BolgeXeber.Com » Xəbərlər » Ömürlük məhkum həbsxana rəhbərliyindən şikayətçidir - "Qobustan həbsxanasının rəisi MTN-çi qohumuna görə qisas alır"

Ömürlük məhkum həbsxana rəhbərliyindən şikayətçidir - "Qobustan həbsxanasının rəisi MTN-çi qohumuna görə qisas alır"

25-02-2016, 14:52
Oxunub: 2 290 Ömürlük məhkum həbsxana rəhbərliyindən şikayətçidir - "Qobustan həbsxanasının rəisi MTN-çi qohumuna görə qisas alır"“Qarabağ partizanı” kimi tanınan və 2004-cü ildə ömürlük həbsə məhkum edilmiş Məmməd Məmmədov saxlanıldığı Qobustan həbsxanasında intihar həddinə çatdırılıb"

“Yeni Müsavat”a müraciət edən ömürlük məhbusun anası Təranə Məmmədova iddia edir ki, 2003-cü ildəki atışmada yaralanan ləğv olunmuş MTN-in əməkdaşı olmuş Elşən Məmmədovun qohumu olan həbsxananın rəisi Fikrət Qafarov açıq şəkildə oğluna sona qədər işgəncə verəcəyini bildirib.
T.Məmmədova oğlunun başına gələnləri belə nəql etdi: “Həbsxanada əsasən rəis Fikrət Qafarovdan şikayətçiyəm. Rəis açıq şəkildə deyib ki, Məmmədin tutulduğu hadisədə yaralanan Elşən Məmmədovun qohumuyam, ona görə də ondan heyfmi çıxıram. Orada 200-ə yaxın məhbus var. Onlardan yalnız oğlumu bir dəfə də olsun ki, qəbul etməyib, məktublarına cavab verməyib.
Oğlum deyir ki, ana, elə məhbus yoxdur, rəis onu qəbul etməsin, yalnız məndən başqa. Oğlumu o qədər incidirlər ki, özünü öldürmək həddinə çatıb. Məqsədləri də budur. Başqa yolumuz yoxdur. Bir faktı da açıqlayım. Buna görə oxuculardan üzr istəyirəm. Bunu deməyə məcburam. Həbsxanaya 40 dərəcə qızdırma ilə getmişdim. Orada yoxlanışa gənc bir qız qoyublar. Ona deyirəm ki, sənə aparat veriblər, insanları yoxlamaq üçün. İnanırsınız ki, həmin qız qadınları başdan-ayağa soyundurur.
Belə hərəkət olar? Bu nə tərbiyəsizlikdir? Elşən Məmmədov yaralanıb, sübut olmalıdır ki, onu əslində kim yaralayıb. Oğluma 3 ağır maddə yükləyiblər. Qatı cinayətkara verilməyən cəza oğluma verilib. Məmməd bu qədər haqsız cəza çəkir. Üstəlik, işgəncə də verirlər. Bu dəfə görüşəndə oğlum elə ağladı ki, indiyə qədər onu belə görməmişdim. 13 ildir cəza çəkir, gəncliyi əldən gedib. Onu bu yola sövq edən dəstə üzvləri cəhənnəmə olsunlar.
Gəncliyindən istifadə edib, oğlumu yaman günə qoydular. Bilmirəm nə edim, əlimdən heç nə gəlmir. Müraciət etmədiyim yer qalmayıb. Dəstə üzvləri mənə deyir ki, pulun yoxdur deyə, səni sayan olmayacaq. Yetim övlad böyütdüm, heç kimim yoxdur. Mənə baxan bir insan da yoxdur. Bu qədər ağır cəza olarmı? Üç ayrı-ayrı maddə ilə ömürlük cəza nə deməkdir? Hara şikayət edəcəyimi bilmirəm, heç olmasa, orada oğlumu rahat buraxsınlar. Dörd divar arasında onu məcbur edib, sonda ya öldürə, ya da özünün canına qəsd etməsinə səbəb ola bilərlər. Rəisi ora qoyublar ki, dustağa nəzarət et, daha deməyiblər ki, öz qohumunun tərəfini saxla. Fikrət Qafarov, sən nə bilirsən ki, Elşən Məmmədovu kim vurub?”
Qeyd edək ki, “Qarabağ partizanları” qrupunun necə yaradılması məlum olmasa da, 2000-ci illərdən sonraya təsadüf etdiyi ehtimal edilir. Dəstə üzvləri 2001-ci ildə Gürcüstan ərazisində təlim keçiblər. 2003-cü ilin 13-14 avqustunda Qarabağa yollanmaq üçün sonuncu dəfə Xətai parkında toplaşıblar. Lakin bu zaman MTN əməkdaşları tərəfindən həbs ediliblər. Bu əməliyyat zamanı baş verən atışmada bir nəfər əməliyyatçı həlak olub, bir nəfər isə ağır yaralanıb.
Maraqlı məqam odur ki, indiyə qədər həbs olunan dəstə üzvlərinin hamısı azadlığa buraxılıb. Təkcə 20 yaşlı Məmməd Məmmədovdan başqa...
İttihamlarla bağlı Qobustan həbsxanası ilə əlaqə saxlamağa cəhd etdik, lakin alınmadı. Yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com