BolgeXeber.Com » Xəbərlər » “Femina»dan yunan «markalı» Çin xəz-dəriləri

“Femina»dan yunan «markalı» Çin xəz-dəriləri

28-01-2016, 11:37
Oxunub: 3 533 “Femina»dan yunan «markalı» Çin xəz-dəriləri«Endirim kampaniyası» oyunbazlığını təşkil edən mağaza müştərilərinə aşağı keyfiyyətli məhsulları od qiymətinə satır

Azərbaycanda hələ sovet dövründən dəbdə olan bir məsələ var. İnsanlar imkanlı olduqlarını nümayiş etdirmək üçün SSRİ dövründə ya «norka» papaq, ya da bahalı dəri geyimlər geyinməyə üstünlük verərdilər. Elə indinin özündə də bu şakər qalmaqdadır.

JAM.AZ xəbər verir ki, ölkə insanlarının bu həvəsindən xəbərdar olan bəzi iş adamları xeyli əvvəldən xəz-dəri geyimlərinin satışını təşkil etməyə başlayıblar. Lakin bəzi firmalar var ki, onlar insanların etimadından sui-istifadə etməklə daha çox qazanc əldə etməyə çalışırlar.

Qeyd edək ki, hazırda Azərbaycanda xəz-dəri satışı ilə məşğul olan bir neçə firma var. Onlardan biri də «Femina» mağazasıdır. Telekanallarda bir sıra aparıcı verilişlərin sponsoru olaraq çıxış edən «Femina»nın malları bəh-bəhlə təriflənir, reklam edilir. Qiymətlər isə həddindən artıq baha.

«Femina» insanların etibarından sui-istifadə edən firmalar sırasındadır. Səbəbi isə olduqca sadədir. Belə ki, firmanın satdığı xəz-dəri mallarının üzərində istehsalçı kimi Yunanıstan göstərilsə də, əslində, bu mallar Çindən gətirilir. Özü də Çinin firma fabriklərinin yox, eləcə sıradan firmalarına məxsus olanlarını Bakıda satırlar.

Bildirək ki, qiymətləri minlərlə manatla ölçülən həmin xəz-dərilərin satışında son dövrlər ciddi axsamalar yaşanır. Buna səbəb müştərilərin aldıqları malların iki mövsümdən sonra sıradan çıxmasıdır. Məsələn, əgər 5000 manat verib özünə xəz şuba almış müştəri onu iki dəfə yağışa və ya qarda geyinərsə, «tüktökmə» ilə üz-üzə qalır. Yəni, alınmış xəz-dəri məmulatı Çində istehsal olunduğu üçün keyfiyyətli olmadığından sıradan çıxmağa başlayır.

Çatan məlumatlara görə, «Femina» Xəz-Dəri Mağazasının yunan malı adı altında Çin məhsulları satışından ildə 4-5 milyon manat qazanc əldə etdiyi deyilir. İddia olunur ki, Çindən çox ucuz qiymətə alınan bu malların Bakıda baha qiymətə satılmasının «sirri» isə onun guya, Avropa malı olması ilə əlaqəlidir. Yəni, firma müştəriləri aldadaraq, Çin mallarını «Avropanın brend firması»nın malları kimi sırımaqla məşğul olur.

Qeyd edilir ki, «Femina» sirrinin açılmasından sonra satış bazarında ciddi müştəri qıtlığı yaşayır. Əvvəllər gün ərzində 5-6 xəz-dəri malları satan firma, artıq bu rəqəmi 1-ə qədər endirib. Alanlar isə məsələdən hali olmayanlardır ki, onların da bir ildən sonra peşmanlıq çəkəcəyi artıq şübhə doğurmur.

«Femina»nın daha bir fırıldağı isə endirim kampaniyası ilə bağlıdır. JAM.AZ-a verilən məlumata görə, firma mağazası qışın sonna çatmasına az qalmış guya, 50-60 faizlik endirimlər təşkil edir. Halbuki bu təqribən bir malda orta hesabla 1000-3000 manat itki deməkdir. Hər halda heç bir firma bu qədər zərərə getməz və mallarını belə ucuz qiymətə satmaz. Bu isə o deməkdir ki, «Femina» Çindən çox ucuz qiymətə aldığı malları endirimlə belə dəyərindən bir neçə dəfə bahaya satmalı olur.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com