BolgeXeber.Com » Xəbərlər » İki icra başçısının işdən çıxarılmasının – SƏBƏBLƏRİ

İki icra başçısının işdən çıxarılmasının – SƏBƏBLƏRİ

4-03-2016, 09:54
Oxunub: 838 İki icra başçısının işdən çıxarılmasının – SƏBƏBLƏRİZeynal Nağdəliyev: "Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin sabiq başçıları Prezidentin etibarını itiriblər"

Prezident Administrasiyası rəhbərinin müavini məsələyə aydınlıq gətirdi.

Bu gün Laçın və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Prezident İlham Əliyevin sərəncamı ilə tutduqları vəzifədən azad ediliblər.

Bolgexeber.com xəbər verir ki, mövcud kadr dəyişikliyinin əsas səbəbini mətbuata şərh edən Prezident Administrasiyası rəhbərinin müavini, Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev son müşavirədə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qarşısında mühüm tələblər qoyub və qeyd edib ki, onlar insanlara xidmət göstərməli, əhalinin problemlərini həll etməli, qayğıları ilə yaşamalı, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalı, xalqla birlikdə olmalıdırlar və məhz bu amillərə görə onların fəaliyyətlərinə qiymət veriləcək:

“Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərir ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Buna görə də Laçın və Cəbrayıl rayonlarının İcra Hakimiyyəti başçıları da məhz elə o səbəbdən cənab Prezidentin müvafiq sərəncamları ilə tutduqları vəzifələrindən azad ediliblər.

Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər”.

Z. Nağdəliyev vurğulayıb ki, bu gün vəzifədən azad edilən başçılar amiranəlik, təkəbbürlük, qərəzçilik, tənqidə qarşı dözümsüzlük nümayiş etdiriblər, nəticədə rayonun problemlərindən uzaq düşüb, sakinlərin haqlı tələblərinə məhəl qoymayıb, əhali arasında nüfuzdan düşüblər.

Z. Nağdəliyevin fikrinə görə, adları qeyd olunan sabiq İcra Hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq, etibarını itiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyev “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş toplantıda vurğulayıb ki, ölkədə heç kəs toxunulmaz deyil, əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaqlar.