BolgeXeber.Com » Xəbərlər » Fitosanitar xidmət sahibkarları soğan qabığı kimi “soyur” - ŞİKAYƏT VAR

Fitosanitar xidmət sahibkarları soğan qabığı kimi “soyur” - ŞİKAYƏT VAR

23-03-2016, 12:23
Oxunub: 2 243 Fitosanitar xidmət sahibkarları soğan qabığı kimi “soyur” - ŞİKAYƏT VAR“Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil və bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək”

Sahibkarlıq sahəsində əksər yoxlamaların 2 illiyə dayandırılması, sahibkarlara problem yaradan MTN rəhbəri və onlarla digər nazirliklərin yüksək vəzifəli şəxslərinin həbs olunması Azərbaycan prezidentinin ölkədə azad bazar iqtisadiyyatını bərqərar etmək istiqamətindəki iradəsinin göstəricisidir. Elə noyabrın 4-də Şəkidə olarkən dövlət başçısı bu iradəsini bir daha ortaya qoyub: “Cəmiyyətdə korrupsiya və rüşvətxorluq hallarına qarşı heç kim toxunulmaz deyil və bu kimi hallara qarşı cəza tədbirləri davam etdiriləcək”.
Prezident son vaxtlar sahibkarlara qarşı edilən ədalətsizliklərlə bağlı müxtəlif faktların üzə çıxdığını, bu hallara yol verən şəxslərin mövqeyindən və vəzifəsindən asılı olmayaraq cəzalandırıldığını bildirib. Lakin artıq bir aydan çoxdur başladılan və sahibkarlığın inkişafına təkan olacaq proses, deyəsən, heç də bütün dövlət məmurlarının ürəyindən deyil.
Bizimxeber.az xəbər verir ki, belə məmurlardan biri də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyevdir. Redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, bu xidmət və onun yerlərdəki çoxsaylı strukturları sahibkarlardan dövlət rüsumundan əlavə böyük məbləğdə rüşvət almaqda davam edirlər.
Qeyd edək ki, Dövlət Fitosanitar Nəzarəti XidmətininAğstafa rayon, Bakı-Abşeron, Balakən, Şabran, Füzuli, Gəncə, Xaçmaz, Kürdəmir, Lənkəran, Biləsuvar, Şəki, Şirvan, Tovuz, Yevlax rayonlararası Bitkilərin Karantini Məntəqələri mövcuddur. Xidmətin 57 rayonda bitki mühafizəsi mərkəzləri, daha 16 rayonda mobil bitki mühafizə dəstələri fəaliyyətdədir.
Rayonlararası (rayon) Bitkilərin Karantini Məntəqələri idxal və ixrac olunan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.12.2006-cı il tarixli 280 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və laboratoriya ekspertizasının aparılması Qaydaları”na əsasən həyata keçirirlər.
Göstərilən xidmətlərin tarifləri Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 01 avqust 2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş tariflərlə tənzimlənir. Bundan əlavə, Xidmətin tərkibində Respublika Karantin Ekspertiza Mərkəzi fəaliyyət göstərir. Qurumun saytında verilən izahatdan aydın olur ki, Mərkəzin əsas funksiyaları ölkə daxilində istehsal edilən və xarici dövlətlərdən idxal olunan bitki və bitkilərin toxumlarından, əkin materiallarından, bitkilərin hissələrindən (çilik, soğanaq, kök yumruları, meyvələr və s.), karantin nəzarərində olan digər məhsullardan nümunələr götürmək, onları bitki mühafizə və karantini nöqteyi nəzərindən laboratoriya ekspertizasından keçirmək və şəhadətnamə verməkdir.
Mərkəzin tərkibində Yevlax, Xaçmaz və Şirvanda Entomologiya, Fitopatologiya, Herbologiya, Fitohelmintologiya və Molekulyar diaqnostika laboratoriyaları mövcuddur və müvafiq olaraq entomoloji, mikoloji, bakterioloji, virusoloji, herboloji və fitohelmintoloji ekspertizalar aparılır.
Xidmətin daha bir strukturu Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzidir. Mərkəzin əsas funksiyaları pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfiyyət göstəricilərinin təyin olunması, bitki və bitkiçilik məhsullarında, yemlərdə, torpaqda, suda, ətraf mühit obyektlərində pestisidlərin, ağır metalların, nitrat və nitritlərin, mikotoksinlərin və digər zəhərli birləşmələrin təyin edilməsi sahəsində dövlət nəzarətinin təşkili, dövlət qeydiyyatından keçməyən, mənşəyi məlum olmayan pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövriyyədən çıxarılması prosesində iştirakın təmin edilməsi, istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, aqrokimyəvi maddələrin qalıqlarının, onların birləşmələrinin və qablarının inventarlaşdırılması və zərərsizləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsidir.
Mərkəzin tərkibində Şirvan, Yevlax və Xaçmazda Pestisidlərin, nitrat və nitritlərin qalıq miqdarının təyini, Ağır metalların təyini, Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin keyfıyyət göstəricilərinin təyini və Mikotoksinlərin təyini laboratoriyaları mövcuddur.
Bunlardan əlavə olaraq, Dövlət Xidməti 5 bölgədə rayonlararası bioloji laboratoriyalara da malikdir. Göründüyü kimi, tabeliyində yüzdən yuxarı nəzarət funkisyası daşıyan strukturu olan Dövlət Fitosanitar Nəzarəti Xidmətinin gördüyü işlər də çoxsaylıdır. Əlbəttə, fitosanitar nəzarətin effektiv təşkili hər bir dövlət üçün vacib şərtlərdən biridir. Lakin bu vacibliyi Azərbaycanda bu sahəyə baxan məmurlar hələ də qəbul etmək istəmirlər.
Ölkəyə bitkiçilik məhsulları (meyvə-tərəvəzdən, güldən tutmuş taxta-şalbana qədər) idxal edən shaibkarların böyük əksəriyyəti məhz C.Quliyev və onun tabeliyində bir çox məmurların ciddi basqıları altında fəaliyyət göstərməkdədirlər. Onlardan aldığımız məlumata görə, karantin nəzarətində olan idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün Tarif Şurasının müəyyənləşdirdiyi tariflər sahibkarlar üçün əsl arzuya çevrilib: “Çox ciddi problemləri yaşayırıq taxta-şalban, meyvə-tərəvəz, hətta buğda idxalı zamanı. Meyvə-tərəvəz, bildiyiniz kimi, yaş məhsul sayılır və qısa müddətdə bazara çıxarılmadıqda məhv olur, ona çəkilən bütün xərclər batır. Karantin xidmətindəkilər də bunu yaxşı bilirlər.
Gətirilən məhsula karantin baxışını keçirib müvafiq sənədi vermək üçün dövlətin müəyyənləşdirdiyindən bəzən 10-20 qat artıq pul istəyirlər. Toxum və əkin materiallarının 1 tonu üçün tarif 10 qəpikdir. Amma gəl görüm sən hər ton üçün 2 manatdan aşağı məbləğə lazım olan sənədi ala bilərsənmi? Eyni vəziyyət bütün növ fitosanitar karantin baxışına cəlb olunan məhsullara aiddir. İstədikləri məbləği vermədikdə, gətirdiyin malda nəsə “tapırlar”, göndərirlər səni laboratoriyalara. Onlar da süründürüb-süründürüb, göndərir zərərsizləşdirməyə. Ən yaxşı halda 1 aya canını qurtara bilmirsən.O vaxta qədər ya gətirdiyin məhsul xarab olur, ya da vaqonlarda, maşınlarda saxlamaq üçün ödədiyin pullar onun dəyərini kəllə-çarxa çıxardır.”
Sahibkarlar deyirlər ki, dəfələrlə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməllərindən nazir Heydər Əsədova şikayət ediblər: “Hər dəfə də C.Quliyevin adamları, xüsusilə də oranın şöbə müdiri Mehman Məmmədov bizə açıq şəkildə deyiblər ki, şikayət etməyin mənası yoxdur, onsuz da heç nəyə nail ola bilməyəcəksiz. Bu yaxınlarda nazirin dediklərini oxuduq mətbuatdan. Deyir ki, bizim qurumlar yoxlama aparmır, gördükləri iş onların vəzifə fəaliyyətidir. Biz də razıyıq, öz vəzifələrini yerinə yetirsinlər. Allaha şükür, dövlətimiz çox cüzi tariflər müəyyənləşdirib, biz tariflərdən qətiyyən narazı deyilik. Narazılığımız Fitosanitar Nəzarəti Xidmətinin rəisindəndir ki, bizdən o tairflərin onlarla qat artığı qədər rüşvət aldırır”.
Sonda onu da qeyd edək ki, narazı sahibkarlar yaxın vaxtlarda Prezident İlham Əliyevə müraciət edəcəklərini bildirirlər. Sahibkarların prezidentə edilən müraciətini sizə təqdim eüdəcəyik…
Bolgexeber.com