BolgeXeber.Com » Xəbərlər » Neftçalada 4 manat 50 qəpik borca görə soyuqdan donan uşaqlar...

Neftçalada 4 manat 50 qəpik borca görə soyuqdan donan uşaqlar...

26-11-2015, 16:58
Oxunub: 2 647  Neftçalada 4 manat 50 qəpik borca görə soyuqdan donan uşaqlar...Neftçala rayonunda mərkəzi istilik sistemi işləmədiyindən sakinlər övladlarını bürümək üçün uşaq bağçalarına yorğan aparırlar

Bu barədə virtualaz.org saytının Şirvan bürosuna sakinlər özləri məlumat verib.Valideynlərin sözlərinə görə, istilik müəssisəsinin qazanxanası işləmədiyindən mənzillərdə, sosial obyektlərdə, məktəblərdə və uşaq bağçalarında dözülməz vəziyyət yaranıb. Virtualaz.org saytının müxbiri bu problemə aydınlıq gətirmək üçün Neftçala Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edib.
RİH-in sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəriman Xəlilov bildirdi ki, bu problem Neftçala RİH-in də diqqət mərkəzindədir: “Həqiqətən də “Azəristiliktəchizat”ın yerli qurumunun istilik verməməsi ucbatından bir uşaq bağçası, 5 məktəb binası, 48 mənzilli yaşayış evi və bir neçə sosial obyektin qızdırılması dayanıb. Halbuki istilik sistemi noyabr ayının 15-dən işə düşməli idi, hətta havaların qəfil soyuması ilə əlaqədar sistemin bir az da tez işə düşməsi üçün müvafiq qurumlara müraciət etmişdik. Amma “Azəristiliktəchizat”ın “Azəriqaz”a borcu ucbatından qazanxanalara qaz verilmir deyə belə vəziyyət yaranıb. Lakin araşdırmalarımız göstərib ki, yerli qazanxananın istifadə etdiyi qaza görə 2015-ci il üçün cəmi 4 manat 50 qəpik, 2014-cü il üçün isə 634 manat borcu var. “Azəriqaz”dan isə iddia edirlər ki, 2014-cü ilə kimi 6-7 il üçün 64 min manat borc yığılıb, ona görə qaz verilmir”.
N.Xəlilov onu da bildirdi ki, problemlə bağlı Salyan Regional Qaz İstismarı idarəsi ilə də əlaqə saxlayıblar: “Bizə bildirildi ki, bu təkcə Neftçala rayonunun problemi deyil, “Azəriqaz”la “Azəristiliktəchizat” arasında yaranmış problemdir, ona görə də qaz verilişini bərpa edə bilmərik. “Azəristiliktəchizat” ASC-dən isə bildirirlər ki, “Azəriqaz” bizim müəssisə yaranmazdan əvvəl yığılmış borca görə qazanxanalara qaz təchizatını dayandırıb”.
Beləcə, iki qurum arasında gedən qovğa bu soyuqda məktəb və bağça uşaqlarını üşütməkdə davam edir.
Bolgexeber.com