BolgeXeber.Com » Xəbərlər » Təhsilimizin fəlsəfəsində iz qoyan tərcümə…

Təhsilimizin fəlsəfəsində iz qoyan tərcümə…

17-12-2015, 17:45
Oxunub: 3 468 Təhsilimizin fəlsəfəsində iz qoyan tərcümə…“Oxumaq, oxumaq, yenə də oxumaq”

Hörmətli professorumuz Şahlar Əsgərovun “Bu düşüncəni dəyişsək, məktəb də dəyişəcək” adlı diqqətçəkən yazısında toxunulan təhsillə bağlı fəaliyyətimizdə istifadə etdiyimiz terminlərin bəzilərinin dövrün tələblərinə cavab verməməsi ilə bağlı maraqlı fikirləri, sözügedən məsələ ilə bağlı mənim də bəzi düşüncələrimi təzələmiş oldu. “Oxumaq savad sayılmır, bilmək savad sayılır, inkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün oxumaq yox, öyrənmək sözündən istifadə edirlər”, deyən professor, bu tezisə inanmaq üçün rus və ingilis dillərində bu sözləri müqayisə etməyi tövsiyə edir, ilk baxışda kiməsə böyük görünməyən bu kiçik fərqin dərindən düşünəndə böyük təsiri olduğunu konkret faktlarla əsaslandırır. Çıxarılan nəticə isə ondan ibarətdir ki, fəlsəfi baxımından oxumaq vasitədir, öyrənmək isə məqsəddir. “Vasitə məqsəd kimi bizim şüurumuza yerləşdirilib. Çox təəsüf ki, bizim şagirdlərimiz məktəblərdə oxuyurlar, öyrənmirlər”.

Yəqin ki, yaşlı və orta nəslin nümayəndələri xatırlamamış olmazlar ki, hələ məktəbə qədəm qoyduğumuz ilk gündən proletariatın dahi rəhbəri, Sovetlər birliyinin qurucusu kimi tanıdğımız V.İ. Leninin “Oxumaq, oxumaq, yenə də oxumaq” vəsiyyətinin təsiri altında təhsilimizi başa vurub, müstəqil həyata qədəm qoymuşuq. Başqa cür ola da bilməzdi. Dillər əzbərinə çevrilən bu ruhlandırıcı şüar bütün təhsil müəssisələrınin foye və dəhlizlərinin bir nömrəli atributu idi. Yeniyetməliyindən, gəncliyindən və yaşlılığından asılı olmayaraq, hamı oxuyurdu. Böyük və qüdrətli bir olkənın hər bir vətəndaşı üçün təhsilin əyani, qiyabi, axşam, fezo, fəhlə və gənclər məktəblərindən ibarət geniş şəbəkə yaradılmışdı.

Maraqlı olan və diqqətçəkən məqam nə idi və nədir? Yarım əsrdən artıq bir müddətdə Leninin “Uçitsya, uçitsya, yeşo raz uçitsya” çağırışı tərcümədə dilimizdə “Oxumaq, oxumaq, yenə də oxumaq” kimi assosiasiya olunub. Halbuki “uçitsya” anlayışı rus dilində oxumaq deyil, öyrənmək mənasını verir. Oxumaq isə rus dilində “çitat”, “proçitat” sözlərilə ifadə olunur. Məsələn, çitat vslux (ucadan oxumaq), proçitat stixotvoreniye (şeir oxumaq) və s. Uçenik (şagird), uçitel (müəllim), uçyonıy (alim) sözləri “uçit” (öyrətmək) kökündən götürülüb. Elə qardaş türk dilində də şagırdə öyrənci, müəllimə öyrətmən deyilir. Əslində dilimizdə oxumaq sözü əsasən hər hansı bir mahnı və ya şer oxumaq kimi başa düşülür. Dərsi isə oxumaq deyil, öyrənmək tələb olunur.

Çox ehtimal ki, hüquq təhsilinə malik olan Lenin indiki terminologiya ilə desək, uçitsya mesajını verərkən, oxumaq və öyrənmək anlayışlarının fərqində olmamış deyildi. Bununla belə tam əminliklə hökm də vermək düzgün olmaz ki, Lenin bu fikri irəli sürərkən, özlüyündə oxumağı, yoxsa öyrənməyi nəzərdə tutub. O da inandırıcı görünmür ki, rəhbərin bu fikirlərinin düzgün açıqlanmasında tərcümə xətasına yol verilib. Ən əsası ona görə ki, o dövrlərdə ölkəmizdə rus dili bilicilərinin və peşəkar tərcüməçilərin sayı indikində qat-qat artıq idi və hansısa dərslikdə, məsələn, tut ağacının “derji derevo” (ağacı tut) kimi tərcümə olunmasına qətiyyən yol verilə blməzdi.

Çox ehtimal ki, belə bir tərcümə o vaxtlar oxumağın attestat, diplom almaq xatirinə deyil, elə məhz öyrənmək, bilik əldə etmək məqsədinə xidmət etməsindən irəli gəlib. Bizlər məktəbə gedərkən yalnız 9-10-cu siniflərdə bilmişik ki, sən demə bizə məktəbi bitirməyimizlə bağlı kamal attestatı adlı hansısa bir sənəd veriləcək. İnstitut və ya universitetə daxil olmaq da diploma görə deyil, ali təhsil almaq, mükəmməl bir peşəyə yiyələnmək arzumuzdan irəli gəlib. Dərsdən kənar qalmaq, təhsildən yayınmaq kiminsə ağlına belə gəlməzdi. Arada bir müəyyən “üzürlü” səbəblərdən dərsdən qaçmağmıza və ya qripə tutulmağımızla bağlı bir-iki gün məktəbə getməməyimizə görə müəllimin və ya sinif rəhbərinin evimizə gəlməsi bizim üçün ən sərt cəza sayılardı, proqram materialından geri qalmamaq üçün əlavə ev tapşırıqlarını yerinə yetirməli olardıq və s. Nə isə…

Əgər hesab etsək ki, Leninin “Uçitsya, uçitsya, yeşo raz uçitsya” lozunqunun 70 il ərzində bizə “Oxumaq, oxumaq, yenə də oxumaq” kimi təqdim olunması tərcümə xətası olub, bəs onda orta məktəblərimizin 5-ci sinifləri üçün nəzərdə tutulmuş “Azərbaycan tarixi kursu”nu “Ata yurdu” adlandırmağımızı nə ilə izah etmək olardı? Bəlkə, ideya təşəbbüsçüləri kursun adını dəyişərkən “Oteçestvo” sözü ilə “Otçestvo” sözünü qarışıq salıblar? Bəlkə hesab ediblər ki, rus qonşularımızın “Oteçestvennaya istoriya” adlandırdığı tarix, “Otes” (ata) sözündən götürülüb? Əslində, bəlkə də bu ideya müəlliflərini “qınamaq” da ədalətsizlik olardı. Çünki bu rusların dilində elə qəribəliklərmi deyək, incəliklərmi deyək, var ki, bundan da hər adamın baş çıxarması müşkül məsələdir. Gəl indi bu “Oteçestvo” (Vətən) ilə “Otçestvo” (ata xətti ilə soyad) arasındakı bir hərf fərqinə görə baş sındır.

Hər halda ziyanın yarısından dönmək də bir xeyirdir, deyiblər böyüklərimiz. Nə yaxşı ki, dərsliklərimizdə və digər tədris vəsaitlərində rus dilinə əsaslanıb “oteçestvennaya voyna” sözünü “ata müharibəsi”, “za oteçestvo” sözünü “ata uğrunda”, “rodina mat zovyot” sözünü “ata vətən çağırır” kimi ifadə etməmişık, yoxsa aləmə biabır olardıq. Bir də ki, yeri gəlmişkən, ana vətən, ana torpaq deyə-deyə, yurdumuzu ata mülkiyyətinə çevirib, “özəlləşdirməyimizə” nə ehtiyac vardı?

Keçək sözün “mustafasına”. Professorun haqlı, həyəcan xarakterli iradına əsasən, indi oxumağın mahiyyəti dəyişıb. Oxuma prosesinin arxasında mənimsəmə durmur, halbuki, oxumağa yox, mənimsəməyə qiymət qoymaq olar. Bəli, inkişaf etmiş ölkələrdə bu prosesləri ifadə etmək üçün “oxumaq” yox, “öyrənmək” sözündən istifadə edirlər. Məhz, öyrənməyi öyrətməyin vaxtı çoxdan yetişıb. Artıq, biz təhsil alanlardan nəinki biliklərə yiyələnməyi, eyni zamanda bu bilikləri anlamağı da tələb etməliyik. Bunun üçün isə ilk növbədə bu kimi vərdişləri təhsil alanlarımıza aşılamağa özümüzü borclu hesab etməliyik, oxumağa yanaşma tərzimizi dəyişməliyik.
Bolgexeber.com
Nadir İsrafilov, təhsil eksperti