BolgeXeber.Com » Xəbərlər » Qəbələnin icra başçısı verdiyi yalan məlumata görə məsuliyyət daşıyırmı?

Qəbələnin icra başçısı verdiyi yalan məlumata görə məsuliyyət daşıyırmı?

1-03-2016, 11:40
Oxunub: 2 264 Qəbələnin icra başçısı verdiyi yalan məlumata görə məsuliyyət daşıyırmı?Maraqlıdır, hər hansı şəhərin İcra Hakimiyyəti yalan məlumat verə bilərmi?

Qəbələnin Kötüklü kənd sakinlərinin fevralın 27-nə keçən gecə Ağdama gələrək Ermənistan tərəfə keçməyə çalışdıqları barədə məlumat vermişdik. Sakinlərin etirazlarına səbəb isə Nəbiyevlər ailəsinin Qəbələdə onlara qarşı etdiyi haqsızlıq göstərilmişdi. "Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”, deyə onlar bildirmişdilər. Lakin ötən gün Qəbələ İH bu məlumatın yalan olduğun, rayonda ümumiyyətlə belə insanların yaşamadığı haqqında məlumat yaydılar. Bu gün isə DİN Qəbələnin 25 sakininin bu addımı atmaq istədikləri barədə məlumatı təsdiqləyib.

Maraqlıdır, hər hansı şəhərin İcra Hakimiyyəti yalan məlumat verə bilərmi? Əgər bu qanunla düz deyilsə, onlar nə formada cəzalandırılmalıdır? FaktXeber.com məsələ ilə əlaqədar hüquqşünas Ələsgər Məmmədliyə müraciət edib.

O bildirdi ki, rəsmi şəxslər, qanun informasiya verməli olan şəxslər yalan, natamam və ya doğru olmayan məlumat verərlərsə, buna görə, inzibati məsuliyyət müəyyən olunub: “İndi qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 181-3-cü maddəsi birbaşa informasiya sorğularına cavab verməməyə, yaxud yalan cavab verməyə görə, inzibati məsuliyyət müəyyən edib”.

“İkincisi, bu tip məlumatlarına görə, mətbuat orqanının reputasiyasına zərər dəyərsə, çünki yalan informasiya yayılır və oxucunu itirə bilər, həmin orqandan mənəvi dəyən zərərə görə təzminat tələb edilə bilər”, - deyə hüquqşünas vurğulayıb.

Ələsgər Məmmədlinin sözlərinə görə, bu məsələdə üçüncü önəmli məqam ictimai qınaqdan doğan siyasi məsuliyyətdir: “Yəni rəsmi qurumlar, xüsusilə rayonu idarə edən şəxslər önəmli fiqurlardır və təəssüf ki, seçki ilə gəlməsələr də, Azərbaycan idarəetməsində onlar böyük bir kütlənin, büdcənin idarə olunmasında məsul şəxslərdir. Və bunların yalan danışması, cəmiyyəti aldatması onların siyasi məsuliyyətini yaradır”.

Hüquqşünasın sözlərinə görə, cəmiyyəti aldatdıqlarına görə, onlar prezidentin onların çıxarmasını heç gözləməməlidirlər, istefa verməlidirlər: “Artıq bu ləyaqət məsələsidir. Əgər yalan məlumat verirsinizsə və bu digər dövlət qurumu tərəfindən təkzib olunursa, bundan sonra o vəzifədə qalmaq etibarsızlığın tam kvadratı halına gəlir. Artıq cəmiyyət sizə etibar etməz. O zaman siz o vəzifədə niyə oturursunuz?”

Müsahib həmçinin Azərbaycanda qanunların vətəndaşa tam tətbiq olunmasına baxmayaraq, qanunu tətbiq, qəbul və icra etməli olan tərəflərə qarşı “tolerant” davranıldığından təəssüfünü ifadə etdi:

“Əslində bu tolerantlıq deyil, qanunlara hörmətsizlikdir. Bu günə qədər İnzibati Xətalar Məcəlləsinin aid 181-3 maddəsi, eyni zamanda jurnalist sorğusuna cavab verməməyə görə 186-cı maddənin işləməsinə görə heç bir statistika yoxdur. Real olaraq bu məlumatı verməyəndə heç bir məsuliyyət daşımırlar və heç kim də onları bu məsuliyyətə cəlb etmir”.

“Eyni zamanda Konstitusiyanın 25-ci maddəsi - “hər kəs qanun qarşısında bərabərdir” prinsipi də ciddi şəkildə zədələnmiş olur”, - deyə sözlərini yekunlaşdıran Ələsgər Məmmədli bu problemin ölkədə “qanunun üstünlük prinsipi”nə böyük ziyan vurduğunu bildirdi.