BolgeXeber.Com » Xəbərlər » Pedaqoji Kollecdə qış yığımı başladı

Pedaqoji Kollecdə qış yığımı başladı

24-12-2015, 15:13
Oxunub: 2 638 Pedaqoji Kollecdə qış yığımı başladıAzərbaycan Dövlət Pedaqoji Kollecinin fəaliyyətində müşahidə olunan neqativ hallar davam edir

Bolgexeber.com xəbər verir ki, Nurlana Əliyevanın rəhbərlik etdiyi bu təhsil müəssisəsi özbaşınalıqlarla idarə olunur.

Xalqxeber.az-a verilən məlumatlarda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava öz gərginliyi ilə diqqəti cəlb edir. Kollecdə artıq növbəti qış sessiya imtahanları üçün pul yığımına start verildiyi bildirilir.

Bildirilir ki, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Dərslərdə iştirak etməməyin aylıq "xərci” 100 manatdır.
Tələbələr bildirirlər ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır.

Yaxşı oxuyanlar üçün məbləğ 250-300 manat, oxumayanlar üçün 350-400 manatdır. Bundan başqa da, məlumatlarda bildirilir ki, Nurlana xanımın davamiyyətin aşağı salınmasında xüsusi marağı var. Belə ki, dərslərə gələn tələbələr imtahan sessiyasını "uğurla” başa vurmaq üçün 400 manat ödəməlidirlərsə, dərslərdə iştirak etməyən tələbələr üçün bu məbləğ artıq 600 manat dəyərində müəyyənləşdirilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Təhsil Nazirliyində Nurlana Əliyevanın təqaüdə çıxarılması ilə bağlı məsələyə də baxılmışdı. Ən azından, son 25 ili bu təhsil müəssisəsinə rəhbərlik edən kollec direktorunun yaşı buna tam əsas verir. Qarşı tərəfin də mövqeyini öyrənə bilərik.