BolgeXeber.Com » Xəbərlər »  Əfqanıstan veteranları qarşı-qarşıya - Korrupsiya ittihamı

 Əfqanıstan veteranları qarşı-qarşıya - Korrupsiya ittihamı

22-02-2016, 19:08
Oxunub: 3 282  Əfqanıstan veteranları qarşı-qarşıya - Korrupsiya ittihamı“Sədr veteranlara ayrılmış torpaq sahələri üçün bizdən 3500-8000 manat pul tələb edir. Hətta onlar birlik üçün ayrılmış ofisi də bu yaxınlarda satıblar”

Bu sözləri Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzvləri “Qafqazinfo”ya maraciətində deyib. Şikayətçilər bildirib ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilir.
Onların sözlərinə görə, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunur:
“Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb. Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birlik sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməmizə mane olur. Biz başa düşə bilmirik, heç Əfqanıstan müharibə veteranı olmayan bir insan necə birliyin sədri ola bilər.
Özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb”.
Şikayətçilər onu da qeyd edib ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilir:
“11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib. Birlik üçün il ərzində nə qədər yardım ayrıldığı da qeyri-müəyyəndir. Təsəvvür edin ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub. Qurban bayramında 1 kilo ət belə verilmir, bütün yardımlar mənimsənilir. M. Vəliyev torpaq məsələlərinə görə əvvəlki sədri şərləyərək tutdurdu, ancaq bütün qanunsuz əməllər onun işi idi.
Oktyabr ayında 30 nəfərin imzası ilə Prezident Aparatına ünvanladığımız məktub araşdırılması üçün Baş Prokurorluğa göndərildi. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində prokuror Nazir Quluyev işə baxıb. Yuxarıda yazılanlara, 2010-cu ildən 2015-ci ilin axırlarına qədər olan bir çox faktlara baxmayaraq prokuror “2009-cu ildə işə baxılıb” deyərək icraata xitam verdi. Bu səbəbdən media vasitəsilə prezidentə müraciət edərək məsələnin araşdırılmasını xahiş edirik”.
“Qafqazinfo”nun əməkdaşı məsələ ilə bağlı Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Əbülfət Hüseynovla əlaqə saxlayıb. Sədr müavini şikayət edən şəxsləri ittiham edib.
O bildirib ki, birliyin üzvü olmayan bir qrup Əfqanıstan Müharibəsi Veteranları Birliyinin son vaxtlar qazandığı nailiyyətlərdən qıcıqlanır:
“Şikayətçilər əvvəlcə Prezident Aparatına yazmışdılar, məsələ araşdırıldı və ortaya bir şey çıxmadı. Bu insanların məqsədi təşkilata ləkə yaxmaq, gözdən salmaqdan başqa bir şey deyil. Onlar bu işi Azərbaycan Əfqanıstan Veteranları İttifaqının məhkəmə hökmü ilə vəzifəsindən uzaqlaşdırılmış keçmiş sədr Məmməd İsgədərovun dəstəyi ilə görür. Həmin ərizəyə imza atmış 30 nəfərə ev, maşın, torpaq verəcəklərini deyiblər. İndi onlar bizi torpaqları satmaqda ittiham edir. İctimai Birliyin torpaq vermək kimi bir hüququ yoxdur. Biz sadəcə bələdiyyəyə müraciət edə bilərik.
O ki qaldı ofisin satılması məsələsinə, həmin yer Əmlak Komitəsinin balansında idi. Birlik nümayəndələrinə icarəyə verilmiş bir yer necə satıla bilər? Bunu onlara da dəfələrlə demişik.
Müdafiə Nazirliyi ilə birgə işləyən təşkilatıq, son illərdə bu istiqamətdə fəaliyyətimizi artırmışıq. Qeyd olunan ünvanda şərait yaxşı olmadığı üçün nazirlik bizə yeni yer verdi. Biz də həmin ofisi Əmlak Komitəsinə qaytardıq. Şikayətdə vurğulanan bütün məqamlar hüquq mühafizə orqanları tərəfindən dəfələrlə yoxlanılıb və heç bir nöqsan aşkarlanmayıb. Lazım gəlsə, biz bütün sənədləri göstərməyə hazırıq. Onu da bildirim ki, Birliyinin sədri Məhəmməd Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə “Za bayevoy zasluqi”, “Tərəqqi” medalı ilə təltif olunub”.
Bolgexeber.com