BolgeXeber.Com » Xəbərlər » Binəqədidə sahibkardan 30 min rüşvət istədilər - Prezidentə şikayət olundu

Binəqədidə sahibkardan 30 min rüşvət istədilər - Prezidentə şikayət olundu

10-01-2016, 11:51
Oxunub: 2 346 Binəqədidə sahibkardan 30 min rüşvət istədilər - Prezidentə şikayət olunduSon dövrlər bəzi icra hakimiyyətinin başçılarının və yaxın ətrafının iş adamlarına qarşı qeyri-qanuni tələblər irəli sürməsi halları çoxalıb

Bu məsələdə ən çox adı hallanan Binəqədi rayonudur. Dünən daha bir sahibkar yerli icra hakimiyyəti orqanlarının təzyiqi ilə üzləşməsi ilə bağlı «Unikal”a şikayət edib. Binəqədi qəsəbəsi 2-ci mədən, korpus 100 ünvanda yerləşən obyktin sahibi Mürsəlov Rövşən Novruz oğlu Binəqədi rayon icra hakimiyyətinin və bələdiyyə rəsmiləri tərəfindən təzyiqə məruz qaldığını deyir: «Mən bu ərazidə on ildən çoxdur ki, fəaliyyət göstərirəm. Min-bir əziyyətlə obyekt tikmişəm, indi də gəlib heç bir əsas olmadan sökürlər. Məsələnin təfərrüatını nəzərə çatdırmaq üçün deyim ki, bir neçə gün öncə bələdiyyənin nümayəndəsi Pərviz gəlib öz ərazimdə həyata keçirdiyim tikintini dayandırmağı tələb etdi. Səbəbini soruşanda isə heç bir arqument gətirmədən dedi ki, Binəqədi icra hakimiyyətinin təsərrüfat şöbəsinin rəsmisi Mirpaşanın istəyidir. Onun sözlərinə görə, ya tikintini davam etdirmək üçün 30 min verməliyəm, ya da tikinti dayanacaq, üstəlik ətrafdakı könhnə obyektlərim də söküləcək. Mən onlara bildirdim ki, tələbləri qanunsuzdur və işimi davam elədim. İki gün keçmədi ki, Binəqədi rayon icra hakimiyyətinin, bələdiyyənin nümayəndələri və polis əməkdaşları ilə birgə əraziyə daxil olub yeni tikililərin hamısını dağıtdılar. Halbuki mən ora nə qədər pul tökmüşdüm. İndi də deyirlər ki, 2006-cı ildən fəaliyyət göstərən obyekti də sökəcəyik”.
Sahibkar onu da qeyd edib ki, bütün sənədləri qaydasındadır. Onun sözlərinə görə, yerli icra orqanlarının hər hansı bir iddia irəli sürmək ixtiyarı yoxdur: «Hər bir ödənişi zamanında eləmişəm, vergi və rüsumları vermişəm. Binəqədidəki bütün tikinti işi görənlərə qarşı bu cür münasibət var. Hərədən 5-10 min pul yığırlar. Kim vermədisə, mənim günümə salırlar. Bilmirəm, dərdimizi kimə deyək. Sabah yenə gəlib gözümüzün dikildiyi obyekti sökəcəklərini deyiblər. Qeyri-qanuni söküntü işinin videosunu çəkirdim, ona da imkan vermədilər. Bütün yuxarı instansiyalardan kömək istəyirəm”.
Şikayətçi onu da bildirib ki, məsələylə bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Dixili işlər naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova və digər aidiyyatı orqanların rəhbərlərinə müraciət edib.
Qeyd edək ki, İlham Əliyev hyər zaman sahibkarlara mane olmağa cəhd edənlərə qarşı çıxıb. Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” verilən qanun layihəsini təsdiqləyib. Bildirib ki, biznesin inkişafına mane olanlar öz cəzasını alacaqlar. Prezident sahibkarların işinə mane olanlara bütün çıxışlarında xəbərdarlıq edib. Bir müddət öncə dövlət başçısı vurğulayıb ki, bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklər edilir, onların işinə müdaxilələr, qanunsuz ödəmələr tələb olunur. Bütün bu hallara son qoyulması üçün həm inzibati, həm cəza tədbirləri davam etdiriləcək. “Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər. Çünki ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Bunu həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Kim ki, söz başa düşmür, öz cəzasını alacaq”, - deyə İlham Əliyev bildirib. Prezident söyləyib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra da aparılacaq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq. Artıq ictimaiyyət bunu görür və görəcək. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Dövlət başçısı deyib ki, sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür.
Xatırladaq ki, prezidentin sərəncamı ilə sahibkarların yoxlanılması 1 noyabr tarixindən iki il müddətinə dayandırılır. Yalnız vergi və korrupsiya yoxlamaları aparıla bilər və həyati əhəmiyyət daşıyan sahələr yoxlanıla bilər. Bu qanunu Milli Məclis ratifikasiya edib.
Amma bütün bunlara baxmayaraq, bəzi məmurlar hələ də öz qanunsuz əməllərini davam etdirirlər.
Bolgexeber.com