BolgeXeber.Com » Xəbərlər » Yevlaxda hər kəsin istirahət haqqı yoxdur - Maxinasiya ittihamı...

Yevlaxda hər kəsin istirahət haqqı yoxdur - Maxinasiya ittihamı...

4-05-2016, 10:21
Oxunub: 2 271 Yevlaxda hər kəsin istirahət haqqı yoxdur - Maxinasiya ittihamı..."Bu bölgədə hansısa bir hüququ ATİAHİ-nın Yevlax şəhər Komitəsi tərəfindən müdafiə və ya bərpa olunmuş vətəndaş tapmaq demək olar ki, mümkün deyil"

Bu günlərdə redaksiyamıza yeni daxil olmuş məlumatlarda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Yevlax şəhər Komitəsinin sədri Svetlana İsayevanın fəaliyyətinə qarşı ciddi iradlar öz əksini tapmaqdadır. Mənbələrin iddiasına görə bu komitə sədri İttifaqın rəhbərliyi səviyyəsində həyata keçirilən əksər maxinasiyaların ən fəal iştirakçılarından biri kimi tanınır. Məlumdur ki, AHİK-nın sədri Səttar Mehbalıyev həm də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rəhbəridir. Məhz bu səbəbdən də Yevlax şəhər Komitəsinin sədri Svetlana İsayevanın fəaliyyəti bilavasitə Səttar Mehbalıyevin kurasiyasına aid edilir.

Aldığımız məlumatlarda bildirilir ki, bu gün ATİAHİ-nın Yevlax şəhər Komitəsinin xidmətində ümumilikdə 88 idarə, müəssisə və təşkilat vardır. Bunlardan 57-ci orta ümumtəhsil məktəbləri, 25-i məktəbəqədər uşaq müəssisələri, digər altı təşkilat isə, peşə məktəbi, uşaq yaradıcılıq mərkəzi, texniki yaradıcılıq mərkəzi, uşaq-gənclər idman məktəbi, şahmat məktəbi və şəhər təhsil şöbəsidir. Ümumilikdə bu idarə və müəssisələrdə işləyənlərin sayı cəmi 4125 nəfərdir ki, onların da hamısı Yevlax şəhər komitəsi üzrə ittifaq üzvləri kimi qeydiyyata alınıblar. Xüsusi olaraq, bizimdovr.az-a daxil olan açıqlamalarda, Yevlax şəhər Təhsil Şöbəsinin müdiri Raquf Mirzəyevin Svetlana İsayeva ilə birgə bir çox maxinasiyalarda iştirakından bəhs edilir. Qeyd olunur ki, komitənin vəsaitlərinin mənimsənilməsi və istirahət evlərinə göndəriş vərəqələrinin (putyovka) verilməsi xüsusunda həyata keçirilən müxtəlif maxinasiyaların sayəsində hazırda bu şəxslər kifayət qədər zəngin insanlara çevrilmişlər. Mənbələrin verdikləri məlumatlara görə, ATİAHİ-nın Yevlax şəhər Komitəsi hazırda bu sahədə çalışan insanların hüquqlarının qorunmasında, onların sosial vəziyyətlərinin yaxşılaşdırılmasında heç bir əhəmiyyətli rol oynamır. Bu səbəbdən də komitənin sədri Svetlana İsayevadan müxtəlif instansiyalara ünvanlanan şikayətlərin sayı durmadan artır. Açıqlamalarda qeyd olunur ki, hər ay ittifaq üzvlərinin ödədikləri vəsaitlərin təyinatı illər əvvəl olduğundan kəskin şəkildə fərqlənir. Belə ki, əgər bir vaxtlar bu pullara müəllimlər müxtəlif kurort və sanatoriyalarda istirahətə göndərilirdilərsə, indi bu vəsaitlər də, elə ölkə daxilində fəaliyyət göstərən müalicə-istirahət ocaqları da həmkarlar rəhbərlərinin şəxsi mənafeylərinə xidmət edir. Biz bir daha AHİK-nın məqsəd və məramlarının açıqlandığı məlumatlarda təqdim olunan bəzi əsas konsepsiyaları diqqət mərkəzinə çəkmək istəyirik: “Həmkarlar ittifaqları istehsal və qeyri istehsal sahələrində çalışan işçilərin, pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial və iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə edən, dövlət orqanlarından, siyasi partiyalardan və ictimai birliklərdən asılı olmadan fəaliyyət göstərən müstəqil, ictimai və qeyri-siyasi təşkilatdır. Həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər...” Lakin bu gün Yevlaxdan aldığımız məlumatlara görə, bu bölgədə hansısa bir hüququ ATİAHİ-nın Yevlax şəhər Komitəsi tərəfindən müdafiə və ya bərpa olunmuş vətəndaş tapmaq demək olar ki, mümkün deyil.

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.