BolgeXeber.Com » Xəbərlər » Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - Fotolar

Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - Fotolar

16-01-2016, 15:41
Oxunub: 3 975 Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - FotolarHoradiz şəhərində Heydər Əliyev Mərkəzində 12-13 yanvar 2016-cı il manatın məzənnəsinin aşağı düşməsi ilə istehlak bazarında qiymətlərin artmasını bəhanə edərək rayonda iğtişaş törətməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərilməsi ilə bağlı rayon ictimaiyyətinin görüşü keçirilmişdir

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlar, icra nümayəndələri, bələdiyyələr, ziyalılar, ağsaqqalllar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Bolgexeber.com-un məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev görüşdə çıxış etmiş, ölkədə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, inkişaf kursunun Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. Qeyd etmişdir ki, respublikanın bütün bölgələrində gedən sürətli sosial-iqtisadi inkişaf cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da ardıcılıqla, qətiyyətlə həyata keçirilir. Bütün bunlar sakinlərin rahatlığı üçün edilir. Hər bir füzulilil bu işlərlə fəxr edib qürur hissi keçirir. Təəssüf ki, bəzi məkrli insanlar bu məlum həqiqətə kölgə salmağa, ictimai rəydə çaşqınlıq yaratmağa çalışırlar.

“Bildiyiniz kimi son günlər bir neçə şəxs manatın məzənnəsinin aşağı düşməsi ilə qiymətlərin artmasını bəhanə edərək rayonda iğtişaş törətməyə, ictimai-siyasi sabitliyi pozmağa cəhd etmiş, Füzuli rayonunun adına, respublikada qazandığı müsbət imicinə xələl yetirməyə cəhd etmişlər. Həmin şəxslərin hüquqa zidd, pozuculuq cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır. Bu gün təəccüb və təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Füzuli rayonunda baş verən hadisələr heç də qiymət artımı ilə bağlı olmamışdır. Bu hadisələr əvvəlcədən planlaşdırılmışdır. Ən dəhşətlisi də odur ki, bütün bunların təşkilatçısı hamımızın tanıdığı, uzun müddət rayonda rəhbər vəzifələrdə çalışan bir şəxs Şakir Hacıyev olmuşdur.”, -deyə Alı Alıyev vurğulamışdır.

Alı Alıyev dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunan, dövlətin bütün imtiyazlarından istifadə edən, rayonda rəhbər vəzifələrdə çalışan Şakir Hacıyevin dövlətə və dövlətçiliyə qarşı çıxmasını nankorluq və xəyanət adlandırıb.

Rayon ziyalıları adından çıxış edən Məhəmməd Əliyev Şakir Hacıyevin rayonun adına xələl gətirən hərəkətlərini ziyalılar adından qınadıqlarını, qətiyyətlə pislədiklərini vurğulamışdır.

Rayon Ağsaqqallar Şurasının sədri Məcnun Namazəliyev Şakir Hacıyevin dövlətə və dövlətçiliyə qarşı olan hərəkətinin rayonun ağsaqqalları tərəfindən lənətləndiyini, pislənildiyini, uzun müddət dövlət orqanlarında çalışan birinin rayonda və respublikada sabitliyi pozmağa cəhd göstərməsinin qəbul edilməz olduğunu vurğulamışdır.

Daha sonra Yusif Hüseynov, Vaqif Vəliyev, Elman Məmmədov, Ramil Hüseynov, Natiq Şükürov və digərləri çıxış edərək Şakir Hacıyevin rayonda və respublikada ictimai-siyasi sabitliyin pozulmasına qarşı olan hərəkətlərinin rayon ictimaiyyəti tərəfindən birmənalı olaraq pislənildiyini, füzulililərin hər zaman dövlətə və dövlətçiliyə sadiq olduqlarını qeyd etmişlər.

Görüşü yekunlaşdıran rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun ağsaqqallarının, ziyalıların, din xadimlərinin, gənclərin və sadə insanların bütün məsələlərdə olduğu kimi hər zaman dövlətin və dövlətçiliyin yanında olduqlarını, ölkə prezidenti cənab İlham Əliyevin ətrafında yumruq kimi birləşdiklərini bəyan edib. Bildirib ki, bu gün füzulililərin və Azərbaycan xalqının bir düşməni var, bu torpaqlarımızın 20 faizini işğal edən, 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşamasına səbəb olan Ermənistandır. Bu gün hər bir azərbaycanlı ölkə başçısının ətrafında yumruq kimi birləşməli, ümumi düşmənimiz olan

Ermənistana qarşı mübarizə aparmalıdır. Füzulililər Şakir Hacıyev və yandaşlarının hərəkətlərini düşmən dəyirmanına su tökmək kimi dəyərləndirir, sapı özümüzündən olan baltalara bildirirlər ki, heç bir qüvvə Füzulidə xalqla dövlətin birliyini sarsıda bilməz. Azərbaycanda hər bir vətəndaş qanuna və qanunlara hörmətlə yanaşmalıdır. Qanunlara hörmətlə yanaşmayan, ona qarşı çıxanlar isə Şakir Hacıyev kimi layiqli cəzalarını alacaqlar.

Füzulililər Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək, onu sevir, ona inanır və dəstəkləyirlər. İnanırlar ki, məhz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində tezliklə Füzuliyə, işğal altında olan torpaqlara qayıdacaqlar.
Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - Fotolar
Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - Fotolar
Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - Fotolar
Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - Fotolar
Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - Fotolar
Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - Fotolar
Füzulidəki aksiya ilə bağlı müşavirə keçirilib - Fotolar