isə yerli inzibati strukturların təzyiqi qarşısında davam gətirə bilməyib namizədlikdən əl çəkdikləri istisna edilmir. Deputatlığa namizədlər üçün pulsuz efir vaxtı ayrılmamasıntan tutmuş sağlam, demokratik seçki rəqabətinin olmamasına etiraz əlaməti kimi prosesdə iştirakdan imtina edənlər də az deyil.

Həlledici səbəblərdən biri isə bəzi seçki dairələrində deputatlığa aparıcı namizədlərin öz rəqibləri ilə sövdələşəyə başlamalarıdır. Əldə etdiyimiz məlumata görə, bir sıra deputatlığa namizədlər öz güclü rəqibləri ilə müəyyən məbləğ qarşılığında razılaşırlar. Deyilənlərə inansaq, öz namizədliyini hər hansı aparıcı namizədin xeyrinə geri götürmək üçün 10 min, 20 min və hətta bundan yüksək qiymətə anlaşanlar kifayət qədərdir.

Bir sıra şəxslər hətta sırf bu cür bazarlıqlar üçün deputatlığa namizəd olurlar. Onlar qələbəsi daha real görünən namizədlərin seçki dairəsindən rəqib olmağa üstünlük verir, bu zaman həmin namizədlərin maddi imkanlarını da öncədən ölçüb-biçirlər.

Qarşıdakı günlərdə sadalanan səbəblərə görə, namizədliyini geri götürənlərin sıralarının daha da genişlənəcəyini təxmin etmək mümkündür.