BolgeXeber.Com » Xəbərlər » Bulvar İdarəsində korrupsiya oyunları… – Şok ittihamlar

Bulvar İdarəsində korrupsiya oyunları… – Şok ittihamlar

24-11-2015, 11:32
Oxunub: 3 326 Bulvar İdarəsində korrupsiya oyunları… – Şok ittihamlarBakı Bulvarında sözün əsl mənasında “qaz vurub qazan doldurur”

Hakimiyyətin son illər təbliğ etdiyi tikinti işlərindən biri də Bakı Bulvarında həyata keçirilir. Ümumiyyətlə son bir neçə ildə bu əraziyə xüsusi diqqət yetirildiyi bəllidir. Hətta Bakı Bulvarının idarəçiliyi üçün də məsul olan struktura yüksək status verilib. Bakı Bulvar İdarəsi uzun müddət Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərsə də sonradan bu qurum birbaşa Nazirlər Kabinetinin tabeçiliyinə verilib. Bundan sonra qurumun faktiki idarəçiliyi ölkə prezidentinin İqtisadi məsələlər üzrə köməkçi Əli Əsədovun əlinə keçib.

Bulvarda aparılan bütün təmir-tikinti işlərini, o cümlədən də bulvarın Dövlət Bayrağı Meydanına qədər genişləndirilməsi layihəsini Ə.Əsədovun patronajlığı altında olan şirkətlər həyata keçirilib. Bu prosesdə isə böyük maliyyə maxinasiyaları üzə çıxıb. Belə ki, bulvara son 3 ildə 120 milyon manatdan çox dövlət büdcəsi hesabına investisiya yatırılıb. Orada yenidənqurma işləri 2009-cu ilin sonunda yekunlaşıb. Cəmi 2 il keçəndən sonra işlər keyfiyyətsiz görüldüyündən yenidən təmirə ehtiyac yaranıb. Amma Bakı Bulvarındakı maliyyə maxinasiyaları Əli Əsədovla yekunlaşmır. Daha doğrusu Ə.Əsədov bu əməliyyatda üçbucağın zirvə nöqtəsidir. Bununla bağlı cumhuriyyet.az-ı məlumatlandıran mənbə konkret sxem də göstərib: “Proses Dənizkənarı Bulvar İdarəsinin rəisi Əfqan Şahmarovdan başlayır, ondan sonrakı adam isə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur. Ə.Şahmarov Fərhad Əliyev dönəmində ƏMDK-nin işçisi olub.

Bir sözlə, bu üçlük Bakı Bulvarında sözün əsl mənasında “qaz vurub qazan doldurur”. Mənbəmizin sözlərinə görə “Troyka”nın qanunsuzluqları və pul qazanma əməliyyatlarından birinə diqqət yetirmək kifayətdir ki, maxinasiya sisteminin necə işləməsi haqda təsəvvür yaransın. Bulvarda məşhur “Venesiya” kafesi var. Həmin kafenin sahibi Rasim adlı 70 yaşlı bir kişi idi. Orada abadlıq işləri görüləndə ona deyiblər ki, kafe yenidən qurulub özünə qaytarılacaq. Lakin abadlıq işləri bitdikdən sonra onu kafeyə buraxmayıblar.

Əfqan Şahmarov kafenin gerçək sahibinin burdan çıxarılmasını, Kərəm Həsənov həmin obyektin özəlləşdirmə ənədini, Əli Əsədov isə məkanı ələ keçirməyi təmin edib.
Bakı bulvarının daha bir gəlir mənbəyi burda olan obyeyklərlə bağlıdır. Milli Parkda satılan dondurmaların qiyməti 70 qəpikdən 7 manata qədər dəyişir. Ən çox tələbat olan 0,5 litrlik sular isə 50 qəpikdən 60 qəpiyə qədərdir. Xatırladaq ki, suyun öz qiyməti 20 qəpikdir. Çips və müxtəlif xırdavatlar isə 80 qəpikdən 2 manata qədər, “pambıq” isə 1 manatdır. Adətən ən çox satılan popkorn isə 1 manatadır. Kafe və restoranlarda isə qiymətlər insanı yeməmişdən “doyurur”. Bir şiş kabab 6 manatdan yuxarıdır. Bir stəkan təbii şirə 2 manat, çörək 40 qəpik, təzə və duzlu salat isə 1 manatdır. Meyvə salatı 10 manat, çay dəstgahı isə 12-15 manat civarında dəyişir. Gündüzlər bir stəkan çaya 2 manat tələb olunsa da, axşamlar kafelərin çoxunda çay tək verilmir. Çay əgər zövqə görə mürəbbə ilə gətirilirsə, bu zaman qiymət 4-5 manata qalxır. Bulvar ərazisində siqaret almaq istəyənlər gərək bir az çox pul ödəsinlər. Hər siqaretin üstünə 40 qəpik pul qoyulur.

Əyləncəyə gəlincə, gəmi ilə gəzmək istəyənlər 1 saata 4 manat, uşaqlar üçün 2 manat pul ödəməlidir. Yarım saat gəmidə vaxt keçirtmək istəyənlər 2 manat, uşaqlar üçün 1 manat xərc çəkməlidir. Ən çox karusel və attraksionlarda əylənməyi üstün tutanlar 6 dəqiqə üçün pul ödəməlidir. Bu qiymət, demək olar ki, bütün karuseldə belədir. Yalnız çox da maraq kəsb etməyən karusellərdə qiymət nisbətən aşağıdır. Uşaqlar üçün nəzərdə tutulan karusel isə 4 dəqiqəyə 1 manatdır. Avropa və dünyanın ən inkişaf etmiş ölkələrində belə 1 çaynik çayı 40 manata satmırlar. Bakı Bulvarında hər cür attraksion var: sehrli aləm, gülən güzgülər otağı, qorxu evi, adi və fırlanan yelləncəklər və daha nələr göz oxşayır. Necə deyərlər, ürəyin istəyəni seç…

İstəyirsən lap ata min çap…

Təkcə bir şey qan qaraldır – qiymətlərin od tutub yanması. Bütün obyektlərdə çalışan şəxslər qiymətlərlə bağlı sualları ancaq Bulvar İdarəsindən soruşmağı tövsiyə edirlər. Meyvə şirəsi, dondurma və s. satılan iaşə köşklərində də qiymətlər adi mağazalardan 30-50 qəpik bahadır. Səbəbini soruşduqda deyirlər ki, onlar aylıq maaşlarını alırlar və nəyin neçəyə satılmasının onlara heç bir aidiyyəti yoxdur. Dənizkənarı Bulvar İdarəsinin rəisi Əfqan Şahmarov bu məsələlərdən yayınsa da Bulvarda müxtəlif sahibkarların xidmət göstərməsi haqda fikirlər, sadəcə, aldanışdır, görüntüdür. Reallıq tam fərqlidir. Burada hətta dondurma satışına qoşula bilməzsən. Qıraqdan bir nəfərə də bulvarda ticarətlə məşğul olmağa, xidmət göstərməyə imkan verməzlər. Beləcə, rəqabət olmadığı üçün qiymətlər qeyri-leqal şəkildə və bir nöqtədən yönəldilməklə müəyyənləşdirilir. Bütün bulvar ərazisi bir idarənin nəzarətindədir. Qiymətlər də onların istədiyi kimidir.
Bolgexeber.com