BolgeXeber.Com » Xəbərlər » Əli Abbasov rəhbərlik etdiyi qurumu MTN-in poliqonuna çeviribmiş

Əli Abbasov rəhbərlik etdiyi qurumu MTN-in poliqonuna çeviribmiş

14-11-2015, 10:27
Oxunub: 3 456 Əli Abbasov rəhbərlik etdiyi qurumu MTN-in poliqonuna çeviribmişSabiq nazirin evlərində axtarış aparılması təsdiqlənır; onu 8 il azadlıqdan məhrum edə bilərlər

Eldar Mahmudovun tutduğu postdan qəfil uzaqlaşdırılması, ardınca Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin - telefonların dinlənilməsi idarəsi əməkdaşları Natəvan Məmmədova və general-mayor Teymur Quliyevin istintaqa cəlb olunması əslində istintaqın istiqamətlərindən birini ortaya qoymuşdu.

Belə təxminlər vardı ki, qanunsuz dinləmələr ölkə rəhbərliyini də əhatə edib. Bu baxımdan Əli Abbasovun rabitə və yüksək texnologiyalar naziri (RYTN) postundan uzaqlaşdırlacağını proqnozlaşdırmaq elə də çətin deyildi. Prezident sərəncamı ilə Ə.Abbasovun tutduğu postdan qovulmasının ardından Prezident Administrasiyasına yaxın saytlardan birində eks-nazrin əleyhinə kəskin yazı dərc etməsi vəziyyətin son dərəcə ciddi olduğunu ortaya qoydu. Həmin yazılardan belə başa düşülür ki, Ə.Abbasov Eldar Mahmudovun təzyiqi qarşısında davam gətirməyib və RYTN-in MTN rəhbərliyinə daxil olan korrupsiyalaşmış vəzifə daşıyıcılarının poliqonuna çevrilməsinə şərait yaradıb.

Mahmudovun çetesi bütünlüklə üzə çıxarılır

Bunu RYTN-in birbaşa telefon əlaqəsinə cavabdeh olan yüksək rütbəli əməkdaşlarının az qala kütləvi şəkildə həbsi də dolayısı ilə təsdiqləyir. Nazirliyin indiyədək 10 məmuru həbs olunub. Hakim elitada kifayət qədər güclü dayaqlara malik olan Əli Abbasovun vəzifədən azad olunması istintaqa Eldar Mahmudovun bütün qanunsuzluqlarını araşdırmaq səlahiyyəti verildiyini də söyləməyə əsas verir. Görünür, həbslər hələ davam edəcək. Bundan başqa, istintaq orqanları MTN-lə RYTN arasında kommunikasiya sahəsindəki qarşılıqlı münasibətlərin hansı səviyyədə olmasını araşdırmağa başlayıblar. Digər tərəfdən, Müdafiə Nazirliyinin kommunikasiya sahəsindəki təhlükəsizliyin gücləndirildiyi müşahidə olunur. Belə görünür ki, informasiya təhlükəsizliyi sahəsində ciddi çatışmazlıq və nöqsanlar aşkarlanıb. İnformasiya təhlükəsizliyinin təmin olunmasında isə RYTN MTN-dən heç də az rol oynamır, bəlkə də hətta artıq rol oynayır.


Nazirin evində axtarış aparıldığı təsdiqlənib

Bu baxımdan Əli Abbasovun özünün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqləri tərəfindən bir neçə gün ərzində dindirilməsi heç də təsadüfi deyil. Belə ki, MTN-in həbs edilən yüksək rütbəli əməkdaşlarının istintaqı da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılır. Virtualaz.org yazır ki, Əli Abbasovun mənzilində axtarış aparılmasını hüquq-mühafizə orqanlarındakı mənbə də təsdiqləyib. DİN, Baş Prokurorluq, MTN və Vergilər Nazirliyinin əməkdaşlarından ibarət xüsusi istintaq qrupu Rabitə Nazirliyində hərtərəfli yoxlamalara başlayacaq. Nazirliyin maliyyə-təsərrüfat kompleksi, habelə informasiya təhlükəsizliyi və telefon kommunikasiyası sferasındakı vəziyyət yoxlanacaq.


Əli Abbasova şok ittiham - bağışlanmaz səhvə yol veriblər!

Sabiq rabitə naziri Nadir Əhmədov Əli Abbasovun rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsinə münasibət bildirib. Eks-nazir azvision.az-a açıqlamasında bildirib ki, Əli Abbasovun işdən çıxarılması səbəbsiz deyil, o, yol verdiyi hansısa ciddi nöqsana görə vəzifəsini itirib. N.Əhmədov MTN olayı ilə bağlı yayılan iddialara münasibət bildirərək qeyd edib ki, nazirliyin bu məsələdə rolu varsa, o zaman bağışlanmaz səhvə yol veriblər. Qeyd edək ki, Nadir Əhmədov 1985-ci ildən 1997-ci ilədək (12 il) rabitə nazirinin müavini və 1997-ci ildən 2004-cü ilədək (7 il) rabitə naziri vəzifəsində işləyib.


MTN-in keçmiş əməkdaşı İlham İsmayıl Əli Abbasovun tutduğu postdan uzaqlaşdırılmasında qanunsuz dinləmələrin yer aldığını istisna etmir: ““Əməliyyat-axtarış fəaliyyəti haqqında” qanunun əsasında MTN telefon dinləmələrini həyata keçirir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət və özəl qurumların dinlənilməsi üçün şərait yaratmağa borcludur. Belə çıxır, dinləmə məsələsi elə bir həddə çatıb və elə yüksək səviyyəli şəxslər dinlənib ki, Rabitə və Texnologiya Nazirliyi bu barədə dövlət rəhbərliyinə informasiya verməyib. Bu məsələni ancaq belə qiymətləndirmək olar ki, Əli Abbasov yüksək instansiyaların dinlənildiyini bilib, ancaq hökumət rəhbərliyini bundan xəbərdar etməyib».

Əli Abbasovu 8 il müddətinə azadlıqdan məhrum edə bilərlər

“Hüquqi Dövlət” Araşdırmalar Mərkəzinin rəhbəri Müzəffər Baxış deyir ki, əgər Əli Abbasovun qanunsuz dinləmələrə aidiyyəti olduğu müəyyən edilsə, onu 8 il müddətinə azadlıqdan məhrum edə bilərlər: “Əgər müəyyən olunsa ki, qanunsuz dinləmələrə Əli Abbasov rəhbərlik edib, onun qanunsuz göstərişi ilə belə dinləmələr həyata keçirilib, belə bir halda ona Cinayət Məcəlləsinin 308.2-ci - vəzifədən sui-istifadə etmə, vətəndaşların hüquq və azadlıqlarının pozulması, ağır nəticələrə səbəb olduqda və 302-ci - əməliyyat axtarış fəaliyyəti haqda qanunun tələblərini pozma maddəsi ilə ittiham elan oluna bilər. Düşünürəm ki, Əli Abbasova ittiham elan etmək istəsələr, bu maddələrdən savayı digər maddələrlə də ittiham irəli sürə bilərlər. Onun fəaliyyətini yoxlayıb Cinayət Məcəlləsinin bir sıra maddələri - məsələn, nazir kimi vəzifə saxtakarlığı, külli miqdarda dövlət əmlakını mənimsəmə, külli miqdarda rüşvət alma ittihamları verilə bilər. Ümumiyyətlə, Azərbaycanda vəziyyət belədir ki, hansı vəzifədə çalışmasından asılı olmayaraq vəzifəli şəxslər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilərlər. Məsələnin başqa tərəfi də budur ki, ittiham etməkdən əlavə həmin əməlləri törətdiklərini onlara sübut etmək də lazımdır. Azərbaycanda belə bir ənənə var ki, məsələ siyasidirsə, sübut toplamadan da bu şəxslərə ittiham verə bilirlər. Müstəqil məhkəmə olmadığına görə belə ittihamlar çox asan şəkildə hökmə çevrilə bilir”.

M.Baxış deyir ki, Əli Abbasova gəldikdə isə ona ittihamın verilib-verilməyəcəyi siyasi hakimiyyətin ona münasibətindən asılıdır: “Əli Abbasova CM-in 308.2 və 302.2 maddəsi ilə ittiham olunacağı halda ona ümumilikdə 8 il azadlıqdan məhrum etmə cəzası təyin oluna bilər”.musavat.com