BolgeXeber.Com » Xəbərlər » Şəmsəddin Hacıyev mərhum işçisinin haqqını vermir

Şəmsəddin Hacıyev mərhum işçisinin haqqını vermir

2-04-2016, 15:47
Oxunub: 2 706 Şəmsəddin Hacıyev mərhum işçisinin haqqını vermirMillət vəkili ölüm səbəbini hələ də açıq etiraf etmədiyi Şahmurad Hümbətovun ailəsinə aşkar etinasızlıq nümayiş etdirir

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) binasında baş vermiş və Hümbətovlar ailəsinin faciəsinə səbəb olmuş yanğın hadisəsindən keçən müddətin dünən beşinci ili də tamam oldu. Düz beş il bundan əvvəl, mart ayının 31-dən aprel ayının 1-nə keçən gecə ADİU-da baş vermiş yanğın dolayısı ilə, universitetin baş mühəndisi Hümbətov Şahmurad Qədim oğlunun ölümünə səbəb olmuşdu. Artıq qeyd olunduğu kimi, bir müddət əvvəl redaksiyamıza müraciət etmiş vətəndaş Hümbətov İlqar Şahmurad oğlu 2011-ci ildə, ADİU-da baş vermiş yanğın səbəbilə atası Hümbətov Şahmurad Qədim oğlunun gecə saatlarında rəhbərlik tərəfindən universitetə çağırıldığını və orada naməlum şəraitdə vəfat etdiyini bildirmişdi. Eyni zamanda da, İlqar Hümbətovun sözlərinə görə, ADİU-nun o vaxtkı rəhbərliyi bu ölüm faktının bilavasitə yanğınla əlaqəli olduğunu ciddi cəhdlə gizlətmişdir. Hətta bu məqsədlə mərhumun ailəsinə də yalan informasiya verilmişdir. Mərhumun ailəsi tərəfindən təqdim olunan açıqlamalarda bildirilir ki, göstərilən tarixdə, təxminən gecə saat 02.00 radələrində İqtisad Universitetinin başqa bir əməkdaşı Hümbətovların evinə gələrək, demişdir ki, Ş.Hümbətovun təzyiqi qalxmış və onu xəstəxanaya aparmışlar. Bundan sonra mərhumun oğlu, İlqar Hümbətov həmin şəxslə maşına oturub Respublika Xəstəxanasına getmişdir. Ora çatanda universitetin bəzi müəllimləri ilə qarşılaşmış və universitetin baş energetiki Məzahir müəllim İlqara bildirmişdir ki, atasının ürək təzyiqi qalxmış və o, vəfat etmişdir. Yalnız sonradan Hümbətovlar biliblər ki, universitet rəhbərliyi onları aldatmış və Şahmurad Hümbətov əslində elektrik cərəyanı vurmasından vəfat etmişdir. Belə ki, Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin eksperti Alim Hüseynov tərəfindən 04.04.2011-ci il tarixində imzalanmış və Birliyin möhürü ilə təsdiqlənmiş şəhadətnamədə ölümün məhz elektrik cərəyanı vurması nəticəsində baş verdiyi bildirilir. Mərhumun həyat yoldaşı Hümbətova Sevil Həsən qızı tərəfindən 2013-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Füzuli Ələkbərova ünvanlanmış ərizədə isə deyilir: "Biz dəfələrlə universitetin rəhbərliyi ilə əladə saxlmaq istəsək də, bizə heç bir məlumat verməmişlər və heç bir maddi yardım göstərməmişlər. Bu günə kimi universitet rəhbərliyi bizə müəyyən vədlər versələr də, indiyə kimi həyat yoldaşımın işdə ölümü ilə əlaqədar heç bir sənəd də verməyiblər...” Qeyd etdiyimiz kimi, bu ərizə 2013-cü ildə yazılsa da, indiyədək durumda heş bir dəyişiklik baş verməmişdir. Bəs görəsən universitetin o vaxtkı rəhbərliyi həqiqəti gizlətmək üçün niyə bu qədər səy göstərmişdir? Məhz bu suala aydınlıq gətirmək üçün, həmin vaxt İlqar Hümbətov atasının ölüm faktının araşdırılması üçün Səbail rayon prokurorluğuna müraciət etmişdi. Lakin bu zaman universitet rəhbərliyi işə qarışaraq, məsələnin "dinc yolla” həllinə nail ola bilmişdi. İlqar Hümbətov universitetə dəvət olunmuş, əvvəlcə o vaxtkı prorektor Mirənvər Mahmudov, sonra isə, ADİU-nun keçmiş rektoru Şəmsəddin Hacıyev tərəfindən qəbul edilmişdi. İlqar Hümbətovun sözlərinə görə, onun şikayətçi düşməməsini dönə-dönə xahiş edən keçmiş rektor, bunun müqabilində dəfn və sonrakı mərasim xərclərinin tam ödənilməsini, maddi yardım və 100 000 manat məbləğində təzminatın veriləcəyini vəd etmişdi. Bütün bu vədlərin müqabilində isə, mərhumun 7-ci gün mərasimindən sonra bütün sözlər unuduldu. Hətta universitet rəhbərliyi qəbir üstü üçün özünün sifariş etdiyi başdaşının hazırlanmasına görə ödənişdən belə imtina etdi. Hətta sonradan məlum olub ki, mərhumun ailəsinə yardım məqsədilə universitetin bütün əməkdaşlarının topladıqları böyük məbləğdə vəsait, 30 min manat pul da Mirənvər Mahmudov tərəfindən mənimsənilərək, Hümbətovlara verilməmişdir.
Bu yaxınlarda isə, İlqar Şahmuradov həmin hadisənin təkrar araşdırılması xahişilə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova ərizə ilə müraciət etdiyini bildirmişdir. Əlbəttə, biz də inanırıq ki, Respublika Prokurorluğu tərəfindən bu müəmmalı hadisə təhqiq olunacaq və bununla bağlı bütün qaranlıq məqamlara nəhayət ki, aydınlıq gətiriləcək. Lakin bununla bərabər, millət vəkili Şəmsəddin Hacıyevdən yol verdiyi bu haqsızlığın səbəbini kiminsə soruşacağına dair şübhələrimiz də zaman keçdikcə artır...

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.
"bizimdovr"