BolgeXeber.Com » Xəbərlər » Şəhidlərin sığorta pulu niyə verilmir? – Dövlət qurumlarının ötür-ötür oyunu

Şəhidlərin sığorta pulu niyə verilmir? – Dövlət qurumlarının ötür-ötür oyunu

5-03-2016, 09:46
Oxunub: 3 114 Şəhidlərin sığorta pulu niyə verilmir? – Dövlət qurumlarının ötür-ötür oyunu“Dəhşətli haldır ki, Qarabağda şəhid olmuş şəxsin ailəsi qan pulunu ala bilmir"

Oğlu Qarabağ müharibəsində şəhid olan Əpruz Ağaməmmədovanın Azərbaycan Dövlət Siğorta Şirkətini məhkəməyə verməsi ilə bağlı məlumat vermişdik.

Bildirmişdik ki, Ə.Ağaməmmədova oğlu Səyyar Şabıyev 1992-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə həlak olduqdan sonra, 11 min manat məbləğində siğorta pulunun verilməsi üçün dövlət siğorta siyasətini həyata keçirən Dövlət Siğorta Şirkətinə müraciət edib, lakin bu günə kimi siğortanı naməlum səbəblərdən ala bilməyib. Binəqədi rayon məhkəməsində hakim Tale Kərimovun sədrliyi ilə keçirilən prosesdə şəhid ailəsinin lehinə qərar çıxarılıb. Lakin məhkəmədən 2,5 ildən də çox vaxt keçməsinə baxmayaraq Dövlət Siğorta Şirkəti hələ də çıxarılan qərarı icra etməyib.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Qarabağ Qaziləri Birliyinin sədri Etimad Əsədov bildirib ki, bu problemlə üzləşən tək ailə şəhid S.Şabıyevin ailəsi deyil: “Ümumilikdə Qarabağ əlilləri və şəhid ailələri qanunla onlara düşən pulu ala bilmirlər. Səyyarın ailəsi də bu məsələ ilə bağlı əziyyət çəkib məhkəməyə müraciət etməsin. Bu problem bir neçə il bundan əvvəl nəzarətə götürülüb. Çoxlu sayda müharibə əlilləri və şəhid ailələri ilə birlikdə məhkəmə prosesləri keçmişik. Hətta proses Konstitusiya Məhkəməsinə kimi gedib çıxıb. Orada bu işə baxılıb və qərar qəbul edib ki, sözügedən məbləğlər ödənilməlidir. Lakin bir məsələ var: təəssüf ki, Konstitusiya Məhkəməsi bu qərarı verəndə məbləğin ödənilməsini Dövlət Siğorta Şirkətinə deyil, bir başa Milli Məclisə tövsiyə kimi verib ki, həmin vəsaitin verilməsi müəyyənləşdirilsin. Elə bu qərardan sonra da ötür-ötür oyunu başlayıb. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri şəhid və şikəstlərin qan pulunu ala bilmirlər”.

E.Əsədov deputatların da bu məsələyə biganə qaldığını deyib: “Dəhşətli haldır ki, Qarabağda şəhid olmuş şəxsin ailəsi qan pulunu ala bilmir. Özü də qanunla müəyyən olunmuş pulunu… Bu, Milli Məclis, Konstitusiya Məhkəməsi adına utancdır. İndi də devalvasiya baş verib, manat dəyərdən düşüb. Musa Quliyev və bir çox deputatlar bəhanələr axtarırlar, deyirlər ki, vaxtında alardınız, artıq gecdir. İndi biz bu pulu sizə verə bilmirik. Verilsə də məbləğ az olacaq. Harada oluruqsa yalançı vədlərlə şəhid ailələrinə qəm laylası çalırlar. Məmurlarımızın, millət vəkillərimizin şəhid ailələrinə “böyük sevgisi” budur”.

Xatırladaq ki, Şabıyev Səyyar Aslan oğlu 1992-ci ilin əvvəllərində Yardımlı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, döyüşmək üçün Qarabağ bölgəsinə göndərilib. O, Qubadlı, Füzuli rayon istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 2 oktyabr 1992-ci il tarixində Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub və Yardımlı rayon Şəhidlər Xiyabanında dəfn edilib.