BolgeXeber.Com » Xəbərlər » Bank tanınmış hüquqşünasdan baş prokurora şikayət etdi

Bank tanınmış hüquqşünasdan baş prokurora şikayət etdi

1-04-2016, 16:49
Oxunub: 2 101 Bank tanınmış hüquqşünasdan baş prokurora şikayət etdi"Dəfərlərlə demişəm ki, heç kəsi kreditləri ödəməməyə çağırmıram"

Bank VTB (Azərbaycan) ASC-nin idarə heyətinin sədri Yakovlev Baş prokurora təxmini belə yazıb ki, Əkrəm Həsənov Facebook səhifəsində: 1) Mərkəzi Bankı və onun sədrini təhqir edir; 2) banklara qarşı yazır, borcluları kreditləri ödəməməyə çağırır; 3) Rusiyaya qarşı yazır və millətlərarası münasibətləri korlayır; 4) müştəriləri Rusiya banklarına, o cümlədən VTB-yə etibar etməməməyə çağırır və s. və i.a. Müraciətinə də Facebookdakı statuslarımın bir qismini əlavə edib. Bununla əlaqədar aşağıdakıları bildirirəm:
1. Mən heç vaxt heç kəsi təhqir etməmişəm. Tənqid etmişəm! Əcəb də eləmişəm! Söz azadlığıdır!
2. Yəni Mərkəzi Bank və Elman Rüstəmov artıq o gündədir ki, VTB-nin müdafiəsinə ehtiyac var? Mərkəzi Bank nə olsa da, Elman Rüstəmov kim olsa da, mənim ölkəmin baş bankının və baş bankirinin Rusiya bankının müdafiəsinə ehtiyacı yoxdur!
3. Maarifləndirmə məqsədi ilə mən bankların qanunsuz fəaliyyətindən, müştərilərinin hüquqlarını pozmasından yazmışam, yazıram və Allahın izni ilə yazacağam da. Hüquqşünas olmağım bir tərəfə, vətəndaş və tədqiqatçı kimi düzgün hesab etdiyim fikirlərimi bölüşmək mənim borcumdur. Təbii, mən nədəsə səhv də edə bilərəm. Banklar buyursunlar əks-arqumentlərini ortaya qoysunlar, müzakirə edək. Yoxsa qanunu pozaraq namərdcəsinə vətəndaşları borca görə həbs etdirməsinlər, onlara hədə-qorxu gəlib intihara sövq etməsinlər.
4. Dəfərlərlə demişəm ki, heç kəsi kreditləri ödəməməyə çağırmıram. Yalan deməsinlər! Kreditlər qanun (faizlərin düzgün hesablanması və s.) və imkan daxilində (imkanı olmayanın borcu silinməlidir) qaytarılmalıdır, o cümlədən dollar kreditəri üzrə Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq güzəştlər tətbiq edilməlidir.
5. Mən heç vaxt rus xalqına qarşı çıxışlar etməmişəm. Rus xalqına böyük hörmətim, mədəniyyətinə bağlılığım var, təhsilimi rus dilində almışam (hətta rusca şeir də yazıram). Mən Rusiyanın imperialist siyasətinə qarşı çıxış edirəm. 20 yanvar, Xocalı faciələrini törətmiş, ermənilərə torpaqlarımızı işğal etməkdə və saxlamaqda dəstək olmuş Rusiya dövlətinə qarşı çıxış edirəm. “Bir millət – iki dövlət” konsepsiyasından çıxış edərək Rusiyanın qardaş Türkiyəyə qarşı düşmənçiliyinə qarşı çıxış etmişəm. Bundan sonra da Allahn köməkliyi ilə edəcəyəm!
6. Rusiya bankları olan VTB və Nikoylun etibarsız və təhlükəli bank olmalarına gəldikdə də fikrimdə qalıram. Ən azı bir şeyə görə: bu banklar qanunu pozaraq rüblük hesabatlarını dərc etmir, maliyyə göstəricilərini gizlədirlər. Belə banklara necə etibar etmək olar axı? VTB özü dəfələrlə məhkəmə qaydasında etiraf edib ki, daxilində korrupsiya halları var. Belə banka necə etibar etmək olar axı?!
7. Mən hər sözümə görə cavab verməyə hazıram. VTB-ni nəsə qane etmirsə, məhkəməyə müraciət etsin. Əlbəttə, əgər Nikoyl Bankın mənimlə məhkəmə çəkişməsindəki rüsvayçı aqibətindən qorxmursa!

Əkrəm Həsənov, bank məsələləri üzrə tanınmış mütəxəssis