BolgeXeber.Com » Xəbərlər » Tovuzda təhsil sistemi diz çöküb... - rüşvətin qarşısında

Tovuzda təhsil sistemi diz çöküb... - rüşvətin qarşısında

1-03-2016, 12:15
Oxunub: 2 496 Tovuzda təhsil sistemi diz çöküb... - rüşvətin qarşısındaKimin ürəyi nə vaxt istəyirsə, o vaxt dərsə gəlir

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qəmbərov rəhbərlik etdiyi müəssisənin cəmiyyətimizin maddi-sosial rifahının yüksəlişi baxımından əslində necə böyük əhəmiyyət kəsb etdiyini heç də düzgün qiymətləndirmir. Bu iddia redaksiyamıza daxil olan məlumatlarda öz əksini tapır. Bildirilir ki, ölkəmizdə həyata keçirilən əsaslı təhsil islahatlarının bu kollecdə öz təzahürlərini qətiyyən tapa bilmir. Digər tərəfdən isə Rizvan Qəmbərovun öz işində yol verdiyi özbaşnalıqlar və ciddi qanun pozuntuları Təhsil Nazirliyinin rəhbərliyinin diqqətini hələ də cəlb etmir. Xatırladaq ki, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci Üzümçülük və Şərabçılıq Komitəsinin nəzdində “Mirbəşir Qasımov adına sovxoz-texnikum” kimi fəaliyyətə başlayıb. Həmin dövrdə əyani və qiyabi təhsil forması olmaqla cəmi 3 ixtisas üzrə mütəxəssis hazırlığı aparılıb. 1991-ci ildə sovxoz-texnikum həmin sovxozdan ayrılaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib, müstəqil Kənd Təsərrüfatı Texnikumu kimi fəaliyyət göstərib və tərkibinə 2 ixtisas qrupu da əlavə olunub. 2001-ci ildə texnikum Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən alınaraq Təhsil Nazirliyinin tabeliyinə verilib. Nəhayət, 2006-cı il 26 avqust tarixindən Nazirlər Kabinetinin 140 saylı qərarı ilə Tovuz Dövlət Sosial-İqtisad Kolleci kimi fəaliyyətini davam etdirib.

Hazırda kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır. Əldə etdiyimiz məlumatlarda isə vurğulanır ki, bu gün kollecdəki korrupsiya halları, özbaşınalıqlar, maliyyə maxinasiyaları və mənimsəmə faktları, dərsdən yayınmalar, müxtəlif insidentlər, o cümlədən müəllim-direktor qarşıdurmaları təhsilin bərbad vəziyyətə düşməsinə zəmin yaradıb.İddialara görə, Rizvan Qəmbərov tutduğu vəzifədən başqa məqsədlər üçün istifadə edərək dövlət büdcəsi hesabına maliyyələşən təhsil müəssisəsini şəxsi gəlir mənbəyinə çevirib. Bu xüsusda aldığımız açıqlamalardan birində deyilir: “Nəzərinizə çatdırmaq istəyirəm ki, təhsil ocağı bir müddət əvvəl büdcə vəsaiti hesabına əsaslı şəkildə təmir edilib. Burda tələbələrin keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradılıb. Amma buna baxmayaraq, kollecin direktoru Rizvan Qəmbərov işinin öhdəsindən lazımi səviyyədə gələ bilmir. Onu təhsil yox, başqa məsələlər maraqlandırır. Rizvan müəllimdən qabaq təhsil müəssisəsinə Tanrıverdi müəllim və Talib Süleymanov rəhbərlik edib. Bu şəxslərin idarəçiliyi də qənaətbəxş olmayıb. Məhz bu səbəbdən nazirin əmri ilə kollecə Rizvan Qəmbərov direktor təyin edildi. Təəssüf ki, onun kollecə gəlişi heç nəyi dəyişmədi. Əksinə direktor təhsil sistemini bir qədər də bərbad vəziyyətə saldı. Məsələn, metodiki vəsait və göstərişlərdən uzaq olan kollecdə təhsilin səviyyəsi olduqca aşağıdır. Tələbələrin dərsə davamiyyəti normal deyil. Kimin ürəyi nə vaxt istəyirsə, o vaxt dərsə gəlir.

Semestr ərzində kollecə üst-üstə heç iki həftə davamiyyətli şəkildə gəlməyən tələbələr imtahanlarda uğurlu nəticə əldə edirlər. Təbii ki, burda başqa üsullardan istifadə olunur. Tovuz Dövlət Sosial-İqtisad Kollecində tələbələrə biliyinə görə yox, onların maddi imkanlarına görə qiymət verilir. Öz savadı hesabına qiymət almaq istəyən tələbələr buna nail ola bilmirlər. Bundan başqa, qrup jurnalları və qrup rəhbərinə məxsus jurnallar qaralamalarla işlənməklə qiymət sarıdan qanunsuzluğa şərait yaradılır. Bəzi tələbələr imtahan zamanı biletlərdəki suallara ağıllarına gələn, mövzuya aid olmayan cavabı yazırlar. Buna rəğmən, müəllimlər onların «biliyini» yüksək qiymətləndirir. Kurs işləri və təcrübə sənədləri əməlli-başlı alver predmetinə çevrilib. Həmin sənədlər hər il təkrarlanır. Halbuki, kurs işlərinin və təcrübə sənədlərinin mövzuları ilbəil dəyişməlidir. Bu günə kimi qrup jurnalında nöqsanlara yol verən heç bir müəllimə irad tutulmayıb. Kollecdə əmək intizamı hədsiz dərəcədə zəifdir. Sonuncu dəfə pedaqoji şuranın nə vaxt keçirildiyi məlum deyil. Rizvan Qəmbərov həftənin çox hissəsini ya Bakıda, ya başqa yerlərdə olur. Onun işlərini isə müavini Dəmir Hüseynov aparır...” Bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, Rizvan Qəmbərov rəhbərlik etdiyi Tovuz Dövlət Sosial-İqtisad Kollecində normal tədris metodikasının tətbiqində qətiyyən maraqlı deyil. Bunun səbəbi isə, təbii ki, şəxsi mənafeylərin təminatından başqa heç nə ola bilməz...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.