BolgeXeber.Com » Xəbərlər » TQDK-nın keçmiş mətbuat katibinin əmisi: Elnuru yoxa çıxarıblar

TQDK-nın keçmiş mətbuat katibinin əmisi: Elnuru yoxa çıxarıblar

15-03-2016, 09:37
Oxunub: 2 676 TQDK-nın keçmiş mətbuat katibinin əmisi: Elnuru yoxa çıxarıblar“İki uşağı qalıb ortada”

Tələqə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin sabiq rəhbəri Elnur Nağızadənin qohumları mətbuat konfransı keçirməyə hazılaşır.

Bolgexeber.com xəbər verir ki, Lent.az-la əlaqə saxlayan E.Nağızadənin əmisi Tahir Nağıyev bildirib ki, ailə bu günlərdə mətbuat konfransı keçirəcək və Elnura ünvanlanış ittihamlarla bağlı bir sıra məlumatlar açıqlayacaq.

“Bizim də deyəcəklərimiz var. Elnura qarşı ittihamlar əsassızdır. İki aydan çoxdur ondan xəbər ala bilmirik, danışa bilmirik. İki uşağı qalıb ortada. Kimlərsə Elnuru yoxa çıxarıb”, - TQDK-nın keçmiş mətbuat katibinin əmisi belə deyib.

Qeyd edək ki, hüquq-mühafizə orqanları Elnur Nağızadəni axtarışa verib. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. Elnur Nağızadə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib. Hazırda onun tutularaq istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, bir müddət əvvəl yayılan məlumata görə, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.