BolgeXeber.Com » Xəbərlər » İdmançının döydüyü mühafizəçi danışdı - FOTOLAR

İdmançının döydüyü mühafizəçi danışdı - FOTOLAR

28-01-2016, 13:08
Oxunub: 3 024 İdmançının döydüyü mühafizəçi danışdı - FOTOLAR"Onlar içkili idilər. Nə danışdıqlarını bilmirdilər"

"Gecə saatlarında “Bentli” markalı maşın yanacaqdoldurma məntəqəsinə daxil oldu. Sürücü pəncərəni açaraq 100 manatlıq benzin sifariş verdi. Əməkdaşımız onun xahişini yerinə yetirsə də, həmin şəxslər ödəniş etməkdən boyun qaçırdılar. Onlara yaxınlaşıb, nə baş verdiyini soruşdum. Sayğacda göstərilən məbləği ödəməyi xahiş etdim. Bu, onların xoşuna gəlmədi."

Bu sözləri idmançı İsa Əzizovun döydüyü “Azpetrol” yanacaqdoldurma məntəqəsinin mühafizəçisi Sadıq Bağırov deyib.

Mühafizəçi “Azvision.az”a açıqlamasında bildirib ki, maşından düşən oğlanlar ona hücum etməyə başlayıblar: “POS-terminalı götürüb başıma vurdular. Niyə belə elədiklərini soruşsam da, əl çəkmirdilər.

Hamı üstümə tökülüb məni döyürdü. Özümü müdafiə edə bilmədim. Onlar çox idi, mən tək. İşçilər mənə hücum edənləri ayırmağa çalışdı, ancaq bu zaman “Bentli”dən düşən idmançı əlindəki silahla YDM-in işçilərini hədələməyə başladı.

Onlar içkili idilər. Nə danışdıqlarını bilmirdilər. “Bentli”nin sürücüsü iddia edirdi ki, guya bizə yüz manat verib. Sürücü qışqırırdı ki, siz kimsiniz bizi gözlədirsiniz. Hamınızı güllələyərəm, Bakıda heç kim qabağımda dura bilməz. Sizi pulla basdıraram”.

S.Bağırov bildirib ki, sonra “Prado” markalı maşın gəlib: “Maşından düşən idmançılar da mənə hücum etdi. Təkləmişdilər məni. Qapalı kəllə beyin travması almışam. Hazırda müalicəmi ev şəraitində davam etdirirəm. “Bentli”də 4 nəfər vardı.

İkisi qız idi. Qızlar da içkili idi. Həmin şəxslər otaqda məni döyəndə qızlar maşından düşüb söyüş söyürdülər. Nəzarət otağını alt-üst etmişdilər. Mən əziyyətlə çörək pulu qazanıram, onlar harınlamış insanlardır”.

S.Bağırov deyib ki, ixtisasca jurnalistdir. Xəzər Universitetinin Jurnalistika fakültəsini bitirib. İxtisasına uyğun iş tapa bilmədiyi üçün “Azpetrol”da mühafizəçi işləyir.

Xatırladaq ki, yanvarın 25-nə keçən gecə ”Azpetrol”un Tiflis prospektindəki yanacaqdoldurma məntəqəsində dava olub. İ.Əzizov və onunla birgə olan dostu mühafizəçi S.Bağırovla işçiləri döyüb. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlayıb. İ.Əzizov və idmançı dostu Mahir İsgəndərov saxlanıblar.
İdmançının döydüyü mühafizəçi danışdı - FOTOLAR
İdmançının döydüyü mühafizəçi danışdı - FOTOLAR