BolgeXeber.Com » Xəbərlər » Apteklərdə dərmanların baha və keyfiyyətsiz olmasının sirri

Apteklərdə dərmanların baha və keyfiyyətsiz olmasının sirri

4-02-2016, 11:31
Oxunub: 2 403 Apteklərdə dərmanların baha və keyfiyyətsiz olmasının sirriMaraqlıdır, doğrudanmı, dərmanların keyfiyyətinin itməsinə səbəb onun gömrükdə əlverişsiz şəraitdə saxlanılmasıdır?

Apteklərdə dərmanların qiymətində artım müşahidə edilir. Alıcılar bir sıra dərmanların həm baha, həm də keyfiyyətsiz olmasından gileylənir. Baş çəkdiyimiz apteklərdə əczaçılardan dərmanların qiymətindəki artımın səbəblərini soruşsaq da, tutarlı cavab ala bilmədik.

Mövcud vəziyyətə öz etirazını bildirən alıcı Sərdar Məmmədov dərmanların bahalı olduğunu deyib bir sıra xəstəliklərini “türkəçarə” ilə müalicə etdiyini dedi: “Dərman elə bir şeydir ki, bəzən onu almaq çörək, su qədər vacib olur. Ancaq gəlib qiymətləri görəndə adam şoka düşür. Balaca bir həb 20-25 manat. Dünyanın heç yerində, məncə, belə qiymətlər yoxdur. Bəzən baha qiymətə aldığımız dərmanların heç təsiri də olmur. Ona görə də dədə-babalarımızdan qalan türkəçarələrə baş vururam. Nə edim, od qiymətinə keyfiyyətsiz dərmanı alıb ac qalım?!”

Xatırladaq ki, bugünlərdə süni qiymət artımı ilə bağlı “AVİS” aptek şəbəkəsinin direktoru həbs edildi.

Parlamentin son iclasında çıxış edən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də “Dərman vasitələri haqqında” Qanuna iki mühüm dəyişiklik edilməsini-dərman vasitələrinin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi və ya bunun minimuma endirilməsini təklif edib. Deputat həmçinin dərmanların saxlanması üçün gömrükdə vəziyyətin yaxşı olmadığını, buna görə də dərmanların keyfiyyətinin itdiyini bildirib. “Manatın devalvasiyası ilə bağlı son 1 ayda dərman vasitələrinin qiymətlərində 45-50 faiz artım müşahidə edilib. Bu da ehtiyacı olan insanlara çətinlik yaradır. Azərbaycana idxal olunan dərman vasitələri gömrükdə terminalda saxlanılır. Onlar tərkibi və keyfiyyəti Səhiyyə Nazirliyinin laboratoriyasında yoxlanıldıqdan sonra satışa buraxılır. Təcrübə göstərir ki, bu ekspertiza və sənədlərin dəqiqləşdirilməsi 6 aya qədər çəkir. Lakin dərmanların saxlanması üçün gömrükdə vəziyyət yaxşı olmadığından keyfiyyət itir və bu, insanların haqlı narazılığına səbəb olur. Məsələn, deyirlər ki, bizim dərmanların keyfiyyəti xaricdəkilərdən aşağıdır. Bunun da səbəbi qeyd etdiyim səbəblərdir. Təklif edirəm ki, dərmanlar terminalda deyil, topdansatış anbarında saxlanılsın və sonra satışa buraxılsın”.

Maraqlıdır, doğrudanmı, dərmanların keyfiyyətinin itməsinə səbəb onun gömrükdə əlverişsiz şəraitdə saxlanılmasıdır?

Əslində dərmanlar necə saxlanmalıdır?

Səhiyyə Nazirliyinin 02.10.2006-cı il tarixli 153 saylı əmri ilə təsdiq edilmiş “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” və “Dərman vasitələrinin topdansatışına olan” tələblərə görə anbarda olan bütün dərmanlar hündürlüyü 14,5 santimetrdən az olmayan altlıqlarda yerləşdirilməlidir. Bütün dərman vasitələri orijinal qablaşmada etiketi çöldə olmaqla yerləşdirilməlidir. Vaxtı keçmiş dərmanlar aktlaşdırılıb, ayrıca saxlanılmalıdır. Dərman preparatları istehsalçı müəssisə tərəfindən göstərilmiş şərtlərlə, hərarət, nəm və işıqlıq rejiminə riayət olunmaqla, onların fiziki-kimyavi xüsusiyyətlərini nəzərə alaraq ayrı saxlanılmalıdır. İşıqdan qorunmalı olan dərman vasitələri qaranlıq otaqda və içərisi qara rəngə boyanmış kip qapıları olan şkafda və ya kip vurulmuş yeşiklərdə yerləşdirilməlidir. Rütubətdən qorunmanı tələb edən dərman vasitələri sərin yerdə, rütubəti keçirməyən materiallardan (şüşə, metal, alüminium, plastmas) hazırlanmış hermetik bağlanan qablarda saxlanılmalıdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla dərmanlarla bağlı mövzunun hazırda çox ciddi xarakter aldığını dedi: “Hazırda dərmanlarla bağlı məsələ ciddiləşir və əlavə dəyər vergisindən azad olunması məsələsi ortaya çıxır. Bəzi dərman preparatlarının ola bilər ki, qiymətlərində müəyyən dəyişikliklər olsun. Hazırda dərman vasitələrinin qiymətinə çox ciddi nəzarət həyata keçirilir. Çünki əhali arasında narazılıqlar çoxdan var. Bununla bağlı da artıq bir neçə şirkətin işi yoxlanır. Dərmanların qiymətinin enməsi prosesi gedəcək. Ancaq bir məsələ var ki, həddən artıq bahalı olan keyfiyyətli, Avropa istehsallı dərmanlar var ki, onların qiymətinin aşağı salınması real deyil. Ümumiyyətlə, əhalinin daha çox istifadə etdiyi dərmanların qiymətində ucuzlaşma tendensiyası var və onların ucuzlaşması üçün də Tarif Şurası ciddi şəkildə nəzarət edir. Amma dərmanların həddən artıq ucuz satılması da real deyil. Çünki sahibkar bu dərmanları alıb gətirir və onun burada nəsə marağı olmalıdır. Dərmanların qiymətinin aşağı düşməsi üçün gömrük rüsumlarının aşağı salınması, əlavə dəyər vergisindən azad edilməsi kimi konkret tədbirlər görülməlidir ki, qiymətlər endirilə bilsin”.

Dərmanların gömrükdə əlverişsiz şəraitdə saxlanılıb keyfiyyətinin itməsi məsələsinə gəlincə isə A.Qeybulla dərmanlar müvafiq tələb olunan şəraitdə saxlanılmadıqda onun təsir gücünün itdiyini dedi: “Dərmanlar ilkin istehsal yerindən götürüldükdə müvafiq temperaturda saxlanılır və başqa-başqa qablaşdırıcı vasitələrlə ölkəyə gətirilir. Bu dərmanların gömrükdə və ya haradasa qalmasından asılı olmayaraq o şərait təmin olunmalıdır. Mən gömrükdə dərman vasitələrinin nə qədər qaldığını, qəsdən saxlanıldığını deyə bilmərəm. Amma hər halda, harada saxlanmasından asılı olmayaraq dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmalıdır. Əgər buna riayət olunmursa, aşağı temperaturda saxlanılmalı olan vaksinlər öz təsirini itirir. Ona görə də bu qaydalara yalnız gömrükdə deyil, hər yerdə riayət olunmalıdır”.