BolgeXeber.Com » Xəbərlər » “Şadlıq evi”nin sahibi Qarabağ qazisinə gün verib işıq vermir

“Şadlıq evi”nin sahibi Qarabağ qazisinə gün verib işıq vermir

23-11-2015, 12:17
Oxunub: 3 504 “Şadlıq evi”nin sahibi Qarabağ qazisinə gün verib işıq vermirBakı şəhəri Nərimanov rayonu Hidayətzadə küçəsi ev 7/23 ünvanında yaşayan Qarabağ əlili Rüstəmov Vahid Əkbər oğlu növbəti dəfə qanunsuzluqlarla üzləşib

“Lalə” şadlıq sarayının rəhbəri Vahid Rüstəmovun evini dəfələrlə uçurdub; qazi Həsən Əliyev tərəfindən təhdid olunur, əlil və ailəsi prezidentdən kömək istəyir...

Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə küçəsi ev 7/23 ünvanında yaşayan Qarabağ əlili Rüstəmov Vahid Əkbər oğlu növbəti dəfə qanunsuzluqlarla üzləşib. “Yeni Müsavat” olaraq, indiyə qədər dəfələrlə qazi barədə yazılar dərc etmişik. Amma göründüyü kimi, nəticəsiz qalıb.

Redaksiyamıza müraciət edən Qarabağ əlilinin problemi, mövcud durumu ilə tanış olmaq üçün yaşadığı ünvana yollandıq. Şahidi olduğumuz mənzərə insanı dəhşətə gətirirdi. Daxmanı xatırladan ünvanda bəlkə də heç kəs yaşamaz, amma bir zamanlar həyatını torpaqlarımız uğrunda qurban verən, ömürlük şikəst qalan Qarabağ qazisi həmin çətin şəraitdə yaşamağa məhkum olub. Evin içərisindəki hava ilə bayırdakı hava arasında heç bir fərq görmədik. Soyuq hava şəraitində V.Rüstəmov ailəsi ilə birlikdə hər an uça biləcək daxmada yaşayır.

Danışıqlarımızdan sonra məlum oldu ki, əlilin bu şəraitdə yaşamasına səbəb “Lalə” şadlıq sarayının rəhbəri Həsən Əliyev və onun əlaltısı olan “JEK” müdiri Seyfəddin Eyvazovdur. İndiyə qədər dəfələrlə tikinti aparmağa cəhd etməsinə baxmayaraq, Qarabağ qazisinin evi uçurulub.

Danışığında qüsur olduğundan, V.Rüstəmovun həyat yoldaşı Ruhiyyə Rüstəmova ilə söhbət etdik. Başlarına gələn hadisələri Ruhiyyə xanım bizə belə anlatdı: “Bu ev artıq 6 ildir Həsən Əliyev adlı şəxs tərəfindən dağıdılıb. Bizi çox süründürdü. Məhkəmələrdə süründük. Onun heç bir dövlət işi yoxdur. ”Lalə" şadlıq sarayının rəhbəridir. Prezidentimiz sərəncam verdi ki, Qarabağ əllilərinin heç kim haqlarını pozmasın. Təəssüflər olsun ki, sərəncama baxan yoxdur. 6 ildir Həsən tərəfindən güdülür, təhqir olunuruq. Hara gedirik, hüquqlarımız pozulur.

“JEK”dən arayış ala bilmirəm. Oğlum iki il məktəbə gecikdi. Nərimanov İcra Hakimiyyətini bizə kömək etdi. İcra başçısının müavini Şahmar İbadovun köməkliyi ilə arayış ala bildik. İcra hakimiyyəti suyumuzu çəkdirdi. 38 saylı “JEK”in müdiri Seyfəddin Eyvazov Həsənin göstərişi ilə bizdən əl çəkmir. Uşaq evində böyümüşəm. Övladlığa götürülmüşəm. 10 yaşımdan işləyirəm. 2007-ci ildən bu daxmada yaşayırıq. Həsən bu torpağa göz tikib. Məhkəmə xeyrimizə qərar çıxarıb, amma icra bağlanmır. İcranın bağlanmasını tələb edəndə, hər yerdən bizə deyirlər ki, Həsən şikayət edib. Bu ərazini iki torpağımı satmaqla almışam. Bir torpağı Heydər Əliyev yoldaşıma bağışlamışdı, ikincini isə oğlumun ad günündə bağışlamışdılar. Artıq 10 ildir burada yaşayırıq. Həsən deyir ki, torpaq mənimdir. İşə düzəlmək istəyirəm, imkan vermir. Bizdən nə istədiyini anlaya bilmirik. O adamın adına 9 villa var. Prezidentimizdən xahiş edirəm ki, bizə kömək etsin. Halal zəhmətlə bu torpağı almışam. Yorğan sırıyıb, ailəmi dolandırıram. Hökumətdən pul istəmirəm. Ünvanlı yardım da almıram. Kimisə aldadıb, pul almıram. Belə bir Azərbaycan vətəndaşı istəmirlər? Hüquqlarımız hər an tapdalanır. Hara ərizə yazıramsa, cavabsız qalır. Mehriban Əliyevanın müavini Məlahət xanımın belə qəbulunda olmuşuq. Allaha dua edirəm ki, prezidentimiz bu işdən xəbər tutsun. O zaman yalnız işimiz düzələr. Rahat yaşamaq istəyirik".

Əlilin həyat yoldaşı mütəmadi olaraq Həsən Əliyev tərəfindən təhdid olunduqlarını da qeyd etdi: “Gecə saat 12-də dəfələrlə olub ki, evimizi pusan şəxslər görmüşük. Sonra məlum olur ki, Həsən təşkil edir. Ailəmi dolandırmaq üçün yun yuyuram. Eşidirəm ki, Həsən çox su işlətməyimlə bağlı Su İdarəsinə xəbər verir. Bəs mən nə edim? Uşaqlarımı necə dolandırım? Oğurluq edim, ev yarım, baş kəsim? Həsən deyir ki, hökumət həyat yoldaşına ev verib. Yoldaşım 1993-cü ildə birinci ailəsindən ayrılıb. Buna səbəb, həmin ildə ağır yaralanması və ailəsinin ona baxmaqdan imtina etməsidir. Həyat yoldaşı deyib ki, sağlam ər istəyirəm, şikəst yox. Mənimlə 1998-ci ildə evlənib. İki övladımız var. Vahid hökumətin verdiyi evi birinci həyat yoldaşına və üç övladına verib. Hazırda yaşadığımız bu daxmanı halal zəhmətimizlə almışıq. ”JEK" işçiləri hər gün bizdən evi tərk etməyi tələb edirlər. Həsən istəyir ki, bizi buradan çıxarsın və villa tiksin. Qışın 4 ayında ailəmlə qarın altında yatmışıq. İlham Əliyevin sərəncamından sonra biz bu daxmanı tikə bildik. Evimizi dəfələrlə Həsən uçurtdu. Bizə nə qədər ziyan vurdu. Evimizdən yoldaşımın və övladlarımın müalicə pulu oğurlandı. Şikayət etdim, amma nəticəsi olmadı. Uçurdu evi, bizə dəyən ziyanı belə ödəmədi. Bu qədər qanunsuzluğunun qarşısında yenə də bizdən əl çəkmir. Vahidin və öz adımdan prezidentimizdən xahiş edirəm ki, bizə yardım etsin. Həsən bizdən əl çəksin, özümü birtəhər dolandıracağıq. Evimi dağıtdı, ev istəmədim. Müalicə pulunu oğurlatdırdı. Evi uçurarkən, iki uşağım az qaldı ölə. Evin içərisində adam olduğundan xəbərləri olmamışdı. Qonşular olmasa, iki uşağım ölmüşdü. Buna da heç nə demədim. Oğullarım səhərisi gün vətən uğrunda əsgərliyə gedəcəklər. Kimin uğrunda gedəcəklər? Həsənin? Şəxsən ana kimi, gələcəkdə uşaqlarımın əsgərliyə getməməsi üçün əlimdən gələnin edəcəyəm. Həsən kimilərinin uğrunda can qoymaqdansa, o uşaqları boğub öldürərəm. Həsən və övladları haradasa kef edəndə, övladlarım onlar uğrunda döyüşəcəklər".

V.Əhmədov çətinliklə olsa da, keçdiyi döyüş yolundan danışdı: “Ən çox Tovuzda döyüşmüşəm. Axırıncı dəfə Şuşada Kosalar deyilən ərazidə vuruldum və ağır yaralandım. İlk dəfə döyüşmək üçün 1989-cu ildə Nüvədiyə getdim. Rauf Arifoğlu, Bəxtiyar, Rüzgar, Abbasqulu və yadımdan çıxan adlar var, birlikdə döyüşmüşük. Necə döyüş yolları keçdiyimi mənimlə birlikdə olanlar yaxşı bilirlər. İndi də qardaş dediyim insanlar mənə çox kömək olurlar. Etimad Əsədov, Firudin müəllim, Asəf, Vəliyev Rizvan və digər qazilər mənə kömək olurlar. Bunlar olmasaydı, indi küçələrdə yaşayırdım. Bu şəxslərin hər birinə təşəkkür edirəm. Suyun olmaması bizə çox əziyyət verirdi. İcra başçısının müavini Şahmar müəllimə minnətdarlıq edirəm. Məhz onun köməkliyi ilə su çəkildi”.
Bolgexeber.com
“Şadlıq evi”nin sahibi Qarabağ qazisinə gün verib işıq vermir
“Şadlıq evi”nin sahibi Qarabağ qazisinə gün verib işıq vermir
“Şadlıq evi”nin sahibi Qarabağ qazisinə gün verib işıq vermir