BolgeXeber.Com » Xəbərlər » Cəbrayılın icra başçısı işdən çıxarılır - Mahmud Quliyev Bakıya çağrılıb…

Cəbrayılın icra başçısı işdən çıxarılır - Mahmud Quliyev Bakıya çağrılıb…

14-01-2016, 18:32
Oxunub: 9 486 Cəbrayılın icra başçısı işdən çıxarılır - Mahmud Quliyev Bakıya çağrılıb…Bu gün tanınmış yazıçılardan biri redaksiyamıza zəng vuraraq soruşdu: «Görəsən, manatın devalvasiyasının bəzi məmurların mədəniyyətinin və ya insanlarla rəftarının da deqratasiya olunmasına, aşınmasına da təsir edir?»

Sualın cavabı artıq bəlli ildi… Xırdalığa qədər izahlamaq istəmirəm ki, manat dolların qarşısında əzilib-tapdandıqca onun ən yaxın dostu olan sadə insanların səbr kəsası da dolub-daşırdı… Bu dolub-daşma ötən gün 4-5 rayonda qiymət artımına etirazların baş qaldırılması ilə özünü büruzə verdi. Təbii ki, ən yuxarı dairələrdə də bilinirdi və təmkinlə yanaşma ortaya qoyulurdu ki, burda bircə qram da olsun siyasi rəng yoxdur. Yəni, Məmməd kişi də, Fatma xala da… pensiyasının qalxan qiymətlərə uyğunlaşdırılmasını tələb edirlər. Mən demirəm ki, adını hamının bildiyi rayonlarda etiraz edənlər qarın davasına çıxmışdılar. Əsla! Onlar sosial haqlarını bir insan, vətəndaş olaraq yerli məmurlara bildirirdilər. Uşaq dərdini kimə deyir, atasına… Bu mənada etiraz edəndən sərt formada inciməyə dəyərmi?

Ammaa bunları deməkdə sözümün canı var… Bəli, insafla danışsaq, ölkənin birinci şəxsi-Prezident var gücü ilə sübut etməkdədir ki, «El ilə gələn bəla toy-baramla qarşılanmalıdır!». Yəni, dollar təkcə sadə insanlar, krediti olanlar üçün qalxmayıb, həm də milyonçu dediyimiz, «zavtrak»ını Bakıda, günortasını Parisdə yeyən filan məmurın bank hesabları üçün də qalxıb.
Gəlin əyri oturub düz danışaq: belə bir vəziyyətdə hər kəs üçün «qalxmaq» sözü yasaq olmalıdır: əgər biz dolların qəfil qalxmasını pisləyiriksə, niyə adamların da bölgələrdə ayağa qalxmasını da pisləməyək?!

İndi bizdə iki şey bir-biri ilə tərs mütənasibdir ki, o da bizim ziyanımızadır. Neftin qiymətinin düşməsi ilə təzyiqimizin qalxması! Yaxud, əksinə, dolların qalxması ilə əhvalımızın aşağı düşməsi. İndi oğul lazımdır ki, bu tərs-mütənasibliyi tarazlasın.

«Mahmud Quliyev sərt cəzalandırılacaq…»

Təssüf ki, belə bir məqamda hamının mövcud vəziyyətə səbr və təmkinlə reaksiya verdiyi halda, Cəbrayılın icra başçısı dolların acığını camaatdan çıxmaq istədi. Səbəb də odur ki, 23 ildir gözünü dövlətin yardımına dikən məcburi köçkünlər süni qiymət artımına etiraz edib başçıdan-Prezidentin yerdəki səlahiyyətli nümayəndəsindən tədbir görməsini tələb ediblər… Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev isə, əksinə, ona ərk edib sözünü deyən etirazçıları təhqir etməklə yanaşı, polislərə onları tutmağı, dama basmağı əmr edib. İcra başçısının davranışlarını əks etdirən video sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirə mövzusuna çevrilib.
İndi Mahmud Quliyevə ikicə sual vermək istəyirəm: Mahmud müəllim, Prezident İlham Əliyev də son günlər baş verən problemlərlə bağlı onun rəsmi internet poçtuna əhalidən gələn təklif və rəyləri nəzərə alaraq Nazirlər Kabinetinin geniş müşavirəsini keçirdi. Prezident neftin süni qiymət endirimləri ilə yanaşı, manatın zəifləməsi, yəni devalvasiyası (infilyasiyası), həmçinin dolların qalxması fonunda suni qiymət artıranlara sərt sözünü dedi, bəzi məmurların cəzalandırılacağını bəyan etdi… Amma siz, əksinə, rəhbəri olduğunuz bölgədə süni qiymət artıranları cəzalandırmaq əvəzinə, bu artıma etiraz edənləri söyüb-təhqir etdiniz. Sizin yersiz məntiqinizlə, onda gərək Prezident onun poçtuna süni qiymət artımına dair şikayət etdirənlərin basıb gözünü çıxardaydı? Bəli, Prezident böyüklüyünü bir daha göstərdi, siz isə…

İkinci sual: niyə oxşar etirazçılar Ağdam rayon İcra Hakimiyyətində də baş qaldırmadı? Ona görə ki, rayonun icra başçısı Raqub Məmmədov həmin ərəfədə qabaqlayıcı tədbirlər gördü… Rayon mərkəzi olan Quzanlıda yaşayan qohum-qardaşlarıma zəng vurub vəziyyəti soruşdum. Dedilər ki, bəzi dələduzlar istisna olarsa, Ağdamda başçının tapşırığı ilə ət Yeni ildən əvvəlki qiymətlə, un, çörək və digər məhsullar da köhnə qiymətlə satdırılıb. Hətta dedilər, başçı tapşırıb ki, kimə qiymət artımı ilə mal satmaq lazımdırsa, getsin lazım olan yerə, Ağdamda bu mümkün olmayacaq.
Cənab Mahmud Quliyev, siz niyə oxşar qabaqlayıcı tədbirləri görmədiniz? Bəs Prezidentin çağırışı, tapşırığı, etibar və etimadı sizin üçün deyildi ki?!

***
Onu da deyim ki, bu gün Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən olan deputatı Astan Şahverdiyev haqlı olaraq deyib ki, «…Əlbəttə, Mahmud Quliyev düz hərəkət etməyib, insanları təhqir etmək olmaz. Şəxsiyyətindən, kimliyindən asılı olmayaraq heç kimi təhqir etmək olmaz. İnsanlarla davranışda heç olmazsa cənab Prezidentə baxıb nümunə götürsün!”.
Dəhşətlisi isə səhvini anlamamaqdır: öz məcburi köçkün həmdərlilərini-həmyerlilərini təhqir edən Mahmud Quliyev isə görün saytlara nə deyib: «…Mən heç kəsi söyməmişəm. Söyüş odur ki, kiminsə anasını, dədəsini söyərlər. O videoda söyüş var? Mən orada “rədd ol” ifadəsi işlətmişəm. Rədd ol söyüşdür? Onların hamısı öyrədilmiş adamlardır (Çörək istəmək üçün səni kimsə öyrətməlidir???Red.). Bir dənə “köpəkoğlu” sözü demişəm, vəssəlam. Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?” Öz qohumlarımdı, də, ərk edib demişəm…».

***
Məncə, əlavə şərhə heç əl yeri də yoxdur… Amma bu sətirləri yazanda Cəbrayıl RİH-dən zəng edən şəxslərdən biri əməkdaşımıza bildirdi ki, artıq başçını bu davranışına görə Prezident Administrasiyasından bərk danlayıblar və o, təcili olaraq Bakıya çağrılıb. Onun sözlərindən belə başa düşmək olar ki, icra başçısı dilinin və xarakterinin qurbanlığıdır, onu vəzifəsindən kənarlaşdıracaqlar. Çünki Prezident İlham Əliyev dəfələrlə məmurların qudurğanlığından danışıb, belələrinin sərt cəzalandırılacağını deyib. Məndən inciməsin, hesab edirəm ki, Mahmud Quliyevin bu daranışı cənab Prezidentin dediyi həmin o qudurğanlığın tipik nümunəsidir…

Asif Mərzili
tezadlar.az