BolgeXeber.Com » Xəbərlər » İdarə müdiri icra başçısının əlindən niyə qaçıb?

İdarə müdiri icra başçısının əlindən niyə qaçıb?

19-11-2015, 14:20
Oxunub: 2 447 İdarə müdiri icra başçısının əlindən niyə qaçıb?Həmid Abbasov Ceyhun Cəfərovun qorxusundan Bakıda gizlənib

Kürdəmirdə ara qarışıb. Bolgexeber.com VİZUAL.az-a istinadən xəbər verir ki, rayonun Mollakənd Mexaniki Suvarma Sistemləri idarəsinin rəisi Həmid Abbasov icra başçısı Ceyhun Cəfərovun əlindən qaçıb.
Rayon rəhbərinin davamlı təhdidlərinə dözməyərək H.Abbasov Bakida gizlənməyə qərar verib. Bu barədə faktinfo.az yazıb ki, onu çıraqla axtarırlar. O, hazırda Meliorasiya və Su Təsərrüfatı ASC-nin texniki şöbələrindən birində işə götürülüb. Amma işə çıxmır, harda olduğu da bilinmir.
Məlumata görə, C.Cəfərov Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan bir müddət sonra Həmid Abbasovu yanına çağıraraq rayonda həyata keçiriləcək abadlıq işlərində iştirak etməsini onun diqqətinə çatdırır. İdarə rəisi razılaşır.
Ceyhun Cəfərov Kürdəmir- Bakı prospektinin dağıdılıb, yenidən tikilib üzərinə aqlay vurulmasını tapşırdıqda Həmid Abbasov o qədər vəsaitinin olmadığını bildirir,ona tapşırılan işin yerinə yetirilməsi üçün kömək olunmasını xahiş edir.
Ceyhun Cəfərov prospekti rayon təşkilatları arasında böldüyünü, ümumilikdə, bu işin görülməsinə maliyyə köməkliyinin bir müddətdən sonra ediləcəyini bildirir. Tərəflər razılaşır, Həmid Abbasov işə başlayır bir neçə gün sonra isə evini girov qoyaraq 50.000 manat "Access "bankdan kredit götürür. Ona tapşırılan işin yerinə yetirilməsinə bu vəsait də azlıq edir.
O, rayonun topdan satış tikinti mağazalarından 12.000 manat dəyərində tikinti materialları alır, sahibkarlara pulunu bir müddətdən sonra ödəyəcəyini vəd edir. 50.000 manat tükənir, 12.000 manatlıq tikinti materialları istifadə olunduqdan sonra iş dayanır.
Həmid Abbasov ona maliyyə köməkliyi olunmasını istəyir, Ceyhun Cəfərov isə onu şantaj edir, tutduracağı ilə hədələyir. İdarə rəisinin hansı gün, hansı saatda kimlərə zəng etdiyi, nə danışdığı, başçıdan necə narazılıq etdiyi onun diqqətinə çatdırılır.
Ona Mexaniki Suvarma idarəsinə ayrılan vəsaiti tikintiyə yönəltmək təklif olunur. İdarə rəisi razılaşmır, tərəflər arasındakı münaqişə böyüyür. Həmid Abbasov təkrar borca inşaat materialları almalı olur, hətta sement satışı ilə məşğul olan qardaşından 42.000 manat dəyərində sement götürür.
Fermer təsərrüfatı ilə məşğul olan qardaşının 26 baş iri buynuzlu mal-qarasını satdırır, işlətdiyi fəhlələrin pulunu ödəyir. Yenə də ona tapşırılan işi tamamlamaq mümkün olmadıqda təkrar təhdidlərlə üz-üzə qalır.” Access” bankda faizlər şişir, digər tərəfdən sahibkarlar Həmid Abbasovdan pulunu istəyir.
Həmid Abbasova Ceyhun Cəfərov tərəfindən vəd olunan köməklik edilmir, əlavə olaraq tikintiyə xərclənən vəsaitin olmaması ziddiyyəti dərinləşdirir. Həmid Abbasov işdən çıxmaq haqqında ərizəsini yazır.
Bir neçə gün sonra sahibkarların pulunu ödəmədən Bakıya qaçır. Telefonlar söndürülür, onu gördüm deyən olmur. Məsələ bununla da yekunlaşmır, "Access”bank Həmid Abbasovun Kürdəmirdə olan evini onun əlindən almaq üçün rəsmi qaydada məhkəməyə müraciət edir.
Əlavə olaraq idarə rəisinin övladları oxuduğu Universitetlərə təhsil haqqlarını ödəməkdiklərinə görə dərsə buraxılmır. Digər tərəfdən borcu olduğu sahibkarlar onu axtarır, o isə qaçıb gizlənir.
O da qeyd olunur ki, Kürdəmirdə onlarla idarə müdrinin banklara 100.000 manat borcu var.
Bütün təşkilat müdirləri Ceyhun Cəfərovun əlindən cana yığılıblar. Bu dözülməz vəziyyətlə barışmayan Su-Kanal idarəsinin müdiri Tariyel Kərimov sirkə turşusu içdikdən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri işləmiş Gülağa Əsədov İcra başçısı ilə münaqişədən sonra halı pisləşmiş, bir az sonra dünyasını dəyişmişdi.
Bu ölüm hadisəsini həzm edə bilməyən Gülağa Əsədovun İcra nümayəndəsi işləyən qardaşı Ceyhun Cəfərova müharibə elan edib.
Lakin Kürdəmir Poçtunun müdiri işləyən Əlimövsüm Ağayev Gülbala Əsədovun qardaşını sakitləşdirə bilib. Əlimövsüm Ağayev RYTN həbsdə olan aparat rəhbəri Vidadi Zeynalovun qudası, Kürdəmirin rəhbəri Ceyhun Cəfərovun da qohumudur. Araşdırmalarımız davam edir.