BolgeXeber.Com » Xəbərlər » AZAL 15 milyardı necə göyə sovurdu?

AZAL 15 milyardı necə göyə sovurdu?

26-10-2015, 13:25
Oxunub: 2 989 AZAL 15 milyardı necə göyə sovurdu?Azərbaycanda dövlət vəsaitinin mənimsənildiyini və effektiv xərclənmədiyini daha bir fakt təsdiqləyir

Baş nazirin müavini Abid Şərifov Bakıda keçirilən Aviasiya və Hava Məkanından istifadə üzrə Dövlətlərarası Şuranın 35-ci sessiyasının iclasında çıxışı zamanı deyib ki, Azərbaycanda son 10 ildə aviasiyanın inkişafına 15 milyard dollar yatırılıb:

“Son 10 ildə Azərbaycanda aviasiyanın inkişafına 15 milyard dollar ayrılıb. Bu illər ərzində 4 yeni hava limanı tikilib, mövcud 2-si isə modernləşdirilib. Bundan başqa, helikopter və təyyarə parkları yenilənib, ölkəyə ən müasir təyyarələr gətirilib”.

On ildə aviasiyanın inkişafına 15 milyard dollar vəsaitin yatırılması bir qədər çox olmadımı? Digər tərəfdən, bu vəsaitlərin hara və necə yatırıldığı da bilinmir.

Bu istiqamətdə bir neçə müqayisəli rəqəm ümumi mənzərənin yaranmasına, dövlət vəsaitinin əslində mənimsənildiyini deməyə əsas verir.

A.Şərifov bildirir ki, bu vəsaitdən helikopter və təyyarə parklarının yenilənməsi, ölkəyə ən müasir təyyarələrin gətirilməsi üçün istifadə olunub. Sərnişin daşınmasında istifadə olunan ən bahalı müasir təyyarənin qiyməti 212 milyon dollardır.

Hava limanlarının yenidən qurulması və tikilməsinə gəlincə, Türkiyədə müasir hava limanının tikilməsi dövlətə 5.5 milyarda başa gəlib. Oxşar proyekt üçünsə Almaniya 4.3 milyard xərcləyib.

İqtisadçı Nemət Əliyev "Azadlıq" qəzetinə bildirib ki, açıqlanan rəqəmlər bir daha dövlət maliyyə vəsaitlərinin xərclənməsinin qeyri-səmərəli həyata keçirildiyini deməyə əsas verir: “Axı hava limanı tikərkən, yeni təyyarələr alarkən bu addımların iqtisadi cəhətdən nə dərəcədə səmərəli olub-olmadığı müəyyən edilməlidir. Qərb ölkələrində investisiya yatıran şəxslər bu istiqamətdə ciddi araşdırma aparır, gələcəyə hesablanan rəqəmləri gözdən keçirir, reallaşan proyektin özünü neçə ilə doğruldacağı üzərində düşünülür. Amma Azərbaycanda iri maliyyə vəsaitlərini xərcləyən sahibkarlar, dövlət məmurları üçün bu qaydalar önəmli deyil. Axı nəyə görə bunlara maraqlı olmasın? Çünki bu şəxslər özlərini cəzasız mühitdə hiss edirlər. Onlar illərdir etdiklərinə görə cəza almadıqlarından fəaliyyətlərini daha da inkişaf etdiriblər”.

N.Əliyevin sözlərinə görə, Azərbaycanın bölgələrində inşa edilən hava limanları iqtisadi cəhətdən səmərəsizdir. Onlar öz xərclərini ödəyə bilməz: “Azərbaycan o qədər kiçik regionda yerləşir və qeyri-neft sahələri o dərəcədə inkişaf etməyib ki, digər ölkə vətəndaşları üçün cəlbedici olsun. 1999-cu ildən 2014-ci ilin sonuna qədər olan müddətdə Azərbaycan Hava Yolları ilə sərnişindaşıma xidməti həmişə zərərlə işləyib. Bəs niyə bu tendensiya davamlı xarakter alıb. Çünki korrupsiya və monopoliya bu sahələrdə geniş yayılıb. Korrupsiya və inhisarçılıq bu məmurların iliyinə işləyib. Bunların öz şəxsi vəsaitləri olsaydı inanmıram ki, bu məmurlar bu dərəcədə israfçılığa yol verərdilər”.

On il ərzində aviasiya sahəsinə 15 milyardın yatırılmasının korrupsiyanın yaratdığı iştaha adlandıran N.Əliyev bildirdi ki, bu sahədə ciddi pozuntulara yol verənlər qanunun tələblərinə uyğun olaraq sərt şəkildə cəzalandırılmalıdırlar.(qaynarinfo)