BolgeXeber.Com » Xəbərlər » Çovdarov bandasının ölüsündən də əl çəkmədiyi fermer kim olub?

Çovdarov bandasının ölüsündən də əl çəkmədiyi fermer kim olub?

21-11-2015, 20:19
Oxunub: 2 685 Çovdarov bandasının ölüsündən də əl çəkmədiyi fermer kim olub?Mehman Məmişovun ölümü belə onu və ailəsini xilas etmir...

Bir neçə gün bundan öncə Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşan Laçının Alxaslı kəndindən olan məcburi köçkünlər – Fehruz və Mehman Məmişov qardaşlarına MTN generalı Akif Çovdarov və onun dəstəsi tərəfindən edilən təzyiqlərdən bəhs etmişdik. Vurğulamışdıq ki, qardaşlara məxsus hektarlarla torpaq sahəsini ələ keçirməyə çalışan dəstə, bu məqsədlə ən müxtəlif təzyiq üsullarına əl atıb ki, bunlardan da biri M.Məmişovun MTN-ə çağırılaraq təhdid edilməsi, onun ardınca 3 gün müddətində yoxa çıxması olub.Bu günlərdə sözügedən məsələ ilə bağlı Moderator.az-a yeni məlumatlar verən etibarlı mənbə, maraqlı məqamlara toxunub.

Mehman Məmişovdan ölümqabağı son söz: “Özünüzü onlardan qoruyun”

Mənbənin sözlərinə görə, MTN-nin Kənan adlı əməkdaşı tərəfindən bu quruma dəvət ediləndən və torpaqlarını kimsəyə güzəştə getmək fikrində olmadığını bildirəndən sonra, M.Məmişov 3 gün müddətində yoxa çıxdı ki, “tapılandan” sonra onun səhhətində ciddi problemlər müşahidə edilməyə başladı. Hansı ki, bu problemlər qısa müddətdən sonra onun ölümü ilə nəticələndi:
“M.Məmişovun 3 günlük “qeybindən” sonra onun tapılması ailə üzvlərini sevindirsə də, bu sevinc uzun sürmür. Onun səhhətinin tez-tez pisləşməsi, həkim müdaxilələrinin yetərsizliyi, sonda M.Məmişovun ölümü ilə nəticələndi. 3 gün ərzində yoxa çıxması ilə bağlı ailə üzvlərinə heç nə deməyən, daha doğrusu, deməyə qorxan, yaxınlarını baş verənləri unutmağa çağıran M.Məmişov, bu sükutu ölümündən cəmi bir neçə saat öncə ilk və son dəfə pozur. M.Məmişov ölüm yatağında özünün 3 gün ərzində yoxa çıxmasını, Çovdarov bandasının torpaqla bağlı tələblərini yada salır və ailə üzvlərinə, qardaşına bir kəlməlik xəbərdarlıq edir: “Özünüzü onlardan qoruyun”.

Mehman Məmişovun ölümü belə onu və ailəsini xilas etmir...

Mənbənin bildirdiyinə görə, M.Məmişov beyin qurumasından dünyasını dəyişsə də, Çovdarov dəstəsinin torpaq iddiasına son qoymur. Belə ki, M.Məmişovun vəfatından bir müddət sonra MTN əməkdaşı Kənan yenidən özünü “yada salır” və bu kəs mərhumun qardaşı Fehruz Məmişova zəng edərək topaq məsələsi ilə bağlı görüşmək lazım gəldiyini söyləyir:
“M.Məmişovun vəfatndan bir müddət sonra bu kəs F.Məmişova zəng edən MTN əməkdaşı Kənan bildirir ki, “gəl görüşək, torpaq məsələsini həll edək”. MTn əməkdaşı qeyd edir ki, bu məsələni daha artıq uzatmaq olmaz.
Qardaşının ölümündən sonra da MTN-nin M.Məmişova məxsus torpaqdan hələ də gözünü çəkməməsi, F.Məmişova dəhşətə gətirir. “Qardaşımın da axırına çıxdınız, daha neçə nəfər ölməlidir ki, bizdən əl çəkəsiniz?” deyən F.Məmişov Kənanla görüşdən imtina edir. Məmişovlar ailəsinin səksəkə dolu həyatı isə davam edir”.
Mənbənin sözlərinə görə, Məmişovlar ailəsinin narahatlığı, ailə üzvlərindən yenidən kiminsə yoxa çıxa biləcəyinin verdiyi təlaş A.Çovdarov və onun bandasının ifşasına qədər davam edir. Yalnız A.Çovdarovun tutduğu vəzifədən azad edilib məsuliyyətə cəlb edilməsindən sonra ailə üzvləri rahat nəfəs almağa başlayır.

PS.Yaxın günlərdə oxucuları məlum hadisənin yeni detalları ilə məlumatlandırmaqla yanaşı, Məmişov qardaşlarına qarşı həyata keçirilən təzyiq siyasətində, onlara məxsus hektarlarla torpaq sahəsinin Çovdarov tərəfindən zəbt edilməsində hansı qurum və şəxslərin iştirakını açıqlayacaq, rayon icra hakimiyyti və Abşeron bələdiyyəsinin bu məsələdəki məsuliyyət payını araşdıracayıq.