BolgeXeber.Com » Xəbərlər » 313 saylı bağça təftiş olunmalıdır-Valideynlər tələb edir

313 saylı bağça təftiş olunmalıdır-Valideynlər tələb edir

30-04-2016, 11:55
Oxunub: 7 409 313 saylı bağça təftiş olunmalıdır-Valideynlər tələb edirAybəniz Əsgərova heç bir əmək müqaviləsi bağlamadan tərbiyyəçilərin qanunsuz işləməsinə şərait yaradır

Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti açıqlamalarda Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 313 saylı körpələr evi-uşaq bağçasının fəaliyyətində yer almış bir sıra neqativ hallardan bəhs edilir. Bu xüsusda bizimdovr.az-a gələn məlumatlarda qeyd olunur ki, Aybəniz Əsgərovanın rəhbərlik etdiyi bu müəssisədə rüşvət yığımları bu gün artıq çox yüksək həddə çatmışdır. İlk növbədə övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlərdən təxminən 150-200 manat məbləğində pul ödəmək tələb olunur. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər ilkin ödənişdə nəzərdə tutulmur. Bəzi mənbələrin iddiasına görə, hazırda 313 saylı bağçada “bağça fondu”nun hesabına və tərbiyyəçi-müəllimlərin mükafatlandırılmasına hər uşağa görə valideynlərdən ayda 20-30 manat pul yığılır. Biz ötən yazılarımızda da qeyd etmişdik ki, uşaq məktəbəqədər müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra orqanlarının tabeliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar yaratmışdır. Göründüyü kimi, bəzi müəssisə rəhbərləri bu qərardan öz qanunsuz fəaliyyətlərini daha da genişləndirmək məqsədilə yararlanmaqdadırlar.

Belə ki, bir çox bağça müdirləri icra strukturlarının yüksək vəzifəli əməkdaşları tərəfindən onlara “aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, rəhbərlik etdikləri müəssisələrdə həyata keçirilən pul yığımlarının intensivliyini bir qədər də artırmışlar. Redaksiyamıza daxil olan məlumatlarda 313 saylı uşaq bağçasında da məhz bu xüsusda çeşidli qanun pozuntularının müşahidə olunduğu bildirilir. Halbuki, müxtəlif uşaq müəssisələrinin fəaliyyətində müşahidə olunan analoji neqativ hallarla bağlı daxil olan çoxsaylı şikayətlərə cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vəziyyətə dəfələrlə konkret münasibət bildirilmişdir. Tövsiyyə olunmuşdur ki, istənilən bir uşaq bağçasında yer almış pul yığımının təsdiq olunduğu halda, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Və istənilən halda bu neqativ təzahürlərin BŞİH ilə hər hansı formada əlaqələndirilməsi qətiyyən yolverilməzdir. Yeri gəlmişkən qeyd etmək istərdik ki, BŞİH rəsmilərinin bu bəyanatından uşaq bağçalarında rüşvət tələbləri ilə rastlaşan bütün valideynlər yetərincə yararlana bilərlər. Konkret olaraq 313 saylı körpələr evi-uşaqbağçasında baş verən qanun pozuntularına gəlincə isə, düşünürük ki, bu müəssisənin fəaliyyəti daha səlahiyyətli orqanlar tərəfindən ciddi şəkildə təftiş olunmalıdır. Qeyd edək ki, bizimdovr.az-a daxil olan açıqlamalara görə, bu gün Aybəniz Əsgərovanın rəhbərlik etdiyi bu müəssisədə pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, 313 saylı bağçada uşaqlara verilən yeməklər müvafiq qaydada təsdiq edilmiş texnoloji təlimat və reseptura olmadan hazırlanır, ərzaqların da dövlət standartı haqqında heç bir sənədi yoxdur. Bundan başqa isə, bu gün sözügedən tərbiyə ocağında uşaqların təlim və tərbiyyəsi ilə məşğul olan kadrlar arasında da müvafiq təhsili və hazırlığı olmayanlara kifayət qədər rast gəlmək olur. Eyni zamanda da Aybəniz Əsgərova heç bir əmək müqaviləsi bağlamadan tərbiyyəçilərin qanunsuz işləməsinə şərait yaradır...

Birdəfəlik olaraq belə bir həqiqəti qəbul etmək lazımdır ki, uşaq müəssisələrində əsaslı islahatların aparılması və ən əsası da bu islahatların real müsbət nəticələr verə bilməsi üçün, ilk növbədə həmin müəssisələrə rəhbərlik edən şəxslərin fəaliyyətləri tam ciddiliyi ilə təftiş olunmalı, korrupsiya hallarına və digər qanun pozuntularına yol verən məmurlar cəzalandırılaraq uşaq bağçalarında əmək fəaliyyəti gösərmək imkanlarından həmişəlik məhrum olunmalıdırlar.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.