BolgeXeber.Com » Xəbərlər » Sumqayıt şəhər 22 saylı məktəbdə baş vermiş olay gözlənilən idi-VİDEO

Sumqayıt şəhər 22 saylı məktəbdə baş vermiş olay gözlənilən idi-VİDEO

16-01-2016, 12:41
Oxunub: 10 068 Sumqayıt şəhər 22 saylı məktəbdə baş vermiş olay gözlənilən idi-VİDEO “Qayda mənim dediklərimdir!”

Dünən bir çox kütləvi informasiya vasitələrində, eləcə də televiziya efirində Sumqayıt şəhəri 22 saylı orta məktəbin müəllimi tərəfindən şagirdlərdən birinin döyülməsi ilə bağlı məlumat yayılmışdı. Məlumata görə, müəllimin şagirdi döyməsi hadisəsi keçən həftənin sonunda baş verib. Bunu mətbuata verdiyi açıqlamasında məktəbin direktoru Tahirə Səfərova deyib. O, şagirdi döyən müəllimin adını da açıqlayıb: “Məktəbin tarix müəllimi İdris Hüseynov dərsi dəfələrlə şagirddən soruşub, lakin şagird dərsi bilmədiyini deyib. Eyni zamanda, müəllimə kobud cavab verib. Müəllim də əsəblərini cilovlaya bilmədiyindən şagirdi döyüb. Müəllimi çağırdıq, izahatını aldıq. Şagirdin valideyni məktəbə çağırılıb və onlarla da söhbət edilib. Həmçinin, şagirdlə də danışılıb”. Direktor əlavə edib ki, həmin müəllim işdən çıxmaqla bağlı ərizə yazıb. O, Sumqayıt Şəhər Təhsil Şöbəsinin qərarı ilə işdən azad olunacaq. T.Səfərova qeyd edib ki, hazırda Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Teymur Səmədov və onun işçiləri məktəbdədir: “Müfəttişlər də lazım olan araşdırmaları aparır”.

Amma etiraf edək ki, nə bu hadisə, nə də direktorun verdiyi açıqlamada şagirdi döyən müəllimə haqq qazandırmağa yönəldilmiş aşkar səyləri bizi qətiyyən təəccübləndirmədi. Niyə? Ona görə ki, Sumqayıt şəhəri 22 saylı orta məktəbin özü də, bu təhsil müəssisəsinə rəhbərlik edən direktorun iş üsulları da bizə kifayət qədər tanışdır. Hətta mən deyərdim ki, bu məktəbdə bundan daha betər olayların da baş verməsi tamamilə gözləniləndir. Hələ bu hadisədən çox-çox əvvəl, “Bizim Dövr”ün səhifələrində dərc olunmuş bir neçə tənqidi yazıda, biz bu məktəbin fəaliyyətində müşhidə olunan çoxsaylı neqativ hallardan bəhs etmişdik. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda isə, məktəbin direktoru Tahirə Səfərovanının öz işində yol verdiyi bir sıra özbaşınalıqlar barədə açıqlamalar öz əksini tapmışdı. Nəcibə Əliyeva adlı oxucu tərəfindən göndərilən məktubda qeyd olunmuşdu ki, məhz Tahirə Səfərova 22 saylı məktəbimin direktoru vəzifəsinə təyin olunduqdan sonra bu təhsil müəssisəsinin göstəriciləri kəskin şəkildə aşağı düşməyə başladı. Direktorun işə biganə münasibəti, müəllimlərə qarşı haqsız və məsuliyyətsiz yanaşması, vəzifə funksiyalarını əmək müqaviləsi üzrə yerinə yetirməməsi pedaqoji kollektiv üzvlərini bu problemləri məktəb hüdudlarından kənara çıxarmağa vadar etdi. Mənbə xüsusi olaraq vurğulamışdı ki, məktəbdə yaşanan problemlərin əksəriyyəti direktorun özbaşınalığı və müəllimlərlə son dərəcə kobud davranması əsasında yaranmışdır. Məlumatda bildirilir ki, “Burda qanun mənəm!”, “Qayda mənim dediklərimdir!” kimi şüarları rəhbər tutan Tahirə Səfərova dövlət müəssisəsindən şəxsi obyekti kimi istifadə edərək, məktəbdə işləməyən repetitor müəllimləri buraya cəlb etmiş və dərs otaqlarını onlara kirayə vermişdir. Halbuki, məktəbin öz müəllimləri dərs keçmək üçün otaq tapmırlar. Göründüyü kimi, direktorun bu kobud davranışı müəllimlərə də sirayət etmiş və onların şagirdlərə olan münasibətlərində də öz ifadəsini tapmışdır.

Daha sonra məlumatda bildirilirdi ki, Tahirə Səfərova məktəb direktorunun müəssisə daxilindəki problemləri həll etmək, Təhsil Nazirliyinin verdiyi qərarların icrasını məktəbdə təmin etmək, məktəb büdcəsini uyğun formada, şagirdlərin daha keyfiyyətli təhsil ala bilməsi üçün məktəbdə çatışmayan kitab, texnoloji avadanlıq kimi təhsil vasitələrinin alınmasına xərcləmək, dərs ili başlamazdan əvvəl müəllim həmkarları ilə birlikdə illik dərs planı hazırlamaq və bunun kimi daha bir çox vəzifələrin icrasını həyata keçirmir. Aydındır ki, belə olan surətdə bu təhsil müəssisəsində hər cür özbaşınalıqların yer alması da mümkündür, hətta labüddür. Məhz bu səbəbdən də düşünürük ki, Sumqayıt Şəhər Təhsil Şöbəsinin rəhbərliyi sadəcə müəllim İdris Hüseynovun cəzalandırılması ilə kifayətlənməməli, eyni zamanda Tahirə Səfərovanın da tutduğu vəzifəyə uyğunluğu məsələsini ciddi şəkildə araşdırmalıdır. Həmçinin yaxşı olardı ki, bu məsələ Təhsil Nazirliyi tərəfindən də xüsusi nəzarətə götürülsün.