BolgeXeber.Com » Xəbərlər » İsmayıllı Rayon İcra Hakimiyyətindən əlilin şikayəti ilə bağlı açıqlama

İsmayıllı Rayon İcra Hakimiyyətindən əlilin şikayəti ilə bağlı açıqlama

9-03-2016, 16:00
Oxunub: 3 013 İsmayıllı Rayon İcra Hakimiyyətindən əlilin şikayəti ilə bağlı açıqlamaİsmayıllı Rayon İcra Hakimiyyətinin BƏYANATI

Son günlər İsmayıllı şəhər sakini I qrup ümumi səbəbdən əlil olan Şahməmmədov Rasim Eldar oğlu İsmayıllı Rayon İcra Hakimiyyətindən qovulduğu və müraciətlərinə baxılmaması barədə müsahibələr vermişdir. Məsələnin bir başa olaraq vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar olduğuna və İcra Hakimiyyətinin bu sahədə fəaliyyətinə kölgə saldığına görə münasibət bildirməyi özümüzə borc bilirik. Məlumat üçün bildiririk ki, R.Şahməmmədov 2010-cu ildə rayonun Diyallı kəndi ərazisində bir neçə nəfərin ölümü, onun isə ağır xəsarətlər aldığı avtomobil qəzası nəticəsində sağlamlığını itirərək I qrup əlillik almışdır. R.Şahməmmədov müalicəsinin davam edirilməsi və mənzillə təmin edilməsi məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciətlər etmiş, hər bir müraciətinə baxılaraq cavablandırılmışdır. Müraciətləri əsasən əməliyyat olunması üçün tələb olunan 20 (iyirmi) min manat vəsaitin ona ayrılması ilə əlaqədar olmuşdur. Məsələnin İcra Hakimiyyətinin səlahiyyətləri və imkanları xaricində olması barədə vətəndaşa cavab göndərilmiş, yaxın ailə üzvlərinə müvafiq izahatlar verilmişdir. Mənzillə təmin edilməsi ilə əlaqədar müraciətlərinə əsasən R.Şahməmmədov 3 (üç) nəfər ailə üzvü ilə birlikdə İsmayıllı Rayon İcra Hakimiyyətinin mənzil komissiyasında yaşayış sahəsi almağa ehtiyacı olan qismində qeydiyyata götürülmüşdür ki, icra hakimiyyətləri bundan artıq səlahiyyətlərə malik deyildir. 2015-ci ilin dekabr ayında R.Şahməmmədov həyat yoldaşının onkoloji xəstə olması ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyətinə bir daha müraciət etmiş və mövcud imkanlar daxilində ailəyə maddi köməklik göstərilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən R.Şahməmmədovun bütün mürciətləri diqqətlə araşdırılaraq ona qanunvericiliyin tələbləri əsasında cavablar göndərilmişdir. Onun icra hakimiyyətindən qovulması və yaxud kobudluq göstərilməsi barəsində bildirdikləri həqiqətə uyğun deyildir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru