BolgeXeber.Com » Xəbərlər » “Balamı həkimlər öldürüb” - 10 saylı qadın məsləhətxanasında

“Balamı həkimlər öldürüb” - 10 saylı qadın məsləhətxanasında

23-12-2015, 10:37
Oxunub: 4 118 “Balamı həkimlər öldürüb” - 10 saylı qadın məsləhətxanasında“Mənim balamı həkimlər öldürüb. İndi də mətbuata yalan məlumatlar verirlər ki, guya mən uşağımı məcburi aborta aparmışam”

Bu sözləri alodoctor.az saytına abort zamanı dünyasını dəyişən 1982-ci il təvəllüdlü Günəş Ustayevanın anası Nəcabət deyib. Günəş paytaxtın Xətai rayonu, Vunq Tau küçəsi 13 ünvanında yerləşən 10 saylı qadın məsləhətxanasında həyatını itirib. Anasının sözlərinə görə, qızı abort üçün əməliyyata girməzdən əvvəl çox qorxub. Qorxduğuna görə də həkimlər G.Ustayevanı sakitləşdirmək üçün ona iynə vurublar: “Xəbərlərdə oxuyuram ki, həkim deyib, guya mənim uşağım çığır-bağır salıb orda, divarın küncünə qısılıb ağlayıb ki, abort etdirmək istəmirəm. Guya mən qızımı ora məcbur edib aborta aparmışam. Hansı ana qızını məcburi aborta aparar? Yalan deyirlər hamısını. Öz təqsirlərini bizim boynumuza atmaq üçün belə açıqlama veriblər. Əgər uşaq narahat idisə, özünü divara vurub ağlıyırdısa, abort etdirmək istəmirdisə mənə niyə qiymət oxuyurdular. Hələ həkim deyirdi uşaq böyükdürsə, 150 manat verəcəksən, balacadırsa – 100 manat”.
Ana qeyd edib ki, həkimin vurduğu iynədən sonra qızın vəziyyəti pisləşib: “Həkim əməliyyata başlamazdan əvvəl qızıma iynə vurdu. Dedi, narahat olma, 2 dəqiqəyə qurtarıram. Mənim uşağımın heç bir problemi yox idi. Bu günə qədər bircə dəfə də nədənsə şikayət etməyib. Həkimlər özlərini təmizə çıxarmaq üçün uşağımın üstünə şər atırlar ki, guya özünü ora–bura vurub. Qorxurdu deyə, bir az narahat idi. Mən özüm də həkiməm, uşağım özünü ora-bura vursaydı, mən özüm buna imkan verməzdim ki, abort etsinlər. Qızım öz razılığı ilə getmişdi aborta. Balaca uşaq deyil ki, mən onu məcbur edib aparım. Həkimlərin vurduğu köhnə iynə öldürdü mənim balamı”.
Qeyd edək ki, Bakıda bətnindəki 6 həftəlik əkiz dölü abort etdirmək üçün qadın məsləhətxanasına gedən 33 yaşlı Günəş Ustayeva qəfildən ölüb. Həkimlər qadının anası tərəfindən məcburi aborta gətirildiyini bildirib. Həkimlərin sözlərinə görə, ərazidəki poliklinikalardan birində şöbə müdiri kimi fəaliyyət göstərən Nəcabət xanım qızını bu əmələ məcbur edib. Məsləhətxanaya məcburi surətdə gətirilən qızını ana heç bir həkimlə məsləhətləşmədən birbaşa baş mamaginekoloq Şərqiyyə Əliyevanın otağına qalxıb. Elə hər şey də bundan sonra başlayıb. Hamilə qadın abort etdirmək istəmədiyi üçün otağa daxil olan kimi dərhal küncə qısılıb və ağlamağa başlayıb. Şərqiyyə Əliyeva onu sakitləşdirməyə başlayıb. İddialara görə, hamilə qadın çığır-bağır salmağa başlayıb. Onu sakitləşdirməyə çalışıblar. Lakin bütün bu səylərə baxmayaraq, Günəş Ustayevanın vəziyyəti getdikcə pisləşib. Həkimlər ona ilkin tibbi yardım göstərsələr də, həyatını xilas edə bilməyiblər.
Bolgexeber.com