BolgeXeber.Com » Xəbərlər » Ayağıqaloşlu bakılılar...

Ayağıqaloşlu bakılılar...

24-10-2015, 14:08
Oxunub: 2 619 Ayağıqaloşlu bakılılar...“Dayanacağa qədər gedib avtobusa minəndə ayaqqabımızı dəyişirik. Ya da gərək ayağımıza sellofan bağlayaq”

Bolgexeber.com bildirir ki,bu barədə “Azadlıq” radiosuna Bakının Binə qəsəbəsinin sakinlərindən şikayət daxil olub.

Binədə Atçılıq Mərkəzinin yaxınlığında yaşayan sakinlər deyirlər elə ki yağış yağdı, rezin çəkmə, ya da qaloş geyməli olurlar.

Qəsəbə Mərdəkan şosesinin üstündə yerləşir. 11 ildir burada yaşayan Mahmud Xəzri problemlərini sadalayır: “Cana doymuşuq. Yığışıb yola görə icra hakimiyyətinə, avtobusa görə Nəqliyyat Nazirliyinə də getmişik. Yollar o qədər çala-çuxur, palçıqlıdır ki, evdən qaloşla çıxırıq, dayanacağa qədər gedib avtobusa minəndə dəyişirik. Ya da gərək ayağımıza sellofan bağlayaq”.

M.Xəzrinin sözlərinə görə, nəqliyyatdakı intellektual idarəçilik hələ bu əraziyə gəlib çatmayıb: “Avtobuslarımızda həminki basabas, həminki əziyyətdir... Bir az yağış yağdı, soyuq düşdü, interval pozulur. Şəhərə getmək üçün iki avtobus dəyişirdiksə, indi eyni yolu getmək üçün gərək 3-4 avtobus dəyişəsən. İndi də cibimizi soymağın başqa yolunu tapıblar. Guya qiyməti qaldırmırlar, ancaq dünən bir avtobusla getdiyin yolda bu gün üç avtobus dəyişirsən”.

Digər sakin Mənsurə Xəlilova deyir ki, qış yaxınlaşır, qazın təzyiqi yavaş-yavaş azalır: “Bir az da hava soyusun, uzun-uzadı fasilələr yaranacaq. Mən keçən il evimizi Qubadan maşının yük yerinə vurub gətirdiyim odunla qızdırırdım”.

M.Xəlilova deyir binəlilər Bakıətrafı kəndlərin, qəsəbələrin sosial vəziyyətinin, infrastrukturunun yaxşılaşdırılması üçün büdcədən ayrılan vəsaitlər də xəbərdardırlar. Elə ona görə də onlar xahiş yox, tələb edirlər: “Yolları düzəltsinlər, nəqliyyat problemini yoluna qoysunlar, qazı, işığı normasında versinlər. Çıxıb ayda bir dəfə izahat versinlər ki, niyə bu problemləri yoluna qoya bilmirlər. Səbəbini desinlər. Bəlkə elə onlara yaxşı təkliflər verəcəyik. Axı xalqın da fikri nəzərə alınmalıdır. Hərəsi bir küpə salıb başını, xımır-xımır yeyir. Hamısını da xalqın adından yeyir. Biri yol çəkmək adı ilə, o biri nəqliyyatda intellektual idarəetmə bəhanəsi ilə. Bizsə bunların heç birini görmürük”.

Səmayə Hüseynova da qışı arzulamayan sakinlərdəndir: “Əlim göydədir ki, Allah yağış, qar göndərməsin. Uşaqları məktəbə göndərə bilmirəm”.

Bəybala Məcidov deyir ki, arabir sakinlər özləri pul toplayıb məhəllədaxili yollara əl gəzdirirlər. Ancaq bu, yetərli deyil: “Traktor gətizdiririk, yolu hamarlatdırırıq, ancaq bir dəfə güclü yağış yağan kimi yenə bərbad hala düşür. O gün möhkəm yağış yağdı, əziyyətimiz hədər oldu. Çünki bu yollar əsaslı düzəldilməldir. Sakinlərin hesabına yox”.

Sakinləri narahat edən daha bir məsələ küçələrdə zibil qutularının olmamasıdır. Deyirlər, buna görə də kimisi zibili kisə ilə maşınının yük yerinə qoyub kənara aparır. Maşını olmayansa elə sellofanlara yığıb məhəllələrin künc-bucağına atır.

Bir də deyirlər, burada məktəb çatışmazlığı var. Ərazidə məktəb olmadığına görə uşaqlar körpünün o tayındakı köhnə Binənin məktəbinə getmək məcburiyyətindədilər. Yaşadıqları ərazidə məktəb tikilməsini arzulayırlar.

Xəzər Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, həmin ərazidəki evlərin çoxu sənədsizdir. Bu səbəbdən də əksər hallarda sakinlərin bəzi problemlərinin həllində dövlət qurumlarının əl-qolu bağlanır. Bununla belə, Heydər Əliyev Fondu ərazidə uşaq bağçası tikir. Bağçaya 22 kilometr uzunluğunda yol çəkiləcək.

Məktəbə gəlincə isə bildirilir ki, qəsəbədə 6 məktəb fəaliyyət göstərir. Ancaq əhalinin sayı əvvəlki illərə nisbətən kəskin artdığı üçün daha bir neçə məktəbin də inşasına zərurət yaranıb. Bir məktəb, bir uşaq bağçası və bir poliklinikanın Hövsan südçülük sovxozunun yanında, bir məktəb və bir uşaq bağçasının isə Atçılıq Mərkəzinin yaxınlığında, digər bir məktəb və uşaq bağçasınınsa qəsəbənin başqa bir yerində tikilməsi nəzərdə tutulub.

Görünür, azı 100 min sakini olan yaşayış massivindəki problemlərin çözülməsinə vaxt və maliyyə lazımdır.