BolgeXeber.Com » Xəbərlər » Bakıda TSEK sədri 1200 manat rüşvət alarkən qolları qandallandı

Bakıda TSEK sədri 1200 manat rüşvət alarkən qolları qandallandı

25-11-2015, 11:44
Oxunub: 3 412 Bakıda TSEK sədri 1200 manat rüşvət alarkən qolları qandallandıDaha bir vəzifəli şəxsə qarşı cinayət işi açıldı

Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan məlumatda deyilir:

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi neqativ amillərlərə, o cümlədən əhalini narahat edən müxtəlif sahələrdə korrupsiya hüquqpozmaları və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.
Dövlət başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədi ilə öz qanunazidd şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və yüksək etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bakı şəhər sakini, II qrup əlilin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrinin qanunsuz əməlləri barədə şikayəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində 2015-ci ilin iyun ayından 5 saylı TSEK-in sədri vəzifəsində işləyən Fəsad Mustafayev “Tibbi-sosial ekspert komissiyaları haqqında”, “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamələrə və Tibbi-Sosial Ekspertiza Mərkəzinin Nizamnaməsinə əsasən mərkəzin fəaliyyətinə ümumi nəzarətin həyata keçirilməsinə, əlillik dərəcələrinin, müddəti və səbəbinin, şəxsin həyat fəaliyyətinin məhdudlaşması dərəcəsindən asılı olaraq I, II və III qrup əlilliyin təyin olunmasına və sair səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar görmə qabiliyyətini itirmiş II qrup əlil olan Bakı şəhər sakininin əlillik dərəcəsinin təsdiq edilməsi üçün təkrar müayinənin və əlillik dərəcəsi üzrə təyinatın aparılmasına görə 2015-ci ilin noyabr ayında 1500 manat istəyərək, razılaşdırılmış 1200 manat pulu görmə qabiliyyəti həddən artıq zəif olduğuna köməklik etməsi məqsədi ilə qohumu ilə birgə gəlmiş şikayətçidən noyabrın 23-də xidməti otağında alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır.
F.Mustafayevin üzərində, xidməti otağı və avtomobilində həyata keçirilmiş baxış, axtarış və götürmə istintaq hərəkətləri zamanı cinayət işi üzrə sübut əhəmiyyətinə malik bir sıra sənədlər aşkar edilərək maddi sübut qismində götürülmüşdür.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
F.Mustafayev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya və digər neqativ hallara qarşı bundan sonra da ardıcıl və kəsərli mübarizə tədbirləri davam etdiriləcəkdir."