BolgeXeber.Com » Xəbərlər » Burada sahibkarların haqqı tapdanır - Qazaxdan şikayət

Burada sahibkarların haqqı tapdanır - Qazaxdan şikayət

19-03-2016, 17:56
Oxunub: 3 456 Burada sahibkarların haqqı tapdanır - Qazaxdan şikayətRedaksiyamıza bu günlərdə daxil olmuş növbəti şikayət ərizəsində yenidən bələdiyyə orqanlarının fəaliyyətindən ciddi şikayətlər öz əksini tapmaqdadır

Qazax rayonu, Qazaxbəyli kənd sakini Röyşən Hüseynov yerli bələdiyyənin rəhbərliyi tərəfindən ona və qardaşlarına məxsus olan pay torpaqlarının bir hissəsinin qeyri-qanuni olaraq kənar şəxslərə satıldığını xəbər verir. Həm də bu dəfəki qanun pozuntusu mahiyyət etibarı ilə ikili xarakter daşıyır. Bir tərəfdən Qazaxbəyli kənd bələdiyyəsinin rəhbərliyi vətəndaşların mülkiyyət hüquqlarını pozur, digər tərəfdən isə, bu əməlləri ilə onlar rayonda sahibkarlığın inkişafı yolunda əngəl törətməkləri ilə diqqəti cəlb edirlər. Baş verənlər barədə açıqlama verən Röyşən Hüseynov bildirir ki, 1997-ci ildə o özü və daha iki qardaşı, Bağır və İslam Hüseynovlar keçirilən bölgü əsasında ümumilikdə 9600 kv.m (96 sot) sahədə pay torpaqları alıblar. Hər üçü Qarabağ müharibəsi veteranı olan Hüseynov qardaşları, çox düşünmədən bu torpaq sahəsindən birbaşa təyinatı üzrə istifadə etmək qərarına gəliblər. Bundan sonra, həmin sahədə üzüm əkməyə başlayan qardaşlar təbii ki, bu işləri ilə rayonda həm sahibkarlığın, həm də ümumi iqtisadiyyatın inkişafına öz gözəl tövhələrini vermiş olublar. Lakin, bu yaxınlarda məlum olub ki, sən demə Qazaxbəyli kənd bələdiyyəsinin sədri Südabə Əliyevanın və müavini Mahir Yusifovun bu kimi məsələlərə baxışları tamamilə fərqli imiş. Hüseynov qardaşları bir də onda xəbər tutublar ki, onlara məxsus torpaq sahəsinin 24 sotu, hər birinə 8 sot olmaqla üç nəfər kənar şəxsə satılıb. Həm də hansı məqsədlə? Ev tikintisi üçün!
Mövzuya dair dərc etdiyimiz yazılarda biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin əsas ictimai sosial-məişət problemlərinin həllini üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. İlk növbədə qeyd olunmalıdır ki, bu gün əksər regionlarda nəticə etibarı ilə rayon rəhbərliyinin xeyir-duası olmadan bələdiyyə sədri seçilməyin özü də çox müşkül işdir. Digər tərəfdən isə, bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksəriyyət bələdiyyə strukturları da imkanlarını əməli iş üçün deyil, şəxsi sərvətlərini artırmaq üçün səfərbər edirlər. Bu qəbildən olan şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız torpaq alqı-satqısı proseslərinin gedişində müşahidə olunur. Nəzərdən keçirdiyimiz halda da Qazaxbəyli kənd bələdiyyəsinin fəaliyyəti dediklərimizin əyani sübutu kimi çıxış edir.
Baş verənlərdən sonra, Röyşən Hüseynov Qazax Rayon İcra Hakimiyyətinə müraciət edərək, problemin həll olunmayacağı təqdirdə Prezident Administrasiyasına şikayət edəcəyini bildirib. Cavabında isə, RİH-nin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Məmməd Alıyev ona söz verib ki, bələdiyyənin satdığı torpaq sahəsinin əvəzinə onlara başqa ərazidə torpaq sahəsi ayırarlar. Qəribədir, görəsən hansı məziyyətlərinə görə, kənardan gələn şəxslərə sahibkarın pay torpaqlarından, həm də faktiki olaraq əkinçiliklə məşğul olduğu ərazidən, sanki tortdan bir parça kəsirlərmiş kimi, müəyyən bir sahəni kəsib ev tikintisi üçün verirlər? Sahibkar isə, əkininin bir hissəsini bir ərazidə, bir hissəsini isə, başqa bir ərazidə aparmaq məcburiyyətində qoyulur. Yeri gəlmişkən, apardığımız araşdırma nəticəsində biz bələdiyyə sədrinin qanunsuz əməllərinə qahmar çıxan bu məmurun özü barədə də bəzi maraqlı açıqlamalar əldə etmişik. Məsələn, öyrənmişik ki, Məmməd Alıyev 15 ildən artıq müddət ərzində Qazaxda narkobaron kimi tanınan, “Qidi” ləqəbli Hidayət adlı şəxsin bacanağı ilə şərikli yanacaqdoldurma stansiyası açır. Bildirilir ki, Məmməd Alıyev Qazaxda məşhur “Akasiya” restoranının qarşısında yerləşən və bu məqsədlə alınmış ərazinin sənədləşmə işlərini öz boynuna çəkməklə bu obyektə şərik olacaq.
İnanmaq olmur ki, bu gün regionlarda sahibkarlığın daha da inkişaf etdirilməsi yönümündə dövlət başçısı tərəfindən birbaşa rayon icra hakimiyyəti orqanlarının başçılarına qəti tapşırıqlar verildiyi halda, Qazaxbəyli bələdiyyəsinin sədri hazır fəaliyyətdə olan, həm də üzümçülük kimi perspektivli sahəni inkişaf etdirən sahibkar təsərrüfatını faktiki olaraq dağıtmaqla məşğul olmağa özündə cürət tapır! Rayon icra hakimiyyətinin bu sahəyə görə bilavasitə məsuliyyət daşıyan rəsmisi isə, problemi həll etmək, təqsirkarların cəzalandırılması üçün tədbir görmək əvəzinə, sahibkarı şikayət etməkdən çəkindirmək üçün ona absurd təkliflər etməklə məşğuldur!
Bütün tərəflərin mövqeyini öyrənə bilərik.
Dia.az