BolgeXeber.Com » Xəbərlər » İsmayıllı yollarında asfalt defisiti

İsmayıllı yollarında asfalt defisiti

6-05-2016, 09:58
Oxunub: 2 665 İsmayıllı yollarında asfalt defisiti10 saylı Yol İstismar İdarəsinin rəisi Məhəmməd Musayev köhnə asfalt örtüyün bir maşınını 100 manata satdırır

Qəzetimizin ötən saylarında biz, bəzi rayonlarda yerləşən Yol istismar idarələrinin qeyri-qənaətbəxş fəaliyyəti barədə tənqidi materiallar dərc etmişik. O cümlədən bizimdovr.az-a yeni daxil olan məlumatlarda İsmayıllı rayonu 10 saylı Yol İstismar İdarəsinin rəisi Məhəmməd Musayevin yarıtmaz fəaliyyətini ifşa edən bəzi faktlar təqdim olunub. Həmin məlumatlarda diqqət mərkəzinə çəkilən əsas məqam budur ki, idarə rəisi rəhbərlik etdiyi Yİİ-nin resurs və vəsaitlərindən daha çox şəxsi mənfəəti naminə istifadə edir. Həmçinin məlumatlarda bildirilir ki, M.Musayev ayrılan material və vəsaitlərin məqsədyönlü istifadəsini təmin etmir. Əksinə, vəsait və texnikadan daha çox şəxsi sifarişlərin yerinə yetirilməsi üçün istifadə olunur. Təbii ki, bu sifarişlərin icrasından əldə olunan milyonlarla gəlirdən də heç bir vergi ödənişləri həyata keçirilmir. Bütün bunlara baxmayaraq idarə rəisi bu qeyri-qanuni fəaliyyətinə nə Vergilər Nazirliyinin müvafiq strukturları, nə də İsmayıllı rayon rəhbərliyi heç bir müdaxilə edə bilmirlər.

Məlum olduğu kimi, bu gün ölkə ərazisində mövcud yolların təmir və bərpası, yeni yolların, körpü və tunellərin salınması bir tərəfdən Azərbaycanın iqtisadi inkişafının göstəricisi kimi çıxış edir, eyni zamanda da bu inkişafın hərəkətverici amillərindən biri kimi böyük əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsi respublikamızın bütün şəhər və rayonlarında quruculuq və abadlaşdırma işlərinin böyük vüsətlə həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Biz əvvələr də dərc etdiyimiz materiallarda dəfələrlə qeyd etmişik ki, bu işlərin həyata keçirilməsində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin məhsuldar fəaliyyəti müstəsna əhəmiyyət daşıyır. Bu fəaliyyət öz təzahürünü ölkə ərazisində yolların əsaslı təmirində, yeni magistral yolların və yol qovşağlarının salınmasında tapır. Təşkilatın əksər strukturları da qarşıya qoyulan vəzfələrin öhdəsindən ləyaqətlə gələrək ASC-nin ümumi iş göstəricilərinin yüksəlməsinə öz tövhələrini verirlər. Qeyd etmək lazımdır ki, “Azəravtoyol” ASC-nin bu fəaliyyəti dövlətimiz tərəfindən də kifayət qədər yüksək qiymətləndirilir. Lakin təəssüflər olsun ki, bu münasibət ASC-nin bəzi struktur rəhbərlərində yolverilməz ambisiyaların formalaşmasına da səbəb olur. Artıq qeyd olunduğu kimi “Azəravtoyol” ASC-nin rayonlarda fəaliyyət göstərən bəzi yol istismar idarələrnin rəhbərləri ümumi nailiyyətlər fonunda öz yarıtmaz fəaliyyətlərini pərdələmək taktikasına daha çox meyllidirlər. Bu idarə rəhbərlərinin işlərində yol verdikləri ciddi nöqsanlar, bəzi hallarda isə hətta kobud qanun pozuntuları diqqəti cəlb edir, yerli ictimaiyyətin haqlı narazılıqlarına səbəb olur. Elə İsmayıllı rayonu 10 saylı Yol İstismar İdarəsinin fəaliyyəti də bu dediklərimizin bir əyani sübutudur.

Həmçinin aldığımız məlumatlarda qeyd olunur ki, M.Musayev rəhbərlik etdiyi Yİİ-də əksər maxinasiyaları, o cümlədən şebelin və digət materialların, hətta təmir olunan yoldan xüsusi texnkanın vasitəsilə “qaşınaraq” çıxarılan köhnə asfalt örtüyünün satışını əsasən Elşad adlı bir əməkdaşının əli ilə həyata keçirir. Mənbə vurğulayır ki, Elşad köhnə asfalt örtüyün bir maşınını müxtəlif obyektlərə 100 manata satır...

Ümid edirik ki, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ən qısa zamanda bu məmurun fəaliyyətini ətraflı araşdıracaq və 10 saylı Yol İstismar İdarəsinin normal fəaliyyətinin təmin edilməsi üçün bütün lazımi tədbirləri həyata keçirəcəkdir.(bizimdovr.az)

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.