BolgeXeber.Com » Xəbərlər » Fond sədrindən prezidentə kredit - Şikayəti

Fond sədrindən prezidentə kredit - Şikayəti

30-12-2015, 10:15
Oxunub: 5 174 Fond sədrindən prezidentə kredit - Şikayəti "Şirzad Abdullayev dövlətin sahibkarlığın inkişafı üçün ayırdığı pulu öz şəxsi vəsaiti kimi ürəyi istədiyi şəxslərə verdirir"

“İlham” MMC kəndli fermer təsərrüfatı rəhbəri iflas həddinə çatıb. Sahibkar İqbal Mikayılov musavat.com-a deyib ki, ağır imtahan qarşısında prezidentə müraciət edib iflas həddinə çatdırılmasını səbəblərini çatdırmaq istəyir. Onun prezidentə müraciətini təqdim edirik:

"Möhtərəm cənab prezident!

Bu gün ölkəmizdə sahibkarlığın inkişafına bilavasitə cavabdeh olan nazir Şahin Mustafayev və Sahibkarlığa Kömək Milli Fondunun sədri Şirzad Abdullayev cidd-cəhdlə mənim kimi əli qabarlı, zəhmətkeş sahibkarların fəaliyyətinə böyük əngəllər yaradırlar. Şirzad Abdullayev dövlətin sahibkarlığın inkişafı üçün ayırdığı pulu öz şəxsi vəsaiti kimi ürəyi istədiyi şəxslərə verdirir. O, banklara göstəriş verməklə güzəştli kreditlər ayıraraq Sizi və ölkə ictimaiyyətini aldadır. Məcburiyyət qarşısında qalıb güc sturukturlarımızın rəhbərlərinə müraciət etdim. Amma Şahin Mustafayev qəti narahat olmadı. Heç düşünmədi ki, niyə görə sahibkar aidiyyəti üzrə mənə deyil, güc nazirlərinə müraciət edir? Bir sahibkar kimi Şahin Mustafayevə müraciət etmişəm - arxasında iri ranqlı məmur olmayan hansı sadə, öz zəhməti ilə təsərrüfat yaradan sahibkarlara 100 min, 200 min, 300, 400 min, 500 min və sair güzəştli kredit vermisiniz? Sualıma Şahin Mustafayev cavab verə bilmədi. Çünki sadə sahibkarlara maksimum 15 min manat güzəştli kredit verilir. Amma mən araşdırma aparmışam, Şirzad Abdullayev 1 milyon, 2 milyon güzəştli kredit verdiyi şəxslər yüksək vəzifə sahibləridirlər. Amma mən dövlətimdən 75 min manat kredit götürüb təsərrüfatımı genişləndirə bilmirəm.

Cənab Prezident!

2014-cü ilin aprelində Şirvan şəhərinin səhralığında, yolu, işığı, suyu olmayan ərazidə böyük təsərrüfat yaratdım. Şahin Mustafayev, Şirzad Abdullayev üçün ölkəmizdə mənim kimi sahibkarların fəaliyyət göstərməsi, dövlətimizə, xalqımıza fayda verməsi qəti önəmli deyil. Onlar elə hesab edirlər ki, sahibkarlığın inkişafına Sizin bilavasitə ayırdığınız vəsait şəxsi pullarıdır. Şirzad Abdullayev banklarla əlbir olub oyun oynayır, sahibkarlara zülm edir. Bu gün ölkəmizdə aqrar sahənin inkişafına əngəl olan bilavasitə Şirzad Abdullayevdir. Mən bunu öz timsalımda görmüşəm. Mənim “Yeni Müsavat” qəzeti vasitəsi ilə Sizə müraciət etməyimi Şirzad Abdullayev dövlətə xəyanət kimi qəbul edir. Halbuki qəzet sırf Şirzad Abdullayev kimi məmurlar tərəfindən haqqı tapdananların güvəndiyi bir mətbu orqandır. Ən böyük xəyanət dövlət başçısının siyasətinə zidd hərəkət edib ölkənin iqtisadi, aqrar sahəsinin inkişafını iflic edərək xalqı ölkə rəhbərliyindən narazı salmaqdır.

Cənab Prezident!

Hesablama Palatasının SKMF-də aşkar etdiyi ciddi qanun pozuntuları barədə yaydığı məlumat mənim qeyd etdiklərimi bir daha təsdiq etdi. İnanıram ki, müraciətim Siz tərəfdən nəzarətə götürüləcək və zamanında zəruri tədbirlər görüləcəkdir".
Bolgexeber.com