BolgeXeber.Com » Xəbərlər » Dini təhsil məsələsi yenidən gündəmə gəldi...

Dini təhsil məsələsi yenidən gündəmə gəldi...

30-11-2015, 11:31
Oxunub: 937 Dini təhsil məsələsi yenidən gündəmə gəldi...Yenə də fərqli baxışlar, fərqli yanaşmalar...

Mən dindar deyiləm. Açığını deyim ki, bir vaxtlar ali məktəblərdə və müxtəlif ixtisasartırma və yenidənhazırlanma kurslarında dinləyicilərə marksizm-leninizm nəzəriyyəsinə əsaslanan materialist fəlsəfəsindən mühazirələr də oxumuşam. Bununla belə dini dəyərlərə həmişə önəm vermışəm, dinimizı mənəvi dəyərlərimizin tərkib hissəsi hesab etmişəm. Olub ki, hətta bukinist mağazasında son manatımı rus ərəbşünası Kraçkovskinin müqəddəs Qurani-Kərimin orjinal tərcüməsi olan “Koran” nüsxəsinin 1965-ci il nəşrinə və fransız Anri Massenin “ İslam. Oçerk istorii ” kitabına verib, qərib şəhərdə pulsuz günlər keçirmişəm. Lakin bütün bunlar mənim dövlətçilik əqidəmə, milli ruhuma, mənəvi düşüncələrimə təsir göstərməyib. Çünki, dinin mənşəyi və mahiyyəti barədə lazım olduğu qədər bilgilərə yiyələnməyə daim səy göstərmişəm.

Kiminin Isa Məsihi İisus Xristos, kiminin Musanı Moisey, Habili Abel, Qabili Kayen, Nuhu Noy, Yəqubu Yakov, Yusifi İosif, Süleymanı Solomon və b. kimi tanımasından asılı olmayaraq əksəriyyətimiz Adəm (Adam ) və Həvvanın (Yeva ) övladları olduğumuzu qəbul edirik. Bununla belə çoxumuz toylarımızda bəy tərifi zamanı “Dəryada batıb Nuhun gəmisi, gəlsin bəyə xələt versin bəyin əmısi” sədaları altında pul toplayarkən Nuhun kimliyinə və nəçiliyinə belə varmırıq. Bəzi dindarlarımız, hətta özünü “hacı” zümrəsinə aid edənlərimiz belə Mariya ilə Mərjəm, Həcər ilə Aqar, Rəbiyyə ilə Rebekka, Rəhilə ilə Raxel arasındakı eyniyyətı anlamaqda çətinlik çəkərək, onları qarışıq salırlar. Sözümün canı nədir?

Bəlkə ictimai həyatımızda ikinci elə bir hal olmayıb ki, cəmiyyət üzvlərinin dini maariflənməsi məsələsi bu qədər ortalığa atılmamış olsun, ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, “orta məktəblərdə dinin tədrisinə ehtiyac varmı” sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılsın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilsin, disskusiyalara, debatlara, polemikalara səbəb olsun, özünə bu qədər tərəfdar və ya əleyhdar toplasın, bir çoxlarını tərəddüddə saxlasın. Söhbət heç də kimin və ya kimlərinsə dinə münasibətindən, inanclarından, mömin olub olmamasından, konkret olaraq fərdi baxışlarından getmir və gedə də bilməz. Maraqlı və düşündürücü olan məsələnin başqa tərəfidir.

Tolerantlıqda bütün dünyaya nümunə göstərilirik, beynəlxalq miqyaslı ən nüfuzlu və mötəbər dini toplantılara ev sahibliyi edirik, məscid və kilsələrin təmiri və bərpası gündən-günə geniş vüsət alır, Qafqazın ən böyük məscidi ölkəmizdə inşa olunur, dini bayramlarımızı isə digər millətlərə və xalqlara xas olmayan xüsusi bir coşqu ilə qeyd edirik, dini mərasimlərin təşkilində və dini ayinlərin icrasında çoxlarını üstələmişik. Dini abidələrə, ibadətgahlara, ziyarətgahlara axın edirik, bəlkə az qala yarıdan çoxumuz cavan və ahıllığımızdan asılı olmayaraq, namaz qılır, ya da oruc tuturuq. Hacılarımızın sayı ildən-ilə artmaqdadır.

Digər tərəfdən “Dini etiqad azadlığı haqqında“ Qanun belə qəbul etmişik. Vətəndaşlarımıza istədikləri dildə təkbaşına, ya da kollektiv şəkildə din öyrənmək və dini təhsil almaq hüququ vermişik. Dini mərkəz və idarələr təsis etmişık. Onlara din xadimləri və dini ixtisaslar üzrə digər kadrların hazırlanması üçün dini təmayüllü tədris müəssisələri-mədrəsələr yaratmaq səlahiyyəti vermışık. 20 ildən artıq bir müddətdə ali dini təhsil müəssisəsi- Bakı İslam Universiteti və onun filialları yaradılıb. BDU-nun və Qafqaz Universitetinin ilahiyyət fakültəsi ilahiyyətçı-islamşünas ixtisası üzrə mütəxəssis hazırlayır. Respublika Dini Araşdırmalar Mərkəzi, müxtəlif dini icmalar, ictimai birliklər, çox sayda cəmiyyətlər fəaliyyət göstərir.Respublikamız bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsinə çevrilib.

Di gəl dini mariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kompaniya xarakteri daşımaqdan o yana gedə bilməyib, Nardaran və buna bənzər hadisələrlə bağlı yada salınıb, mətbuat və televiziya kanallarının gündəmini zəbt edib. Dövlət və dini qurumların yetkililərinin, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə məsələnin çözülməsi istiqamətində konkret və praktik addımların atılmasının şahidi olmamışıq. Baxmayaraq ki, hamımız fərqli yanaşma və baxışlarımıza rəğmən ümumilikdə kimlərinsə müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsində məhz maariflənmənin, dini bilgilərin yetərli olmaması ilə bağlı yekdil qənaətdəyik və məhz uşaq yaşlarından din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qalmalarını təsdiqləyirik. Bunula belə məktəblərdə dinin tədrisi ilə bağlı hər hansı bir fikir ortalığa atılanda, hər hansı bir təklif irəli sürüləndə, dərhal məsələni siyasiləşdiririk, ölkə Konstitusiyasını önə çəkirik, təhsilin dünyəvi xarakterini qabardırıq.

Artıq neçə illərdən bəridir ki, bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar məktəblərdə dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər.”Insanlar xalqının ədəbiyyatını, tarixini, hətta musiqisini məktəblərdə öyrənirsə, niyə də dinini öyrənməsin?“, “Insanların öz mənəvi irsini məktəbdə öyrənməsinə niyə haqqı olmasın ki?“ kimi suallar qoyanların, “Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb, çünki məktəblərdə dini öyrətməyiblər “, “Uşaqların din haqqında bilikləri, məlumatları məktəblərdən alması həm onların mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur“ qənaətində olanların, gec-tez orta məktəblərdə dini dərslərin tədris olunacağına əminlik bildirənlərin sayı yetərincədir.

Bunula yanaşı uşaqlara tolerantlıq, bütün dinlərə hörmət ruhunu tərbiyə etmək üçün dərsliklərdə lazımı məlumatların olmasını deyənlər, dini tədris edə biləcək pedaqoji təmayüllü mütəxəssislərin olmamasını səbəb gətirənlər, hətta orta məktəblərdə dinin tədris olunmasını dünyəvi dövlətin təməl prinsipləri və dəyərləri ilə ziddiyət təşkil etməsinə eyham vuranlar da var. Təhsil Nazirliyi isə öz mövqeyndə israrlıdır ki, ümumi təhsil pilləsinin hər bir səviyyəsində tədrisi nəzərdə tutulan fənlər Azərbaycan Respublikasının Nazirlər kabinetinin qərarı ilə təsdiq edilən ümumi təhsil pilləsinin dövlət standartları və proqramları sənədində ümumi təhsil pilləsinin heç bir səviyyəsində din tədrisi ilə bağlı fənn nəzərdə tutulmayıb.

Maraqlıdır ki, hətta ötən illərdə yeni il qabağı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi səviyyəsində belə bir fikir də səsləndirilmişdi ki, biz öz keçmişımızı, tariximizi, mədəniyyətimizi bilməsək, şəxsiyyətlərimizi tanımasaq, hansısa xalqlarla müəyyən məsələlərdə üz-üzə gələndə deməyə sözümüz olmaz, mədəniyyətimizi, ənənələrimizi necə qoruyuruqsa, dinimizlə də bağlı bu proses getməlidir. Bu haqda bilgilər əlbəttə ki, məktəblərdə verilməlidir. Bütün deyilənlərlə razılaşıb- razılaşmamağımızdan asılı olmayaraq artıq bu vaxta qədər qoyulan və bundan sonra qoyula biləcək bir sıra suallara nəhayət cavab verilməsi zərurəti yaranıb.

Fənnin adı nə olsun, dərsi necə keçək, kimlər dərs desin, hansı materialdan istifadə edək, ədəbiyyat haradan götürülsün, maliyyə haradan tapılsın? Orta məktəblərdə dinlər, ilk növbədə islam dini, bu dinin bəşəri mahiyyəti, tarixi şəxsiyyətləri, islam mədəniyyəti və mənəviyyatı, insanlara təlqin etdiyi mənəvi dəyərlərlə bağlı “Həyat bilgisi” fənni vasitəsi ilə şagirdlərə çatdırılan məlumatları yetərli hesab etmək olarmı? Orta məktəblərdə təməl biliklərinə yiyələnmədən ali təhsil səviyyəsində alnan biliklərin davamlılığına təmınat vermək nə dərəcədə etibarlı sayıla bilər? Bakı İslam Universitetinin və ya BDU-nun ilahiyyat fakultəsinin yetirmələri bu fənnin tədrisinə yararlı hesab oluna bilərlərmi? Xaricdə dini təhsil alanların və ya xaricdən dəvət olunanların xidmətinə bel bağlamaq olarmı? Bəlkə hesab edirik ki, dinin tədrisi dini təriqətlərə, sektalara qoşulanların sayını bir az da artıracaq? Bəlkə də elə gündən-günə artmaqda olan bu proseslərin qarşısını almaqda ən optimal variant məktəblərdə ətraflı dini bilgilərin verilməsi ola bilər?

Suallar çoxdur. Məsələ isə hələ də açıq olaraq qalmaqdadır. Bir həqiqəti qəbul etməliyik ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması demək deyil, dindarlar ordusu yetişdirmək demək deyil, gəncləri mollalaşdırmaq demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Söhbət dinin bəşəri və mənəvı dəyər kimi artıq həyat tərzimizə çevrilməsi ilə nəhayət razılaşmalı olduğumuzdan, daim gündəmimizdə olan bir məsələ ətrafında orta məxrəcə gəlib, pedaqoqlarımızın, təhsil üzrə mütəxəssislərimizin, tanınmış ziyalılarımızın və din xadimlərimizin bir araya gələrək məsələni birdəfəlik çözmək iradəsindən, problemı şərh etmək deyil, problemin üstünə getməkdən gedir.

Məsələyə kimin necə münasibət bəsləməsi və problemin necə sonunclanacağına müdaxilə edə bilmərəm, bircə ona öz əminliyimi bildirə bilərəm ki, yeniyetmə və gənclərimizin məktəb illərindən əldə etdyi dini bilgilərə, bütövlükdə mənəvi və bəşəri dəyərlərə sahiblənməsində nə isə bir çatışmazlıq, sanki yarımçıqlıq var. Bəlkə də elə bunun nəticəsidir ki, el məsəlimizi daim misal çəkən böyüklərimiz də elə “Dad yarımçıq əlindən” deyə-deyə, hələ də “yarımçıqların” əlindən dad çəkməkdədirlər.
Bolgexeber.com
Nadir İsrafilov,təhsil eksperti