BolgeXeber.Com » Xəbərlər » Prezidentin antiinhisar fəaliyyətini sabotaj edən “Kərbəlayi İsmayıl” kimdir?

Prezidentin antiinhisar fəaliyyətini sabotaj edən “Kərbəlayi İsmayıl” kimdir?

7-01-2016, 19:10
Oxunub: 3 266 Prezidentin antiinhisar fəaliyyətini sabotaj edən “Kərbəlayi İsmayıl” kimdir?Deputat Əsabil Qasımov dekabrın 21-dən un bazarında ajiotaj yaradıb

Biznesmen parlament üzvü manatın üzən məzənnəyə keçidindən sonra un məmulatlarını kəskin şəkildə bahalaşdırıb.
Ölkə başçısının süni bahalaşmaya gedənlərin cəzalandırılacağı haqda xəbərdarlığına məhəl qoymayan Ə.Qasımovun şirkəti böhrandan mənfəətlə çıxmağı hesablayıb.
Bu da azmış kimi, deputat biznesi olduğunu da ictimaiyyətdən gizlətməyib. Halbuki, deputat mandatı olan şəxsin bizneslə məşğul olması qanunla qadağandır. Amma çi fayda…
Tia.az-ın xəbərinə görə, Ə.Qasımovun rəhbəri olduğu və oğlu tərəfindən idarə edilən “Karat Holdinq” MMC devalvasiyadan qabaq 18 manata olan 50 kiloluq unu 27,50 manata qaldırıb. Un bazarında panika və hegemonluq yaradan deputatın şirkəti prezidentin tapşırıqlarına qarşı gəlməkdədir.
Ə.Qasımov isə özünə arxayın şəkildə süni qiymət artımına yol veməkdən çəkinmir. Mənbənin sözlərinə görə, dövlət başçısına bazarda inhisarçılıq yaradanlar barəsində dosye təqdim olunub. Prezidentə çatdırılan materiallarda son hadisələrdən hansı monopolist oliqarx və məmurların sui-istifadə etdiyi haqda faktlar toplanıb. Qaynağımız qeyd edir ki, siyahıda Ə.Qasımovun şirkəti də yer alıb.
Deputatın ölkə başçısının göstərişlərinə əks olaraq addım atması və ağır situasiyada “Kərbəlayı İsmayıl” statusunda olması, sabotajla məşğul olması mərkəzi dairələrin diqqətindən yayınmayıb.
Daxil olan məlumatda iddia olunur ki, ölkə başçısı süni ajiotaj yaradan və kəmfürsətlik edən məmurlar haqda ölçü götürəcək. Ə.Qasımovun un bazarında təşviş yaratması, əhalini çətinə salması və belə vaxtda narazı kütləni aktivləşdirməsi hökumətin iqtisadi siyasətinə xəyanət kimi qiymətləndirilir. Bundan əlavə, deputat açıq şəkildə bizneslə məşğul olduğunu söyləyib. Onun bu etirafı hüquq-mühafizə orqanları üçün araşdırma mövzusudur. Çünki biznesi olan deputatın işinə baxılmalıdır.
Belə ki, Ə.Qasımov musavat.com-a müsahibəsində bunları söyləyib: “Biz unu 27-yə satmırıq. Əvvəla, bütün zavodlar 25.50-26 manata satır. Bu, İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılıb, əhalinin vəziyyəti, devalvasiyanın həcmi nəzərə alınıb. Əslində, baha satılmalıdır, ancaq satılmır. Bəli, un 18.50-yə, yaxud 19 AZN-ə idi. Təbii ki, keyfiyyətindən asılı olaraq. Əvvəllər, yəni 18.50 AZN-i 1.05-ə bölürdük, edirdi 17.60 AZN. İndi bunu 1.56-ya vurmalıyıq – 27.48 olur. Əvvəlki qiymətlə müqayisədə vəziyyət belə olmalıdır.
Bu gün bazar tamamilə açıqdır. Azərbaycanda 30-dan da çox zavod var. O zavodlara da heç kəs mane olmur. Un bazarında monopoliya adında şey yoxdur. Azərbaycanda 30 zavod un istehsal edir. 30 zavod məhsul istehsal edirsə, burda monopoliyadan söhbət gedə bilərmi? Mənim biznesimdə, un istehsalımda nə monopoliya, nə maneə var”.
Deputat biznesi olduğunu qeyd edir və üstəlik, monopoliya yaratmadığını iddia edir. Gəlin baxaq “Karat Holdinq”in tərkibinə hansı şirkətlər daxildir:“Karat” MTK, “İdeal” MMC, “İzmir” MMC (tikinti şirkətləri); “Azinvest” tikinti şirkəti; “Everest-M”, “Şin Servis” (armatur alğı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə makaron fabriki; Hökməlidə kisə fabriki; “ASTEL” MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda quşçuluq fabrikləri); taxıl anbarları və dəyirman kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); “Gəncə Fatoğlu” (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi, 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi, 21 və Süleyman Rüstəm küçəsi, 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi, 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina; Süleyman Rüstəm küçəsi 61-də yerləşən “Premium Market” və s.
“Bunlar sadəcə bizə məlum olan şirkət, fabrik və binalardır. Lakin deputat Əsabil Qasımovun bunlardan başqa saysız-hesabsız əmlaka və mülklərə də sahib olduğu hər kəsə məlumdur.
Bu iddialarla bağlı deputatın mövqeyini dərc etməyə hazırıq.