BolgeXeber.Com » Xəbərlər » Lütfəli Babayev əli aşağı olanda hansı addımları atır?

Lütfəli Babayev əli aşağı olanda hansı addımları atır?

1-03-2016, 11:10
Oxunub: 2 881 Lütfəli Babayev əli aşağı olanda hansı addımları atır?Zərdabda İcra Hakimiyyətinin ildə neçə dəfə dəftərxana ləvazimatı və inventar aldığını saymaq mümkünsüzə çevrilib

Zərdabın icra başçısı Lütfəli Babayev nəinki rayonu idarə etmək, hətta ən kiçik müəssisənin rəhbərliyində durra biləcək gücə malik şəxs kimi tanınmır. Rayon camaatı isə onun haqqında lətifələr qoşmaqla yanaşı, Zərdabdan çıxıb gedəcəyi günü səbirsizliklə gözləyir.

Demokratiya.info xəbər verir ki, Lütfəli Babayevin yarıtmaz idarəçiliyi sayəsində rayonda artıq işçi qüvvəsi qalmayıb. İnsanlar başlarını götürüb, ya Rusiyaya, ya da Bakıya qaçıblar. Bütün sahələrdə özbaşınalıqlar, haqsızlıqlar, korrupsiyanın baş alıb getdiyi vurğulanır və bildirilir ki, edilən şikayətlərə də məhəl qoyan yoxdur.

Məlumat üçün bildirək ki, Zərdab İcra Hakimiyyətinə ayrılmış pulların silinməsi də unikal qaydada həyata keçirilir. Başqa rayonlarda bu pullar tikinti, təmir və sair adı altında yox edilirsə, bu rayonda tamam tərsinədir və hər şey bir maddədə ilişib qalıb.

Demokratiya.info-nun məlumatına görə, ötən il əli aşağı olan Babayev qısa müddətdə tender-filan təşkil edərək, yenə dəftərxana ləvazimatları məsələsində dayanıb. Belə ki, rayonun Gəlmə kəndində inşa edilən uşaq bağçasının layihə-smetasının hazırlanmasına 25 min manat ayıran icra başçısının bu rəqəmi haradan tapdığı da kimsəyə məlum deyil. Çünki həmin işi görmək üçün 25 min manat həddindən artıq böyük rəqəmdir.

Rayonda cari təmir işlərinin aparılması üçün də Zərdab İcra Hakimiyyətinə 5890 manat pul ayrılıb. Lakin mənbələr bildirirlər ki, bu pulun bir qəpiyi belə təyinatı üzrə xərclənməyib.

Camaat zarafatlı deyir ki, Lütfəli Babayevin əli aşağı olan kimi, ya inventar alır, ya da dəftərxana ləvazimatları. Elə bu səbəbdəndir ki, ildə bir neçə dəfə inventar alan icra başçısı ötən il təkcə bir dəfə bu məqsədlə 6650 manat pul ayırtdırıb. Dəftərxana ləvazimatlarının alınması isə az qala hər ay baş verir və sonuncu dəfə bunun üçün 5500 manat pul ayrıldığı vurğulanır.