BolgeXeber.Com » Xəbərlər » Xətai RİH-dən şəhidə hörmətsizlik - FOTOLAR

Xətai RİH-dən şəhidə hörmətsizlik - FOTOLAR

5-05-2016, 09:40
Oxunub: 2 391 Xətai RİH-dən şəhidə hörmətsizlik - FOTOLARXətai rayonu, Məzahir Rüstəmov küçəsi 52 ünvanda yerləşən və şəhid adını daşıyan park, baxımsızlıqdan bərbad hala düşüb

Park salınandan bu günə qədər heç bir dövlət qurumunun təmsilçisi buraya baş çəkməyib. Deyəsən, parkı unudublar, ya da burada heç kim çoxmərtəbəli bina tikmək istəməyib. Çünki burada tikinti olsaydı, həmin an orada 5-10 nəfər qalstuklu adam görmək olardı.

Bu parkın ərazisi əvvəllər avtodayanacaq olub. 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov ərazini abadlaşdırıb, park halına salıb. Parkda fontan, uşaqlar üçün yelləncəklər, oturacaqlar quraşdırılıb. Həmçinin şəhidlərin xatirəsinə lövhə vurulub.

Şəhidin xatirə bulağı quruyub, abidənin ətrafına atılan zibil tullantıları üfunət yayır. Bataqlığa, natəmizlik yuvasına çevrilən park ətraf binalarda yaşayan sakinlərin yeganə istirahət zonasıdır. Biz orada olarkən park köhnə və baxımsız olsa da, məhəllənin bir yerə toplaşıb, nərd oynayan ağsaqqalarını da gördük. Həmçinin balaca uşaqlar da öz əyləncələrindən geri qalmırdılar.
Sakinlərlə söhbətimiz zamanı məlum oldu ki, park yerli sakinlər tərəfindən təmizlənir. Bu haqda məlumatı musavat.com saytının reportyoruna sakinlər məlumat verib: "Buranı heç təmizləyən belə, yoxdur. Yaxınlıqdakı binalarda yaşayan xanımlarımız bəzən təmizlik aparırlar. Amma o da kifayət etmir. Buraya normal baxım lazımdır. Dövlət, rəsmi qurumlar, icra hakimiyyəti tərəfindən diqqət ayırmasalar, heç nə düzələn deyil. Ətrafa baxın, bir dənə salamat şey qalmayıb. Oturacaqlar sökülüb-dağılıb. Onları da bəzən rəngləyirik, amma gücümüz çatan qədər... Burada qəşəng, daimi işləyən hovuz var idi. İndi bərbad hala düşüb. Çünki parka diqqət ayrılmır".
Parkın adı belə, yoxdur. Baxımsız qaldığı üçün hər kəs buranı unudub. Amma bir az təmir edilsə, park ətrafdakı hər kəsin istirahət məkanına çevrilə bilər. Çünki burada yetərincə yaşıllıq var. Yaxınlıqda 2 orta məktəb, yaşayış binaları yerləşir.

Parkda oturan təqaüdçülərə yaxınlaşdıq. Onların da şikayəti eynidir, parka baxan yoxdur.
Nəsimi Vahabov adlı rayon sakini saytımız vasitəsilə Xətai rayon İcra Hakimiyyətinə müraciət etdi: "Burada kimsə bina tikmək, obyekt açmaq istəsəydi, çoxdan parkı sökməyə adam tapılmışdı. Amma təmir etməyə, abadlaşdırmağa heç kim tapılmır. Axı burada şəhidimizin büstü, adı var. Bu parkın bərbad halda saxlanması ilk olaraq şəhidimizə sayqısızlıqdır. Sizin vasitənizlə Xətai rayon İcra Hakimiyyətinə müraciət edirəm. Xahiş edirəm, parkı təmir edin, ayıbdır".

Məlumat üçün bildirək ki, şəhid Şahin Məmmədov 18 avqust 1965-ci ildə Göyçə mahalının Krasnoselski (Çəmbərək) rayonunda anadan olub. 1988-ci ildə erməni millətçilərinin təzyiqi nəticəsində ailəsi ilə birgə Bakı şəhərinə köçüblər. Həmin il Bakı Plan-Uçot Texnikumuna daxil olub. Montin Maşınqayırma Zavodunda çilingər işləyib. 1991-ci ildə ailə həyatı qurub və bir qız övladı olub.

1994-cü ilin yanvar ayında Milli Orduya gedib. Elə həmin ayda da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olub.
Xətai RİH-dən şəhidə hörmətsizlik - FOTOLAR
Xətai RİH-dən şəhidə hörmətsizlik - FOTOLAR
Xətai RİH-dən şəhidə hörmətsizlik - FOTOLAR
Xətai RİH-dən şəhidə hörmətsizlik - FOTOLAR
Xətai RİH-dən şəhidə hörmətsizlik - FOTOLAR