BolgeXeber.Com » Xəbərlər » Eldar Yunusov dəyişməlidir, ya da getməlidir… - Əks halda...

Eldar Yunusov dəyişməlidir, ya da getməlidir… - Əks halda...

5-05-2016, 13:12
Oxunub: 2 826 Eldar Yunusov dəyişməlidir, ya da getməlidir… - Əks halda...“Uşaq dərsini hazırlamır, uşaq ədəbiyyatına meyilli deyil, oxumaq da istəmir”

Eldar Yunusov dəyişməlidir, ya da getməlidir…
1-ci yazı

“Uşaq dərsini hazırlamır, uşaq ədəbiyyatına meyilli deyil, oxumaq da istəmir”. Bu fikirləri bəzən orta məktəbdə oxuyan şagirdlərin valideynlərindən- övladının sabahına biganə qalmayan şəxslərdən tez-tez eşidirik. Əslində qulaqardına vurduğumuz həmin fikirlərin gələcəkdə hansı fəsadlara yol açacağının fərqinə varmırıq. Belə mülahizələrin səslənməməsi pis tendensiyaya yol açmaması üçün bugünkü körpənin, gələcək orta məktəb şagirdinin, sabahkı gəncin cəmiyyətin sağlam üzvünə çevrilməsi üçün mütləqdir ki, məktəbəqədər təhsil inkişaf etsin.

Belə demək mümkündürsə, Prezident Adminstrasiyasının Humanitar Məsələləri üzrə Şöbəsinin müdiri xanım Fatma Abdullazadənin haqlı olaraq qeyd etdiyi kimi, bağça və uşaq evləri uşaqlar üzərində qaravolçuluq prinsipinə əsaslanmamalıdır.

Orada əsl məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr həyata keçirilməlidir. Xüsusilə körpələrin təliminin pedoqoji qanunlar əsasında öyrədilməsi tərbiyəçilər tərəfindən lazımınca yerinə yetirilməlidir. Təbiyəçi, müəllim bilməlidir ki, təlim olmadan onun tərbiyə etdiyi körpə sabah nümunəvi məktəbli, sonrakı mərhələdə intellektual bir gənc ola bilməz. Və ya həmin uşaqda böyüyəndə rəzil əxlaqın formalaşması mümkündür ki, bu da xalqın, dövlətin mədəni inkişafına əngəldir. Uşaqlarda körpəlikdən inandırma, yetişdirmə, ərsəyə gətirmə olmasa, körpənin 1-ci sinfə gedəndə mənimsəmə, qavrama qabiliyyəti olmayacaq və ya çox aşağı səviyyədə olacaq.Çünki təlim olmadan tərbiyə, tərbiyə olmadan isə təhsilin olması mümkünsüzdür. Təlim olmadan 3-5 yaşlı uşaqlarda əxlaq tərbiyəsinin əldə edilməsi çətin olur, bəzən də mümkün olmur. Körpə davranış tələblərini təlimin əsasında başa düşə bilir. Və bunu təbii ki, savadlı tərbiyəçi müəllimlərin nəzarəti altında qavrayır. Bir sözlə, körpənin təlimi yoxdursa, tərbiyəsi və təhsili də formalaşmır. Körpə sabahkı şagirddir və onun ev tapşırığını müstəqil şəkildə icra etməsi özünütəlimdir. Prosesdən qazanılan bilik özünütəhsildir. Bu varsa, körpənin inkişafında şüur, təfəkkür, məhsuliyyət hissi, intizam, əxlaq hamısı ümumilikdə formalaşır və bu özünütərbiyə adlanır. Hər halda elm belə deyir və bu ruhda böyüyən gənc oğurluq, cinayət, intihar və s. xoşagəlməz hallardan uzaq olur. Bütün bunların əsası və bünövrəsi məktəbəqədər təhsil müəssisələrində qoyulur. Demək, biz bu gün qışqırırıqsa, çağırışlar ediriksə ki, təhsili inkişaf etdirməliyik, bunları, o cümlədən, orta məktəbdən əvvəl uşaq bağçaları və uşaq evlərində axtarmalıyıq. Bunu orada məktəbəqədər pedaqogika elmini bilən tərbiyəçi müəllimlərdən istəməliyik. Körpə 1-ci sinfə hazırlıqlı gəlməlidir. Əslində biz şagird üçün baza olan məktəbəqədər təhsil müəssisələrini inkişaf etdirib, diqqəti ora yönəltməliyik. Bunlar olmazsa, gələcəkdə intihar, oğurluq, cinayət hadisələrinin sayını minimuma sala bilmərik. Görünən odur ki, Təhsil Nazirliyindən alınıb Bakı şəhər İcra Hakimiyyətinə verilən məktəbəqədər təhsil müəssisələrində köklü islahatlar aparılmalıdır. Yəni hazırkı şəraitdə köhnə müdirlər, köhnə qaydalar və s. aradan qaldırılmalıdır. BŞİH-ə həvalə edilən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi köklü islahatlara başlayıb, mövcud vəziyyəti dəyişməlidir. Sözügedən şöbənin müdiri Eldar Yunusov dərindən düşünməli, KİV-də ətraflı danışmalıdır. Kabinetində oturub, hər “ayın sonunu” gözləmədən əməli işlə məşğul olmalıdır. Mətbuata açıq olmalı, bağça və uşaq evlərindəki durumu öyrənmək üçün işlək komissiyanın yaradılması təşəbbüsü ilə çıxış etməlidir. Bir sözlə, işləməlidir, bəlkə də, başqa şəxslə əvəzlənməlidir. Bu ayrıca bir yazının mövzusudur. Düzdür, Təhsil Nazirliyindən alınaraq Bakı şəhər İcra Hakimiyyətinə verilən məktəbəqədər təhsil müəssisələrində haradasa, inkişaf var. Amma bu, Eldar Yunusovun yox, Hacıbala Abutalıbovun tələbkarlığı nəticəsində olub. Yoxsa ,vəziyyət əvvəlki kimi, acınacaqlı olaraq qalardı.

Hazırki şəraitdə uşaqlara qaravolçuluq edən müəllimlərin mütləq əksəriyyəti məktəbəqədər pedaqogikanı bilmir və onları təkmilləşdirmək üçün çalışmaq lazımdır. Bu işdə Eldar Yunusovla yola davam uyğun olmazdı. Bundan sonra təsadüfi şəxsləri belə müəssisələrə işə götürmək yolverilməz sayılmalıdır. Uşaqların fərdi xüsusiyyətlərinin məqsədyönlü şəkildə inkişaf etdirilməsi üçün hər şeyi nəzərə alıb savadlı, tərbiyəçi müəllimlər yetişdirilməlidir, bir çox bağça müdirləri əvəzlənməlidir. Yoxsa, Misir Mərdanov dövründə olduğu zaman ərzaq əvəzinə boş faktura alan müdirlərlə hazırda da işlənilirsə, körpə uşaqların hesabına yığdıqları varidatı genişləndirməyə imkanlar yaradılırsa, körpələr bağçaya 300-500 manata götürülürsə, demək, məktəbəqədər təhsilin inkişafından söhbət gedə bilməz. Keçmişdə olduğu kimi, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınacaqsa, “köhnə hamam, köhnə tas”da qalacaq. Bundan başqa, pul verməyən valideynin istedadlı uşağı bağçaya götürülməyəcəksə, bağçalarda aylıq pul verməyə valideynlər məcbur ediləcəksə, körpələrə hər gün makaron yedizdiriləcəksə, demək yanaşma dəyişməz olaraq qalacaq. Gigiyenik tələblər də qorxulu bir şəkildə təzahür edəcək. Körpələrin pastelləri valideynlərinin qoltuğuna veriləcək, özlərinə yuduzdurulacaq. Elə bu səbəbdən nə qədər gec deyil, Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi yuxarıda göstərdiyimiz məsələlərə ciddi yanaşıb, köklü dəyişikliklərə imza atmalıdır.

Yoxsa, üç il müddətində orta məktəb dərsliklərində bugünkü günə qədər problemləri həll edə bilməyən Mikayıl Cabbarov və komandası məktəbəqədər təhsil müəssisələrinin nazirliyə birləşdirilməsini təmin edəcəkdir. Çünki, ictimai rəydə zəmin yaradıb, aparılan müzakirələrdə müəyyən ekspert və mütəxəssislər bu “yorğan davasında” Təhsil Nazirliyinin tərəfini tuturlar. Məsələn, təhsil sahəsi üzrə ekspert Etibar Əliyev daha həmişəkitək təhsildəki bərbad durumu dilə gətirmir, amma deyir: “Məktəbəqədər təhsil müəssisələrinin yenidən Təhsil Nazirliyinin nəzdinə verilməsi, istər məzmun, istər tərbiyə işinin təşkili baxımından məqsədəuyğundur. BŞİH-nin kadr potensialı yoxdur”. Kadr və kadr potensialı- məsələ belə qoyulur, BŞİH qınanılır. Yuxarı dairələrdə tezliklə məktəbəqədər təhsil müəssisələrinin BŞİH-dən alınaraq Təhsil Nazirliyinə qaytarılması məqsəd kimi hədəflənir, dilə gətirilir. Daha məsələnin prezident sərəncamına bağlı olduğu, məqsədəuyğun deyildirsə, məktəbəqədər təhsil müəssisələrinin BŞİH-nin nəzdinə nədən verilməsi fikirləşilmir.

Bu səbəbdən BŞİH Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri Eldar Yunusov tələb olunan səviyyədə işləməyə məcbur edilməlidir…

Əks halda Allah bilir, növbəti 10 ildə yetişən körpələrdən nə qədər cinayətkar, oğru, təhsilsiz, mədəni səviyyəsi aşağı gənclik formalaşacaq. Bu da yuxarıda qeyd etdiyimiz kimi iqtisadi cəhətdən inkişaf edən xalqın, dövlətin mədəni inkişafına maneədir.

BŞİH-yə verilən Bakı şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi ilə əlaqə yaradıb, məsələyə aydınlıq gətirmək istəsək də, bu, mümkün olmadı.
Faktinfo.az