BolgeXeber.Com » Xəbərlər » Ünvanı olub, özü olmayan şirkətin qeyri-qanuni oyunu - FOTO

Ünvanı olub, özü olmayan şirkətin qeyri-qanuni oyunu - FOTO

2-04-2016, 11:30
Oxunub: 3 001 Ünvanı olub, özü olmayan şirkətin qeyri-qanuni oyunu - FOTOVerilmiş ünvana getdiyini deyən Müqəddəs Zamanova bildirir ki, orada tam fərqli mənzərəylə üzləşib

Paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov küçəsi 13, mənzil 67 ünvanında yaşayan sakini Müqəddəs Zamanova internet vasitəsilə aparılan alqı-satqı zamanı adladılmasından gileylənir. O, bununla bağlı saytımızın “Poçt qutusu”na şikayət məktubu ünvanlayıb.

Publika.az xəbər verir ki, hər şey paytaxt sakininin “Buy fito spray” saytına sifariş verdiyi “Fito Sprey” dərmanını (Bu dərman arıqlamaq üçün bir vasitədir. Tərkibinə görə çox səy göstərmədən zəifləməyə imkan verir, piylənmənin qarşısını alır, habelə bədənə dirilik və enerji verir – Red.) aldıqdan sonra başlayıb.

Müqəddəs Zamanovanın sözlərinə görə, sayta “Fito Sprey” sifariş verdikdən dərhal sonra mobil nömrəsinə tanımadığı telefondan zəng gəlib: “Zəng edən şəxs satdıqları malları xeyli təriflədi. Habelə dərmanı üç gün ərzində ünvanıma çatdıracaqlarını bildirdi”.

Dərmanın çatdırılması həqiqətən də üç günə başa gəlib: “Zəng edib dedilər ki, bağlamanızı poçtdan götürə bilərsiniz. Ərazi üzrə 1001 saylı poçta gedib və bağlamanı təhvil alarkən onun göndərildiyi ünvanı soruşdum. Poçtdan bildirdilər ki, bağlama onlara ekspress poçt vasitəsilə göndərilib. Ora isə xaricdən gətirilib”.

Sifarişçi beləcə 76 manat ödəyib dərmanı götürüb: “Bağlamanı evdə açıb üzərində Azərbaycan dilində təlimatı görəndə təəccübləndim. Moskva şəhərindən göndərilən malların üzərində azərbaycanca təlimatın necə yazılması diqqətimi cəlb etdi. Onlarla bağlantı yaratmaq üçün yenidən “Buy fito spray” saytına daxil oldum”.

Bu zaman satıcılar Müqəddəs Zamanovanın yenidən mal almaq istədiyini düşünərək məhsullarını tərifləməyə başlayıblar. Qadın soruşub necə olur ki, Moskvadan “gətirdiyiniz” malların üzərində Azərbaycan dilində təlimat yazılıb. Lakin özünü Tatyana kimi təqdim edən şəxs müştərinin bu sualına cavab verməyib. Operator ona şirkətin Bakıda nümayəndəliyinin olduğunu bildirib. Məsləhət görüb ki, Mirəli Seyidov küçəsi 31\48 ünvanına getsin.

Verilmiş ünvana getdiyini deyən Müqəddəs Zamanova bildirir ki, orada tam fərqli mənzərəylə üzləşib: “Həmin küçəyə gedərək ünvanı axtardığımda ərazidə yaşayan sakinlər dedilər ki, burada o şirkətin “nümayəndəliyini” axtaranlar çox olur, yəqin siz də aldadılan əmin şəxslərdən birisiniz. Çoxları gəlib nümayəndəliyin burada ünvanı olub-olmadığını soruşurlar, lakin tapa bilmirlər”.

Yenidən 1001 saylı poçta gedən alıcı bildirir ki, malın üzərindəki ünvanda heç bir nümayəndəlik göstərilmir. O, poçt rəhbərliyinin köməyindən sonra nəhayət şirkətlə əlaqə saxlamağa müvəffəq ola bilib. Amma bu da Müqəddəs Zamanovanın “dərdinə dərman” olmayıb.

Müqəddəs Zamanovanı narahat edən əsas məsələ saytdakı elanla məhsulun tərkibinin üst-üstə düşməməsidir: “İnternetdəki “Buy fito spray” saytında bu spreyin xolesterini azaltması, diabetə xeyri olması və s. əhəmiyyəti haqda geniş məlumatlar qeyd olunub. Lakin satılan malın üzərindəki təlimat tam başqadır”.