BolgeXeber.Com » Xəbərlər » Qarlı küçələr süpürgəçi qadınların ümidinə qalıb

Qarlı küçələr süpürgəçi qadınların ümidinə qalıb

26-01-2016, 19:26
Oxunub: 3 579 Qarlı küçələr süpürgəçi qadınların ümidinə qalıb“Maaşdan narazılıq eləsək, o dəqiqə işdən çıxaracaqlar. Yenə elə mən özüm pis vəziyyətdə qalacam. Xadimə işləyəcək o qədər adam var ki”

Dünəndən yağan cəmi bir neçə santimetrlik qar şəhəri az qala iflic edib. Xüsusilə də Bakıətrafı kənd və qəsəbələrdə, məhəllədaxili yollarda gediş-gəlişdə problemlər yaranıb.

“Şamaxinka” adlanan ərazi, Cavadxan küçəsi və şəhərin bir çox digər küçələri buz bağlayıb və təmizlənməyib. Bu da ictimai nəqliyyatın hərəkətinə mane olur və nəticədə, marşrut avtobuslarının hərəkət intervalı artıb.

Halbuki, hələ ötən ilin payızında rəsmi qurumların açıqlamalarında şəhərin yollarında qarı təmizləyəcək texnika ilə bağlı məlumatlar verilib. "Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mətbuata açıqlamasında bildirib ki, təkcə Bakıda yolların təmizlənməsi üçün 382 ədəd texnika cəlb olunacaq. Bundan əlavə isə 1500 ton texniki duzun alınması üçün də müqavilə imzalanıb.

Statistik məlumatlar belə təəssürat yaradır ki, qışda qar göydən yerə çata bilməyəcək. Həm piyada, həm də maşın yolları tərtəmiz olacaq. Reallıq isə odur ki, yollardakı qarı müasir texnika yox, 55-60 yaşlarında süpürgəçilər təmizləyir.

Müdafiə Sənayesi Nazirliyinin “Radioquraşdırma” zavodu yaxınlığındakı dayanacağı təmizləyən və 60-a yaxın yaşı olan Aybəniz xanım deyir ki, nə qədər çətin də olsa, işləməkdən başqa çarəsi yoxdur:

“250 manat maaş alırıq. İş günümüz səhər lap tezdən başlayır, axşama qədər işləyirik. Mən bellə qarı qazıyıram, iş yoldaşım da süpürgə ilə süpürüb kənara yığır. Çətindir, hava da çox soyuqdur, amma evdə 3 körpə uşaq mənim ümidimə qalıb, işləməyə məcburam”.

Devalvasiya, manatın dəyərdən düşməsi, bunun da hamının gəlirinə təsirindən danışırıq. Aybəniz xanımdan maaşının artıb-artmamasını soruşuruq, o isə bircə onu bilir ki, maaş artmayıb. Devalvasiya, manatın vəziyyəti ilə bağlı ümumiyyətlə xəbərsizdir:

“Maaşdan narazılıq eləsək, o dəqiqə işdən çıxaracaqlar. Yenə elə mən özüm pis vəziyyətdə qalacam. Xadimə işləyəcək o qədər adam var ki”.

Buz kimi soyuqda buz təmizləyən bu xanımların paltarı da işə uyğun deyil. Hər ikisinin əynində nazik payız gödəkçəsi var. Gödəkçənin üstündə onların tabe olduğu qurumun adı qeyd olunub. Onlara bu havada niyə belə nazik paltar verilməsi ilə maraqlanırıq. Aybəniz xanım deyir ki, nə verilibsə onu da geyinir, başqa paltarı yoxdur:

“Bunu bizə Mənzil Kommunal Təsərrüfatı Departamenti verib. Üstündə idarənin adı qeyd olunub deyə bunu geyinməliyik, daha qalın paltar yoxdur. Narazılıq eləsəm yenə də işdən çıxarılmaq ehtimalını düşünüb susmalı oluram. İndi iş tapmaq çətindir, gərək işimdən bərk yapışım”.

Bakının qışı bir az da kəskinləşdirən soyuq küləyində nazik paltarda küçədə qar təmizləyən tək yaşlı qadın Aybəniz xanım deyil. Əmlak Komitəsinin də qarşısında qarı yaşlı qadınlar təmizləyir. Ümumiyyətlə, şəhərin əksər hissələrində oxşar mənzərəni görmək olar.

Hər il qış gəlmədən qar təmizləyəcək texnikalarla bağlı statistik məlumatları oxuyub, çıxıb şəhərin yollarında qar təmizləyən süpürgəçilər görmək artıq adi hala çevrilib.
Virtualaz.org