BolgeXeber.Com » Xəbərlər » Cahangir Hacıyevin daha bir şirkəti fəhlələri ac qoyub

Cahangir Hacıyevin daha bir şirkəti fəhlələri ac qoyub

21-11-2015, 17:32
Oxunub: 3 120 Cahangir Hacıyevin daha bir şirkəti fəhlələri ac qoyubAzərbaycan Beynəlxalq Bankının keçmiş prezidenti Cahangir Hacıyevin idarəçiliyində olan daha bir tikinti şirkəti yüzlərlə fəhləni işlədərək maaşlarını vermir

Virtualaz.org saytı xəbər verir ki, hazırda müflis olan “Azərinşaatservis” MMC-nin direktorluğu tərəfindən idarə edilən “Azinqrup” MMC şirkəti həyata keçirdiyi podratçı layihələrdə işləmiş fəhlələrin əmək haqlarını bu ilin iyun ayından bəri ödəmir.

“Azinqrup” MMC şirkətinin saytından məlum olur ki, bu şirkət Azərbaycanın bir çox regionlarında qaz xətlərinin çəkilməsi, Bakıda “Şəfa” stadionunun yenidən qurulması, Şəkidə süd zavodunun tikintisi, Xırdalan şəhərində qaz xətlərinin çəkilməsi, Oğuz rayonunda Heydər Əliyev adına parkın tikintisi, Əhmədli qəsəbəsində çoxmərtəbəli yaşayış binalarından ibarət şəhərciyin tikintisi kimi layihələri həyata keçirib.
Cahangir Hacıyevin daha bir şirkəti fəhlələri ac qoyub


Saytda deyilir ki, şirkət 1990-cı illərdə - Sovet İttifaqı dağılandan sonra yaradılıb. Şirkətin adı Beynəlxalq Bankdan kredit alan və qaytarmayan iş adamları ətrafında yaranmış qalmaqala görə gündəmə gəlmişdi.

Şirkət rəsmi sənədlərdə “Azərinşaat” MMC-nin direktoru Mehdi Əliyevə məxsusdur. Həmin Mehdi Əliyev bu ilin yazında Beynəlxalq Bankın işi ilə bağlı “Bandotdel”ə aparılan və bir müddət saxlanılan iş adamlarından biridir. Onun şirkəti Beynəlxalq Banka yüz milyonlarla dollar borcludur. Borclara görə şirkətlər Beynəlxalq Bankın nəzarətinə verilib.

Xatırladaq ki, “Azərinşaat” MMC-nin də minlərlə işçisi bir neçə aylıq əmək haqlarını ala bilməyib. Onlar şirkətin həyata keçirdiyi yol-tikinti layihələrində işləyənlərdir. Ac fəhlələr dəfələrlə şirkətin ofisi qarşısında aksiya keçiriblər. Sifarişçi təşkilat olan “Azəryolservis” görülən işlərə görə pulların şirkətə ödənildiyini bildirir, ancaq ehtimal olunur ki, həmin pullar şirkətin banka olan kredit borcuna görə tutulub.

“Azinqrup”un işçilərindən Cavid Hüseynov “Azadlıq”a deyir ki, aylardır maaşlarını ala bilmirlər: “Deyirlər, şirkət böhrandadır. Qarşımıza çıxıb deyən yoxdur ki, bu böhran nə vaxtadək davam edəcək. Bilmirik ki, rəhbərlik haradadır. Ümumiyyətlə, azadlıqdadır, yoxsa həbsdədir? Hərə bir söz deyir. Ayrılan milyonları ciblərinə qoyublar. Ortalıqdan yoxa çıxıblar. Əziyyət bizə qalıb. Biz burada elə işləmişik ki... Hər an işdən qovulmaq təhlükəsi ilə üz-üzə qalmışıq. 5 dəqiqə işə gecikənə acımaq yox idi. Elə həmin andan işdən qovulurdu. Bizdən məsuliyyət tələb edən şirkət rəhbərliyi indi özü yüzlərlə işçinin maaşını verməməklə hüquqlarını pozur”.

Şirkətdə sürücü işləmiş Əli Məmmədov deyir, 6 aydır maaşını ala bilmir: “Oğlum iflicdir. Hər həftə yazılan dava-dərmanın reseptini cibimdə gəzdirirəm. Evə getməyə, ailəmin üzünə baxmağa utanıram. Hər ay şirkətə pul gəlirdi. Deyirdilər, maaş bu gün olacaq, sabah olacaq. Ancaq bir qəpik də ödəmədilər. 2000 manatdan bir az çox alacağım var”.
Bolgexeber.com