BolgeXeber.Com » Xəbərlər » “Azimport” şirkətinin işçiləri etiraz aksiyası keçirir

“Azimport” şirkətinin işçiləri etiraz aksiyası keçirir

2-05-2016, 16:58
Oxunub: 2 257 “Azimport” şirkətinin işçiləri etiraz aksiyası keçirir“Azimport” şirkətinin bir qrup əməkdaşı bu saatlarda şirkətin qarşısında etiraz aksiyası keçirir

Bu barədə ANS PRESS-ə etirazçıların özləri məlumat veriblər. Bildirirlər ki, onlar uzun müddət şirkət üçün işləsələr də bir ildən artıqdır ki, maaşlarını ala bilmirlər.

“Biz “Azimport” şirkətinin işçiləri kimi uzun müddətdir müxtəlif binaların təmir işləri ilə məşğul idik. Daha çox yaşayış binalarının elektrik işləri, damınının və üzlüklərinin təmiri ilə məşğul olurduq. Uzun müddət işləsək də şirkət maaşlarımızı vermədi. Hazırda elə işçilər var ki, şirkətdən 3000 manat pul almalıdır. Ancaq bizi hər dəfə aldadırlar və bildirirlər ki, yaxın zamanlarda veriləcək. Şəxsən mən “Azimport” şirkətindən 800 manata qədər pu almalıyam. Ancaq bir ildən artıqdır ki vermirlər”, - deyə etirazçılardan biri - Rüfət Hacızadə bildirdi.

Etirazçılar deyirlər ki, şirkətdə onları işlədən şəxs İanik adında bir məsul şəxsdir: “Biz bütün işləri İanikin əli ilə görürdük. Ancaq o, bizə pul məsələsinin onun səlahiyyətində olmadığını deyir. Hər dəfə biz toplaşanda deyirlər ki, gələn ay veriləcək. Ancaq vermirlər”.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxlamağa çalışsaq da açıqlama vermək istəmədilər. İanik adlı şəxs isə bildirdi ki, həmin etirazçıları tanımır və heç kimə pul verməli deyil.

Bu, Bakıda işçilərin maaşlarını ala bilmədikləri üçün keçirdiyi ilk etiraz aksiyası deyil. Bir müddət əvvəl də paytaxtda uzun müddət maaş ala bilməyənlər etiraz aksiyası keçirmişdilər. Aksiya keçirənlər “Azərinşaatservis” MMC-nin işçiləri idilər. Daha sonra etirazçılar Dövlət Əmək müfəttişliyi tərəfindən qəbul edilmiş və məsələ uzun müddət davam edən narazılıqlardan sonra öz həllini tapmışdı. Fəhələlər adıçəkilən şirkətin Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə məxsus olduğunu iddia edirdilər.
Bolgexeber.com