BolgeXeber.Com » Xəbərlər » Araz Əlizadə: Üzeyir bəy bu himni, himn kimi yazmayıb

Araz Əlizadə: Üzeyir bəy bu himni, himn kimi yazmayıb

1-04-2016, 12:26
Oxunub: 2 429 Araz Əlizadə: Üzeyir bəy bu himni, himn kimi yazmayıb“Camaatın dediyi məni az maraqlandırır”

Milli Məclisin deputatı Araz Əlizadənin dövlət himnimizi təhqir etməsi ictimaiyyətdə ciddi etirazlar doğurub.

Bolgexeber.com xəbər verir ki, deputatın himnimizi mərsiyə adlandıraraq haqqında aşağılayıcı ifadələr işlətməsi həmkarları, ziyalılar tərəfindən də tənqidlə qarşılanıb.

Deputat “Yeni Müsavat”a açıqlamasında onun fikirlərini tənqid edən, o cümlədən professor Şirməmməd Hüseynov, ADP sədri Sərdar Cəlaloğlu, QAT sədri Akif Nağı barəsində təhqiredici ifadələr işlətdi.

Həmin ifadələr etik olmadığı üçün dərc etməmək qərarına gəldik. Deputatın digər açıqlamalarını təqdim edirik:

“Fərəclə (Milli Məclisin deputatı Fərəc Quliyev G.X.) də özüm qırışıb danışaram, özüm başa salaram. Sizə isə başa salmaq istəyirəm ki, mən deputatam. Əgər mənim tərəfimdə Fərhad Bədəlbəyli, mənimlə həmfikir Üzeyir bəydirsə, başa düşürəm ki, mən düz hərəkət edirəm, düz fikirdəyəm.

Qalanları nə deyirlərsə, desinlər. Akif Nağıdır, Sərdar Cəlaloğludur, Şirməmməd Hüseynovdur, onlar məni heç maraqlandırmır. Bilirsiz, mənim artıq 65 yaşım var, mənim fikrim belədir.

Bir daha qeyd edirəm, Üzeyir bəy bunu himn kimi yazmayıb. Onun yazdığı bir əsər var, o da “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət himni”dir.

Dünyada minorda olan himn təkcə Azərbaycan Respublikasının dövlət himnidir. Minorda himn olmaz. Himn insanı sarsıtmalı, tüklərini biz-biz eləməli, onu şikayətə çağırmalıdır, ağlamağa yox.

Siz Azərbaycan SSR-nin himnini bir dəfə dinləmisiz? 1967-ci ildə bir növ dünya ölkələrinin himnlərinin müsabiqəsi keçirilirdi. O zaman birinci yeri musiqisinə görə həmin himn tutdu.

Musiqinin zamanı, əqidəsi və sairə yoxdur. Musiqi daimi sənət əsəridir. Fərhad Bədəlbəyli kimi musiqiçi, xalq artisti, professor deyib: "Minorda himn olmaz. Əgər bizə himn lazımdırsa, dahi Üzeyir bəyin əsərinə geri qayıtmalıyıq.

Əgər onu da edə bilmiriksə, Müslüm Maqomayevin yazdığı “Azərbaycan” mahnısını himn kimi qəbul etməliyik. Əgər əlacımız yoxdursa, indiki himnimizi işləyib, aranjemanını dəyişdirib, onu majora keçirməliyik. Bu, siyasətçi Araz Əlizadənin fikri deyil, görkəmli musiqiçi Fərhad Bədəlbəylinin sözləridir.

Himn müsabiqəsində Üzeyir bəy düşünmürdü ki, o qalib gələcək. Çünki həmişə deyirdi ki, Cahangir çox güclü yazıb. Yaxşı, onda əgər himn tapa bilmiriksə, onda Cahangir Cahangirovun musiqisini himn götürək.

Amma Üzeyir bəy bu himni, himn kimi yazmayıb. Biz niyə bunu qoyuruq dahi Üzeyir bəyin boynuna?

Mən himnə hörmət edirəm. Səslənəndə ayağa dururam, oxunanda oxuyuram, o mənim dövlətimin rəmzidir, mən ona hörmət edirəm.

Soruşanda ki, “onun musiqisi xoşuna gəlirmi”, deyirəm, xeyr. Mən də palaza bürünüb, elnən sürünməliyəm? Camaatın dediyi məni az maraqlandırır”.

“Seçicilərinizin bu məsələyə tənqidi münasibət bəsləməsi siz narahat etmir?” suala deputat belə cavab verdi:

“Mən düşünmürəm ki, mənim seçicilərim başı belə ara söhbətlərinə qarışsın. Mənim seçicilərim dolanmaq, gələcəkləri haqqında düşünürlər”.