BolgeXeber.Com » Xəbərlər » İntihar edən bələdiyyə sədrinin xanımından icra başçısına ittihamlar...

İntihar edən bələdiyyə sədrinin xanımından icra başçısına ittihamlar...

7-05-2016, 09:15
Oxunub: 3 201 İntihar edən bələdiyyə sədrinin xanımından icra başçısına ittihamlar...Firəngiz Əliyeva: “Fəxrəddin deyirdi ki, məni də Zakir kimi öldürəcəklər”

Gədəbəyin Düzyurd bələdiyyəsinin sədri Fəxrəddin Kamil oğlu Əliyevin intiharının səbəbi araşdırılır. Bu haqda qəzetimizə mərhumun həyat yoldaşı Firəngiz Əliyeva məlumat verib.
“O adamların adını da mənə Fəxrəddin demişdi”

O deyib ki, Gədəbəy Rayon Prokurorluğunda olaraq həyat yoldaşının özünü öldürməsinə sövq edən şəxslərin kimliyi haqda bildiklərini açıqlayıb: “Həyat yoldaşım ziyalı adam idi. O, Talakənd kənd orta məktəbinin direktoru idi. Bələdiyyəyə onu zorla təyin etmişdilər. Onun heç kimlə işi yox idi. O adamların adını da mənə Fəxrəddin demişdi. Mən həmin adamları nə tanıyırdım ki? Fəxrəddin deyirdi ki, Düzyurd kənd İnzibati Ərazi Dairəsinin sədri Vahid İsrafil oğlu Kazımov və Gədəbəy İcra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nizaməddin Qılıcov mənə təzyiq göstərirlər, filan sənədə qol çək deyir, möhür qoy deyirlər. Onu tez-tez rayon mərkəzinə çağırırdılar. Bezmişdi. Hər dəfə çağıranda ona deyirdim ki, birgə gedək, möhürü qoyaq qarşılarına, deyək əl çəksinlər. Fəxrəddin yaxşı adam idi, amma çəkinən idi. O, qanundan kənar nəsə etməzdi. Saxta işlərdən qorxurdu, belə əməllərdən uzaq idi, axırda da gəldi, deyirdi ki, məni də Zakir kimi öldürəcəklər. Zakir ondan əvvəl bələdiyyənin sədri idi, ürəyi partladı, öldü. Ona da təzyiq etmişdilər. Onu misal çəkirdi ki, vəziyyətini başa salsın, yəni özü də elə olar. Deyirdi ki, Nizaməddinlə Vahid mənim üstümə çox gəlirlər, deyəsən mənim də axırıma çıxacaqlar. Onu tez-tez icraya çağırırdılar. Belə başa düşürəm ki, başçı deməsə idi, çağırmazdılar. Onlar kimdirlər ki, başçı deməmiş Fəxrəddini ora çağırsınlar? Mənim fikrim budur.
Fəxrəddin intihara çox pis baxırdı, deyirdi ki, adam niyə özünü öldürməlidir? Axırda da belə oldu...”

F.Əliyeva deyir ki, həyat yoldaşının intiharı onun zorla bələdiyyə sədri təyin olunması, sonradan isə ondan hesabat tələb edilməsi ilə əlaqədardır: “O cür ziyalı adamı elə vəziyyətə gətirdilər ki, belə bir addım atdı”.

F.Əliyeva həyat yoldaşının digər şəxs tərəfindən asılmasını istisna edir: “O kəndir bizim maşında idi. Maşın dartmaq üçün qarmaqlı kəndir idi. Yəni həmin kəndirin yerini kim bilə-bilərdi ki? Onu o vəziyyətə gətirmişdilər ki... O, Gədəbəyə, icra hakimiyyətinə gedib-gələndən sonra özündə deyildi. Ondan soruşdum ki, nə olubmu, cavab verdi ki, ondan “otçot” tələb edirlər. Prokurorluqda da nə bilirdimsə dedim. Çünki yoldaşım həmin adamların adını mənə demişdi. Bu hadisədən 15 gün əvvəl Vahid Fəxrəddinin telefonuna zəng etmişdi, ona zəng çatmamışdı deyə mənim telefonuma zəng çalmışdı. Fəxrəddini soruşdu, dedim məktəbdədir. Ona həmin gün dedim ki, ay Vahid, səni and verirəm Allaha, nə olar, qurban olum, başına dönüm, mənim yoldaşım qorxaq adamdır, ondan bələdiyyənin möhürünü alın. Danışığından bildim ki, Nizaməddin də yanındadır. Vahid Nizaməddinə dedi ki, gördün Fəxrəddinin yoldaşı nə deyir? Ona dedim ki, siz Fəxrəddini məcbur etdiyinizə görə sizdən “qaynar xəttə” şikayət verəcəyəm. Bunu dedim, Vahid telefonu söndürdü”.
F.Əliyeva deyir ki, Gədəbəy Rayon Prokurorluğunda başlanmış araşdırmanın nəticəsini gözləyirlər: “Dünya dərəbəylik deyil ki? Araşdırsınlar, günahkarları cəzalandırsınlar”.

Qeyd edək ki, bir neçə gün əvvəl mərhumun oğlu Elvin Əliyev qəzetimizə açıqlama verərək atasının ölümündə 2 məmurun adını çəkmişdi. Elvin Əliyev atasının intiharı onun zorla bələdiyyə sədri təyin edilməsi ilə əlaqədardır.

Sitat: “Atamı 3 ay əvvəl zorla Düzyurd bələdiyyəsinin sədri qoydular. Bunu edən Düzyurd kənd İnzibati Ərazi Dairəsinin sədri Vahid İsrafil oğlu Kazımov və Gədəbəy İcra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nizaməddin müəllim idi. Bu adamlar atama hədə-qorxu gəlirdilər. Deyirdilər, ”səni tutdurarıq, öldürərik. Bələdiyyənin möhürünü götürməlisən". Atam da demişdi ki, mən möhürü götürə bilmərəm, 2 vəzifəni necə daşıyım? Atam məktəb direktoru idi. Onu məcbur elədilər ki, bələdiyyə sədri olsun. Bələdiyyənin möhürünü zorla atama verdilər. Sonra da ona hədə-qorxu gəlməyə başladılar”.

E.Əliyev atasının bələdiyyə sədrliyindən azad edilməsi üçün Gədəbəyin icra başçısı Ramiz Yediyarova 5 dəfə məktub yazdığını da açıqlamışdı. Baş Prokurorluğun mətbuat xidməti F.Əliyevin intihar həddinə çatdırılması ilə bağlı rəsmi məlumat yaymışdı.

19 aprel 2016-cı il tarixdə saat 07 radələrində Gədəbəy rayonunun Talakənd doqquzillik məktəbinin direktor əvəzi, 1955-ci il təvəllüdlü Əliyev Fəxrəddin Kamil oğlunun yaşadığı evin həyətində asılmış vəziyyətdə meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.