BolgeXeber.Com » Xəbərlər » Şahdağda London qiymətinə istirahət - FOTOLAR

Şahdağda London qiymətinə istirahət - FOTOLAR

21-11-2015, 13:45
Oxunub: 5 151 Şahdağda London qiymətinə istirahət - FOTOLARTələbə Ceyhun Məmmədli turizm şirkətlərindən birinin elanına baxıb deyir ki, təklif olunan qiymətlərin heç birinə pulu çatmır

Heç yerli şirkətlərin Qubaya təklif elədiyi ucuz turlara da. Getməyinə Qubaya gedəcək, ancaq istirahət yerinə yox, Qubadakı evlərinə:
“Biz tərəflərdə bir-iki dəfə qar da yağıb. Yəqin Yeni İlə əməlli-başlı yağar. Qartopu oynayaram, sonra da sobanın dibində əllərimi isidərəm. Bu da olar qış turizmim”.
Ceyhun deyir ki, keçən qış tələbə yoldaşları ilə yığışıb Gürcüstanın qış turizm kurortlarından olan Bakurianiyə gediblər: “Adambaşına bir həftəyə 300 manat xərcimiz çıxdı. Yemək də verirdilər, əyləncə, xizək, kanat da vardı. Ancaq bu il keçən ilki imkanım yoxdur”.
Londona 670 manat, Qusara isə...
Yerli turizm şirkətləri Yeni ili və qış istirahətini keçirmək istəyənlərə ölkə içində və xaricdə bir-birindən fərqli qiymətlərə dincəlmək təklif eləyir.
Qiymətlərə baxanda ölkə içində bahalığa görə birinci yeri bir neçə ildir Qusarda açılmış Şahdağ turizm mərkəzi tutur.
Greenwich turizm şirkəti Şahdağın 5 ulduzlu otellərində bir nəfər üçün 4 gecəlik, 5 günlük istirahəti 500-564 manata təklif edir. Bura ancaq səhər yeməyi daxildir. Yeni il gecəsi üçün isə əlavə ödəniş edilir. Elə bu şirkətin Türkiyənin məşhur qış turizm mərkəzlərindən olan Uludağda təklif etdiyi 7 gün 6 gecəlik istirahətin qiyməti isə 895 manatdır. Özü də Türkiyənin istirahət mərkəzlərinə məxsus hər şey daxil paketi. Dubaya 4 gün 3 gecəlik qiymət 570 manat, Bakurianiyə 375 manat, Londona 5 gün 4 gecəlik istirahət 670 manat, Tailanda isə 7 gecəlik istirahət 900 manatdır. Bu qiyməyə təyyarə bileti də daxildir.
Yay istirahətini Azərbaycanda yox, Türkiyədə keçirən mühəndis Kənan Kərimli deyir ki, heç vaxt qışda istirahətə getməyib. Bu ilsə belə bir fikri var: “Araşdırdım, gördüm ki, elə Türkiyədəki istirahət yerləri yaxşıdır. Həm qiymətləri, həm də xidmətləri. Bizdə bahaçılıq olduğundan getmirəm. Gürcüstanı da çox təklif eləyirlər. Ancaq Gürcüstandakı xidmət Türkiyəyə çatmaz. Türkiyədə bu işin altını da yaxşı bilirlər, üstünü də”.
Kənan Kərimli deyir ki, Uludağdan da ucuz Qarsdakı Palandöken turizm mərkəzində 4 nəfərlik ailəsi ilə birlikdə 1000 manata 4 gün dincəlməyi planlaşdırır.
Şamaxıda 70 manatlıq balıq ovu turu
Turizm şirkətlərinin ölkə daxilindəki istirahət yerlərinə ucuz qiymətlərə də təklifləri var. Yerli şirkətlərdən birinin əməkdaşı Günel Əliyeva deyir ki, hələ Yeni il qiymətləri olduğundan bunlar bir az baha da sayıla bilər: “Yeni il təkliflərinin qiyməti adi günlərdən həmişə bir az yüksək olur. Uşaqlar, tələbələr tətildə olur, hamı harasa getmək istəyir. Şamaxıya balıq ovu turumuz var, bir gün qalmaqla adambaşına 70 manat. Qubaya avtobus turumuz var. Səhər aparıb axşam gətirir. Səhər yeməyi, çay süfrəsi daxildir. Qubanın gözəllikləri göstəriləcək. Bir nəfər üçün qiymət 23 manata Qəbələ turumuz var. Səhər yeməyi, Qəbələni gəzmək daxildir. 32 manata Lahıc turumuz var, 3 dəfə yemək də daxildir”.
Ekspertlər deyir ki, manatın devalvasiyasından sonra istirahətə gedənlər də azalıb. Ancaq neçə illərdir turizmlə məşğul olan Leyla Mehdiyeva deyir ki, bu il də dincəlmək üçün müraciət edənlər az deyil: “Deməzdim ki, istirahətə getmək istəyənlərin sayı çox aşağıdır, ya da çoxdur. Orta deyərdim”.
“Qiymətlər bahadır” deməklə iş bitmir
Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov deyir ki, qış turizmi azərbaycanlılar arasında məşhur olmasa da, ildən-ilə istirahət üçün qışı seçənlərin də sayı artır: “Statistik rəqəmlərə görə, ildə təxminən bir neçə milyon insan hər il Azərbaycandan xaricə gedir. Qiymətlər kimə görəsə çox yüksək, kimə görəsə aşağıdır. Hər bir insan istəyərdi ki, qiymətlər daha aşağı olsun, hər bir insan istirahət etsin. Qiymətləri salmağın, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar üçün əlçatan etmək üçün bu qiymətlərin çox yüksək olduğunu demək bəs eləmir. İnvestisiya mühitini genişləndirməliyik, regionlarda daha aşağı ulduzlu otellərin tikintisini artırmalıyıq. Bu gün Azərbaycanda çarpayı sayı təxminən 35 mindir. Bu, çox aşağı rəqəmdir. Bu 35 minin nə qədəri 4 və 5 ulduzlu otellərin payına düşür. Aşağı ulduzlu yerlərin sayı azdır, ümumiyyətlə, yerlərin sayı azdır. Təklif olunan çeşid kifayət qədər rəngarəng olmadığına görə insanlar kənara üz tuturlar”.
Turizm mütəxəssisi onu da deyir ki, azərbaycanlılar əsasən daha çox yay istirahətinə üstünlük verir. Qış istirahətinə gedənlər isə adətən yayda da istirahətə gedənlər olur.
Bolgexeber.com
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR
Şahdağda London qiymətinə istirahət - FOTOLAR