BolgeXeber.Com » Xəbərlər » Mingəçevirin icra başçısının qalmaqallı avtomobili ilə bağlı yeni xəbərlər

Mingəçevirin icra başçısının qalmaqallı avtomobili ilə bağlı yeni xəbərlər

15-03-2016, 09:00
Oxunub: 2 859 Mingəçevirin icra başçısının qalmaqallı avtomobili ilə bağlı yeni xəbərlərNiyazi Bayramovun xidməti maşınında görüntülənən xanımın kimliyi ilə bağlı bəzi məlumatlar var; İcra hakimiyyəti ağıllardakı şübhələri aradan qaldırmaq əvəzinə susur; “yol polisinə sorğu verəcəyik” vədi isə “unudulub”

Bir müddət öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin fotoları yayıldı və bu fotolar geniş səs-küyə səbəb oldu.

Yayılan məlumatda iddia edilirdi ki, Mingəçevirin icra başçısının xidməti avtomobilində, salonda, qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları...

Məsələnin bu qədər böyük səs-küyə səbəb olmasını nəzərə alaraq, Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb, məsələ ilə maraqlanmışdıq. İcra hakimiyyətindən musavat.com-a verilən açıqlamada bildirmişdilər ki, həmin fotodakı kadrlar saxtadır və həqiqəti əks etdirmir. Bununla yanaşı, onlar lazımi qurumlara müraciət edərək, məsələni araşdıracaqlarını bildirmişdilər: “Biz əvvəlcə Mətbuat Şurasına, bundan sonra əgər ehtiyac olsa, digər rəsmi qurumlara, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik”.


Məsələnin üzərindən bir müddət keçdiyi üçün yenidən mövzuya qayıtmağa ehtiyac duyduq. Çünki irəli sürülən iddialar çox ciddidir. Əgər iddialar həqiqətdirsə, bu, icra başçısının işdən çıxarılması ilə belə nəticələnə bilər. Buna görə də icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz boşa çıxdı. İcra hakimiyyətindən heç kim telefon zənglərimizə, mesajlara cavab vermədi.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq. K.Əliyev müraciətlə bağlı onda məlumat olmadığını bildirdi: “İcra hakimiyyətindən müraciət olunması ilə bağlı məndə heç bir məlumat yoxdur. Ola bilər ki, katiblikdə bu haqda məlumat var. Ümumiyyətlə hər hansı bir rəsmi qurum və ya səlahiyyətli orqan tərəfindən nəqliyyat vasitəsinin hansı təşkilata və yaxud da şəxsə məxsusluğu ilə bağlı sorğu göndərilərsə, sözsüz ki, ona cavab veriləcək. Rəsmi sorğu olmasa, biz bu barədə məlum verə bilmərik. Bu, qanunla tənzimlənir”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin “fotodakı avtomobil başçının xidməti maşını deyil” sözünü sübuta yetirmək üçün hərəkətə keçməməsi, bu böhtanı təmizləmək istiqamətində addım atmaması ağıllarda bəzi suallar yaradır. Əgər həqiqətən fotolarda göstərilən avtomobil Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti maşını deyilsə, niyə bunu sübut etmək üçün səy göstərmirlər? Mətbuata bu barədə bilgi verilmədi? Sanki Mingəçevir İH məsələnin səngiməsinə, unudulmasına çalışdı.

Verilən məlumata görə, həmin maşında olan xanım şou-biznes nümayəndəsidi. Onun Niyazi Bayramovun xidməti maşınında hara getdiyi, ümumiyyətlə, məmur avtomobilinə necə, hansı statusla mindiyi hələlik məlum deyil. Bu istiqamətdə araşdırmalarımız davam edir.

Bu və digər sualların cavabını bizə icra hakimiyyəti verməli idi. Lakin telefon zənglərimizə cavab verən tapılmadı. Buna baxmayaraq, Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsələ ilə bağlı rəsmi mövqeyini dərc etməyə hazırıq.
Mingəçevirin icra başçısının qalmaqallı avtomobili ilə bağlı yeni xəbərlər
Mingəçevirin icra başçısının qalmaqallı avtomobili ilə bağlı yeni xəbərlər
Mingəçevirin icra başçısının qalmaqallı avtomobili ilə bağlı yeni xəbərlər