BolgeXeber.Com » Xəbərlər » Çingiz Əsədullayevlə Eldar Mahmudovun rəzil duruma saldığı ailə

Çingiz Əsədullayevlə Eldar Mahmudovun rəzil duruma saldığı ailə

23-11-2015, 10:26
Oxunub: 3 077 Çingiz Əsədullayevlə Eldar Mahmudovun rəzil duruma saldığı ailə“Xahiş edirəm ki, bizi bu quldurların əlindən alasınız”

Sabiq nazirin və qohumunun müflis etdiyi sahibkarın xanımı prezidentdən kömək istəyir; 18 milyon manat dəyəri olan Sumqayıt Ağac Emalı Zavodunun Mahmudovun varidatına qatılmasının təfərrüatları...


Ölkədən çıxan sahibkarın xanımı - “bizi bu quldurların əlindən qurtarın!” deyir

“Azərqazbank”dakı brilyant əməliyyatı haqda məlumat vermişdik. İş adamı Maqsud Mahmudov banka girov qoyduğu brilyantların şüşə ilə əvəzləndiyini, özünün isə MTN-ə çağırılaraq hədələndiyini, üstəlik 30 min dollar ondan pul alındığını da açıqlamışdı.
Bundan sonra adıçəkilən bankda qanunsuzluqla üzləşmiş sahibkar Haqverdi Məmmədovun həyat yoldaşı Elmira Məmmədova redaksiyamıza müraciət edərək başlarına gətirilən müsibətlərin ictimailəşdirilməsini xahiş edib. Onun video müraciəti ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

“Sumqayıt ağac emalı” ASC-nin onun ailənindən alınması haqda prezidentə ünvanladığı, surətini redaksiyamıza təqdim etdiyi müraciətində E.Məmmədova yazır: “Bizim həyatımızı məhv edən ”AGBank"ın rəhbəri, eks deputat Çingiz Əsədullayevdir. Biz təkcə mülkünü itirən sahibkarlardan deyilik, biz hər şeyi əlindən alındıqdan sonra borcla taleyin tərs üzünə buraxılmış və dincliyini, evini, ev əşyalarını da itirmiş bir sahibkar ailəsiyik.

Çingiz Əsədullayevlə Eldar Mahmudovun rəzil duruma saldığı ailə

2005-2006-cı illərdə ailəmizin sahibkarlıq fəaliyyətini gücləndirmək üçün hər şeyimizi topladıq, üstəlik borca da girərək “Sumqayıt ağac emalı” ASC-yə 1 milyon 500 min manat vəsait yatırdıq. Oğlanlarımız Samir və Rauf Məmmədovların adına müəssisənin birlikdə təxminən 45 faiz səhmlərinə sahib olduq, müəssisəyə rəhbərlik edən həyat yoldaşım Haqverdi Məmmədov isə onun işini gücləndirdi. 150 nəfərdən çox adamın çalışdığı bir şirkətə çevirdi. Üstəlik uğurlu işi davam etdirmək üçün biznes plan hazırladı. Xaricdən yeni avadanlıqları gətirməyə qərar verdi. Bu layihəni gerçəkləşdirmək üçün kredit lazım idi deyə “AGBank”a müraciət edildi. Müəssisə kredit alındığı ərəfədə 12 milyon manat dəyərində qiymətləndirildi. Üst-üstə 5 milyon manat kredit limiti ayrıldı. Müəssisə işini daha da gücləndirdi və işin ən parlaq vaxtında banka parket istehsal edən xətt alınmasına kredit ayrılması üçün müraciət edildi. Müəssisə bu dəfə 18 milyon manat dəyərləndirildi. Bankdan bildirildi ki, siz mövcud vəsaitinizlə avadanlığı Almaniyadan gətirin, müəssisənin xammal və iş davamiyyəti üçün tezliklə sizə istədiyiniz məbləğ ayrılacaq".

Eldar Mahmudov sənədləri istəyir və alır

Hazırda ağır xəstə olan sahibkarın həyat yoldaşı yazır ki, heç gözləmədikləri halda bank kredit verməkdən imtina edib: “Bütün vəsaitlər yeni avadanlığa sərf edilmişdi. Müəssisə krediti ala bilmədi, işdə problemlər yaşanmağa başladı. Xammal almağa, borclara, kreditlərə görə ödənişlərə görə çətinliklə üzləşdik və heç cür anlamadıq ki, nə üçün bank bu addımı atdı. Amma çox keçmədi ki, hər şey aydın oldu. Çingiz Əsədullayev həyat yoldaşımı yanına çağıraraq bildirdi ki, milli təhülkəsizlik naziri Eldar Mahmudov bizim sənədləri istəyir. Yoldaşıma demişdi ki, sənədləri verməyəcəyi təqdirdə tezliklə onu və oğlanlarımı həbs edəcəklər. Biz Çingiz Əsədullayevlə Eldar Mahmudovun çox yaxın olduğunu və bizim üçün onların real təhlükə olduğunu bilirdik”.

“Çingiz Əsədullayev bizə bildirdi ki, konkret “hə”, ya “yox”

Sahibkarın xanımı müraciətini bu sözlərlə davam etdirir: “İkinci dəfə Çingiz Əsədullayev bizi yanına çağırıb bildirdi ki, zavodun səhmlərini təcili olaraq Burhan adlı adamın adına dövr edək. Əks təqdirdə sizi yaxşı aqibət gözləmir. Sonda Çingiz Əsədullayev bizə bildirdi ki, konkret ”hə", ya “yox”. “Hə” olacağı təqdirdə bunun əvəzində 500 min - 1 milyon manat halallıq da veriləcək ki, işlə bağlı başqalarından aldığımız şəxsi borcları qaytara bilək. Bu, hər şeyimiz əldən çıxarılması demək idi, lakin iki oğlumuzu qorumaq üçün razılaşdıq, notariusa gedildi, səhmlər dövr edildi və bundan sonra borclarımızla baş-başa qaldıq. Bu günəcən Çingiz Əsədullayevin yanına getməkdən yorulmuşam, məni qəbul etmir. Bankın hüquq şöbəsinin müdiri məni sakitləşdirib, sözümü çatdıracağını deyib yola salır. Bu illərdə olduqca ağır duruma düşdük və hətta bir qadın, bir ana kimi durumumuzu yazmağa utanıram. Hətta həyat yoldaşım zavod əlimizdən alınan zaman yaranan borclar üçün təsir və təzyiqlərə məruz qalaraq oğlum Samir Məmmədovun və qardaşım Mütalib Mazanovun şəxsi evlərini “Kapital Bank”a girov qoyaraq (2011-ci ildə) 160 min manat kredit pul alaraq borclarımızdan ödədik. “Kapital Bank”dan alınan kreditə əlavə 40 min manat da faiz ödədikdən sonra bütün imkanlarımız tükəndi. Hazırda “Kapital Bank” hər iki evi hərraca çıxardıb. Bununla belə iki ailənin də dağılma təhlükəsi yaranıb. İki körpə uşağın küçəyə atılması qaçılmaz olub. Həyat yoldaşım da bu haqsızlıqlara dözməyərək təzyiq və təsirlərdən onkoloji xəstəliyə tutuldu. Xəstəlikdən əməliyyat olundu və bütün sağlamlığını itirdi. Bu azmış kimi ailəmiz pərən-pərən oldu. Bunun nəticəsində həyat yoldaşım bu acınacaqlı vəziyyətə dözməyərək ölkəni tərk etdi".

“Xahiş edirəm ki, bizi bu quldurların əlindən alasınız”

Sahibkarın həyat yoldaşı prezidentə müraciətini bu sözlərlə yekunlaşdırır: “Cənab prezident, biz sizə inanırıq. Sizi dəstəkləyirik və Sizdən bir Azərbaycan qadını kimi xahiş edirəm ki, bizi bu quldurların əlindən alasınız. Cənab prezident, Sizdən xahiş edirəm ki, nüfuzunuzdan istifadə edərək oğlum Samir Məmmədovun və qardşaım Mütalib Mazanovun ”Kapital Bank"ın girovunda olan evlərinin hərracını müvəqqəti olaraq məsələ həllini tapana qədər dayandırasınız. Nə üçün cürətlənib indi şikayət etməyimi, yəqin ki, anlayırsınız. Dövlətin qanunları bizim haqqımızı bərpa etməyi və cinayətkarın cəzalandırılmasını tələb edir. Mən də bunu Sizdən xahiş edirəm".(musavat.com)



P.S Məsələ ilə bağlı Çingiz Əsədullayevin və “AGbank”ın mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com